Bildiyimiz kimi, 2022-ci ilin aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə bir sıra mühüm məsələlələrə toxunulmuşdur ki, onlardan biri də vətənimizin beynəlxalq təşkilatlarla əlaqələridir. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr icra edilmiş və ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik. Belə təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır.
Qeyd edək ki, Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Qoşulmama Hərəkatı ilə bağlı münasibətləri şərh edərkən cənab Prezident İlham Əliyev bildirmişdir: “BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bildiyiniz kimi, bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə bizim sədrliyimiz bir il daha da uzadıldı. Bu, bizə göstərilmiş böyük etimadın təzahürüdür. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir və hesab edirəm ki, müharibədən sonra bu istiqamətdə əlavə önəmli hadisələr baş vermişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur”.
Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olma xüsusiyyətini daşıyır. Qoşulmama Hərəkatı müharibəyə qədər olduğu kimi müharibə və post-müharibə dövründə də Azərbaycana açıq dəstəyini ifadə etmişdir. Əlbəttə, beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu. Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında hərəkat mühüm platformaya sahibdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və bu istiqamətdə görülmüş və görüləcək işlər Qoşulmama Hərəkatının Azərbaycan üçün beynəlxalq müstəvidə yüksək naliyyətlər əldə etməsinə şərait yaradacaqdır.
Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir. Ölkəmiz 2023-cü ilədək Qoşulmama Hərəkatına sədrlik edəcək. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak edilmişdi. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq etməkdədir.
Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam etməklə pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyənləşdirilməsi üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksəksəviyyəli iclasının keçirilməsinin vacibliyi göz önündədir. Pandemiyanın yaratdığı çətinlikləri nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi də məqsədəmüvafiqdir.
Bəxtiyar Nəbiyev,
YAP Yasamal rayon təşkilatının sədri