Dil hər bir xalqın milli kimliyinin daşıyıcısıdır. Onu qorumaq, yaşatmaq əslində xalqın özünün varlığını qoruması, mövcudluğunu davam etdirməsi deməkdir. Ümumilli lider Heydər Əliyev də Azərbaycan dilinə daim bu nöqteyi nəzərdən yanaşırdı. Ulu öndərin dövlət siyasətinin vacib istiqamətlərindən birini məhz dil siyasəti təşkil edirdi.
Azərbaycan dili müxtəlif dövrlərdə, müxtəlif təzyiqlərə, təsirlərə məruz qalıb. Amma ulu öndərin həm şəxsi təşəbbüsləri, həm də cəsarətli addımları nəticəsində hələ Sovet dövründə Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi üçün mühüm addımlar atılıb. Bildiyimiz kimi, sovet dövründə təkcə Azərbaycanda deyil, digər türkdilli respublikalarda da ana dilinə kifayət qədər ciddi təzyiqlər var idi. Ələlxüsus, milli-mənəvi dəyərlərin qorunub-saxlanması və inkişafı istiqamətində. Belə bir mühitdə dahi liderin iradəsi sayəsində Azərbaycan SSRİ-nin dövlət dilinin Azərbaycan dili elan edilməsi mühüm və cəsarətli bir addım idi. Dövlət tədbirlərində Azərbaycan dilində danışmaq, Azərbaycan dilinə aid əsərlərə xüsusi diqqət yetirmək, Azərbaycan dilli ədəbiyyatı yaradan böyük şəxsiyyətlərin xüsusi dövlət mükafatlarına layiq görülməsi və konstitusiyada Azərbaycan dilinin dövlət dili olaraq təsbiti üçün ümumittifaq miqyasında mübarizə aparmaq ulu öndərimizin sonralar xatırladığı kimi: o qədər də asan başa gəlmədi. Ulu öndərin bu sahədə gördüyü işlər içərisində 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi ən əhəmiyyətlisi idi. Və bundan sonra Azərbaycan dilinin istifadəsində yeni mərhələ başladı. Beləliklə, bizlər yaxın keçmişə baxdıqda görürük ki, Sovet dövründə ulu öndər öz şəxsi timsalında Azərbaycan dilinə olan sevgini, məhəbbəti təbliğ edirdi. Bu isə Azərbaycanın müstəqilliyi dövründə Azərbaycan dilinin bu qədər yüksək səviyyəyə qalxmasının əsası hesab edilir. Bu əsaslar olmasaydı təbii ki, müstəqillik qazandıqdan sonra qısa zaman içərisində ana dilimizi yüksəltmək mümkün olmazdı.
Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ana dilinin həyatında yeni bir dövr, yeni bir mərhələ başlandı. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu öz əksini tapdı. Ulu öndər tərəfindən bu sahədə atılan addımlar həm ədəbiyyatımızın inkişafında, həm dilimizin tədrisi məsələlərində, həm də Azərbaycan dilinin ümumtürk dilləri konteksində araşdırılması sahəsində böyük uğurlar qazanmasına gətirib çıxardı.
Milli dövlətçiliyimizin əsas institutlarından olan Azərbaycan dilinin milli, mənəvi, siyasi, hüquqi statusunun möhkəmləndirilməsi Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Bunu dövlət başçımızın ana dili və onun inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, habelə onların əhatə etdiyi miqyas da aydın göstərir. Bunlara misal olaraq, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında”, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” fərman və sərəncamları göstərmək olar. Şübhəsiz ki, bütün bunlar ana dilimizin həyatına yeni reallıqlar gətirdi. Qısa müddətdə kütləvi nəşrlərin latın qrafikasına keçidi təmin olundu. Görülən bütün işlər ana dilinin inkişafında ciddi hadisələr idi və onun hərtərəfli inkişafına böyük təkan verdi. Azərbaycan dilinin nüfuz dairəsi daha da genişləndi, beynəlxalq münasibətlər sisteminə, diplomatiya aləminə yol açdı. Doğma dilimizə, milli mənəvi dəyərlərimizə xüsusi həssaslıqla yanaşan cənab Prezident İlham Əliyevin liderliyi ilə bu siyasət keyfiyyətcə yeni məzmun qazandı.
Xalqımızın taleyinin tərcümanı olan ana dilimiz zaman-zaman təzyiqlərə, məhrumiyyətlərə, qadağalara dözüb bu günümüzə gəlib çatıb. Göründüyü kimi, dövlət hər zaman ana dilimizin keşiyindədir. Çünki dil hər bir millətin varlığı və tale məsələsi, mövcudluq və yaşam fəlsəfəsidir. Yuxarıda qeyd etdiyim kimi, dil milli kimlik hadisəsi olduğundan onu qorumaq hər kəsdən vətəndaşlıq mövqeyi tələb edir. Hər bir xalqın dili təkcə həmin xalqa mənsub insanlar arasında ünsiyyət vasitəsi deyil, həm də daha çox onun tarixi yaddaşı, təfəkkür tərzi, mədəniyyəti, dünyagörüşü və psixologiyası ilə zəngindir. Qloballaşma şəraitində ana dilimizi qorumaq, inkişaf etdirmək, onu gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin, bütövlükdə cəmiyyətin borcudur.
Şəbnəm Eldarova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi