18 aprel 2022 18:26
800

3+3 əməkdaşlıq formatının işə düşməsi Azərbaycanın növbəti diplomatik qələbəsidir

2022-ci il 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə cari  ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə, xususilə işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirilməsi məsələləri Cənab Prezidentimiz İlham Əliyev tərəfindən qeyd olunmuşdur. Bu istiqamətdə əsas məsələlərdən biri də “3+3” formatında görüşlərin keçirilməsidir. 44 günlük vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra  Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar bölgədə davamlı sülh və sabitliyin bərqərar olması üçün geniş imkanlar açır.

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən “3+3” formatında regional əməkdaşlıq platforması böyük əhəmiyyət kəsb edir. Sözügedən platforma Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan arasında iqtisadi, kommunikasiya  əlaqələrinin qurulmasını nəzərdə tutur ki, bu da bütövlükdə regionun mənzərəsini əhəmiyyətli dərəcədə dəyişəcək. Gürcüstan istisna olmaqla bölgənin digər dövlətləri ötən dövr ərzində “3+3” formatında əməkdaşlıq platformasını dəstəklədiklərini bəyan ediblər. Artıq təşəbbüsün reallığa çevrilməsi üçün praktiki addımlar atılmışdır. Belə ki, 2021-ci ilin dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində regional əməkdaşlıq platformasının ilk iclası keçirilib. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmaqda maraqlı olduqlarını bildirmiş, həmçinin müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilmişdi.“3+3” platformasının əsas məqsədi Cənubi Qafqazı ziddiyyətlər regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyanın nəqliyyat mərkəzinə çevirməkdən ibarətdir.  Hazırda Cənubi Qafqazın ən çox ehtiyac duyduğu məsələ təhlükəsizliyin təminatı və iqtisadi əlaqələrin genişləndirilməsindən ibarətdir. Bu formatın reallaşdırılması regionun təhlükəsizliyi və yeni müharibələrin qarşısının alınması baxımından da vacib əhəmiyyət daşıyır. Bundan əlavə, regionda uzun müddət davam edən münaqişələr iqtisadi, nəqliyyat və logistika əlaqələrinin qurulmasına imkan verməyib. Amma Azərbaycanın Qarabağ zəfəri vəziyyəti dəyişib. Bu qələbədən sonra, xüsusən Ermənistan üzərindən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, bunun üçün zəruri infrastruktun yaradılması, Azərbaycan ərazisindən keçəcək “Şimal-Cənub” layihəsinin reallaşdırılması kimi addımlar Cənubi Qafqaz regionunun qlobal nəqliyyat və logistika sahəsində beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək. Bu da son nəticədə regionda hər üç ölkəyə ciddi dividendlər qazandıracaq. Türkiyə, Rusiya, İran kimi ölkələr də bundan əhəmiyyətli dərəcədə faydalanmaq imkanı qazanacaqlar. Bu isə onu göstərir ki, “3+3” formatı kommunikasiyaların bərpa edilməsi və vahid Cənubi Qafqaz iqtisadi məkanının yaradılması üçün real variantdır. Ən əsası, “3+3” formatlı regional əməkdaşlıq platformasının işə salınması Cənubi Qafqazın iqtisadi inkişafına güclü təkan verəcək.

Cənab Prezident İlham Əliyev keçirilən müşavirədə “3+3” əməkdaşlıq formatının yaxın gələcəkdə ikinci görüşü də keçirilməsinin əhəmiyyəti haqqında danışarkən bildirib ki: "Beləliklə, bir daha demək istəyirəm, müharibədən dərhal sonra apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimiz, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr, bax, bu reallıqlara gətirib çıxarıb. Onu da bildirməliyəm ki, biz beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədə idik. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, 3+3 əməkdaşlıq formatının işə düşməsi də bizi sevindirir. Birinci belə görüş keçirilmişdir. Birinci görüşün gündəliyi yox idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq üçün bir görüş idi. İkinci görüş üçün gündəliklə bağlı bizim planlarımız var, hansı məsələlər orada müzakirə olunmalıdır. Hesab edirəm ki, yaxın gələcəkdə ikinci görüş də keçirilməlidir. Yəni, vaxt itirmək lazım deyil. Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir".

Vasif Nəbiyev,
YAP Yasamal rayon təşkilatının fəalı