12 aprel 2022 21:58
1299

Azərbaycan multikulturalizmin və tolerantlığın beşiyidir

Son illərdə Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini ayrı-seçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühiti özünü açıq şəkildə göstərir. Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün zəruri şəraitin mövcudluğunu, dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini görürük. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqət və qayğının birbaşa təzahürü sayıla bilər. Bu addım bir daha sübut etdi ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır. Ölkəmiz bu gün mədəniyyətlərarası, dinlərarası və sivilizasiyaların təmas mərkəzinə çevrilib. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizmə, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir.  Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar  Alyansı,  Avropa  Şurası,  Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm  Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin  inkişafında  və  təbliğ  edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir.  Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. BMT-nin Sivilizasiyalar  Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.

Azərbaycanda əhalinin 96 faizinin İslam dininə etiqad göstərməsi fonunda ölkəmizdə dinin elmi əsaslarla, vahid konsepsiya əsasında öyrənilməsi və təbliği, neqativ mahiyyətli maarifləndirmə cəhdlərinin qarşısının alınması son dərəcə vacibdir. Müstəqilliyin ilk illərində gənclərin dini təhsil almaq üçün İran, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələrə üz tutmaları, bir çox hallarda destruktiv mahiyyətli təriqət və məzhəblərin ideoloji təsirləri altına düşmələri, mövhumatçılığa yuvarlanmaları milli maraqlarımızı və təhlükəsizliyimizi ciddi şəkildə təhdid edirdi.

Ölkə başçısı İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı bir daha göstərdi ki, ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Bu gün Azərbaycan gəncliyinin milli-mənəvi dönyagörüşünün formalaşması, cəmiyyətdə əxlaqlı insan kimi yetişməsi hər zaman üçün mühüm əhəmiyyət kəsb edən məsələ olmuşdur. Bu baxımdan İslamın düzgün tədrisi və təbliği, dini maarifləndirmə tədbirləri gənclərimizin müxtəlif zərərli vərdişlərdən qorunmasına xidmət edir. Dini ali təhsilin inkişafı Azərbaycanda tolerant və muktikultural dəyərlərin inkişafına ciddi təkan verir, sağlam mənəvi mühit formalaşdıraraq dözümsüzlük, fanatizm, ksenofobiya və ekstremizm kimi neqativ meyillərin qarşısını alır. Dini biliklər və maarifləndirmə gənclərin mənəvi təhlükəsizliyini gücləndirir, onlarda zərərli vərdişlərə qarşı mübarizlik yaradır, məzhəbçiliyi və dini radikallığı aradan qaldırır.

Nilufər Mustafaqızı, “İki sahil”