21 aprel 2022 21:11
567

Hər bir xalqın varlığını təsdiq edən başlıca amil onun dilidir

“Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq, millət ola bilməz. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Şərq ölkəsinin əsarəti altında olduğumuz zaman da, sovet imperiyasının tərkibində olduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki yaşatmışıq, onu inkişaf etdirmişik”.

30 dekabr 1997-ci il, Ümummilli lider Heydər Əliyevin Azərbaycan yazıçılarının X Qurultayındakı çıxışından

Hər bir xalqın özünəməxsusluğunun birinci elementi onun ana dilidir. Həqiqət budur ki, dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən seçilib-ayrıla bilməz. Azərbaycan xalqının milli sərvəti sayılan Azərbaycan dili bugünkü inkişaf səviyyəsi ilə dünya dillərindən yaxşı mənada fərqlənsə də unutmaq olmaz ki, yaxın keçmişdə dilimiz dəfələrlə ciddi sınaqlarla üzləşmiş və bu sınaqların hər birindən qalib ayrılmışdır. Yazımızda SSRİ dövründə ana dilimizin üzləşdiyi çətinliklər və Heydər Əliyevin bu məsələdə tutduğu prinsipial mövqedən bəhs etməyə çalışacağıq.

Məlumdur ki, Azərbaycanın yeni tarixinin mütləq əksəriyyəti  Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O cümlədən, Azərbaycan dilinin dövlət dili olması uğrunda da ulu öndər böyük bir mübarizə nümunəsi göstərmişdir. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri nümayiş etdirmişdir. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdir ki, bütün bunlar ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsinə hesablanmış məqsədyönlü addımlar idi. Bunlarla kifayətlənməyən Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. O dövrün reallıqları nəzərə alındığı halda bu hadisənin necə böyük bir məna ehtiva etdiyi daha aydın dərk edilir. 1978-ci ildə qəbul edilmiş Konstitusiya haqqında danışarkən Ulu Öndər o günləri belə xatırlayırdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, heç kəs sizə mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Ancaq siz nə üçün bizə mane olursunuz...Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində böyük hadisə oldu”.

Bəli, dilimizin tarixi təşəkkülündə bu hadisənin yeri miqyasa gəlməyəcək qədər böyükdür. Çünki dil hər bir dövlətin, hər bir xalqın ən başlıca xüsusiyyətlərindən biridir. Vaxtilə Azərbaycanın böyük şairi Süleyman Rüstəm dilimizin sabahını düşünərək bir vətəndaş kimi etiraz səsini qaldıraraq demişdir: “Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə, Sənin də bağın var, gülün var, çəkin, Bağıma əkdiyim gülümə dəymə”. Dillə bağlı daha bir görkəmli şairimizin fikirlərini xatırlatmaq yerinə düşərdi. Azərbaycan SSR xalq şairi Bəxtiyar Vahabzadənin 1967-ci ildə  yazdığı “Latın dili” şeirindən bir hissə. “Latın dili!-Millət ölüb, dil yaşayır.“Ana” deyən, “torpaq” deyən, “Vətən” deyən yox bu dildə. Ancaq yenə yaşar bu dil. Sabah bizim ərzimizin sərhəddindən o yana da qoşar bu dil..... Hansı dilə ölü deyək:Vətən varkən, millət varkən, kiçik, yoxsul komalarda dustaq olan bir diləmi? Yoxsa, uzun əsrlərdən keçib gələn, xalqı ölən, özü qalan bir diləmi?”. Hər iki şair dilimizin sıxışdırılmasına qəlb yanğısı ilə qarşı çıxır, doğma dilimizin azad istifadəsi üçün can yandırırdılar. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, bütün bunlar geridə qalıb. Artıq azad və suverən bir ölkənin vətəndaşı olaraq hər bir azərbaycanlı öz dilini fəxrlə, qürurla istifadə edir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda yeni üfüqlər açıldı. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutdu. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Sonrakı dövrdə də Azərbaycan dilinin inkişafı, təkmilləşdirilməsi, zamanın tələblərinə uyğun istifadəsi və saflığının qorunması  məqsədilə müxtəlif sənədlər imzalandı, Sərəncamlar verildi. Bütün bunlar yalnız bir amala xidmət edirdi: Varlığımızın ilk amili olan doğma dilimizin qorunması və inkişaf etdirilərək sonrakı nəsillərə ötürülməsi. Unutmayaq ki, torpaq fiziki varlığımızın vətəni olduğu kimi, ana dilimiz də mənəvi dünyamızın beşiyidir. Bu mənada ümummili lider Heydər Əliyevin Azərbaycan dilinə tarixi sevgisinin sonsuzluğu, Prezident İlham Əliyevin ana dilimizin qorunması və zənginləşdirilməsi zərurətinə diqqətinin ciddiliyi hər bir soydaşımızın öz ana dilinə münasibətində örnək və tələb olmalıdır.

Aysel Qəribli,
Pirallahı rayon MKTB-nin əməkdaşı, YAP Pirallahı rayon təşkilatının üzvü