Qədim tarixə malik Azərbaycan həm də zəngin idman ənənələrinə malik ölkədir. Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdi. Həmin dövrdə dövlətdə anarxiya, hərc-mərclik hökm sürürdü. Daxili çaxnaşmalarla yanaşı, bir tərəfdən də siyasəti terror üzərində qurulmuş Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın ələ keçirilməsi intensivləşmişdi. Sadalanan amillər bütün sahələr kimi, respublika idmanına da təsirsiz ötüşmədi. Cərəyan edən hadisələr Azərbaycan idmanına ağır zərbələr vurdu, onun inkişafına ciddi əngəllər törətdi.
1990-1993-cü illərdə bir çox idman mərkəzləri, klublar baxımsızlıq ucbatından yararsız vəziyyətə düşdü, hətta idman ləvazimatları məhv edildi, yararsız vəziyyətə salındı. Ölkənin ağır iqtisadi, sosial vəziyyəti yüksək ixtisaslı və perspektivli, potensiallı idmançıları, mütəxəssisləri, məşqçiləri Azərbaycanı tərk etməyə məcbur etdi. Beləliklə, idman tamamilə nəinki qayğıdan, bütövlüklə dövlətin nəzərindən kənarda qaldı.
1993-cü ilin oktyabrın 3-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmana münasibət köklü sürətdə dəyişdi. Ulu Öndər ölkədə Olimpiya Hərəkatının və idmanın inkişafına daim diqqət və qayğı göstərirdi. Ümummilli lider Heydər Əliyevin idmançılar və idman xadimləri ilə çoxsaylı görüşlərində Azərbaycan idmanının, Olimpiya Hərəkatının inkişafı məsələləri daim ön plana çəkilirdi.
Ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Yeri gəlmişkən qeyd edək ki, 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirildi. Nazirliyə həvalə edilmiş vəzifələr ölkədə bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı idi.
1995- ci il martın 5-də ulu öndər Heydər Əliyev beynəlxalq yarışlarda uğur qazanan bir qrup idmançı və onların məşqçiləri, eləcə də idman ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü. Həmin görüşdə “İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, siz bundan sonra bu qayğını daim hiss edəcəksiniz” deyən ümummilli lider Heydər Əliyev çox çəkmədi ki, bədən tərbiyəsi və idmana dövlət qayğısını əks etdirən bir sıra Fərman və sərəncamlar imzaladı. Bu sənədlər arasında İdman Fondunun yaradılması xüsusi önəm daşıyırdı.
23 dekabr 1997-ci ildə Milli Məclis “Bədən tərbiyəsi və idman haqqında” Qanun qəbul edildi. 1997-ci ildən, yəni cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə (MOK) prezident seçilməsindən sonra ölkədə Olimpiya Hərəkatının inkişafına və genişlənməsinə bilavasitə cavabdeh olan MOK öz işini dövlətlə sıx əməkdaşlıq şəraitində qurdu ki, bu da əlaqələrin ilbəil daha da genişlənməsinə yol açdı.
Bu müdrik və məqsədyönlü siyasət bu gün də ləyaqətlə davam etdirilir. Ölkə iqtisadiyyatının intensiv inkişafı bütün sosial sahələri, o cümlədən idman və bədən tərbiyəsini əhatə edir. Məhz bu diqqəin və qayğının nəticəsidir ki, bu gün idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırır, beynəlxalq yarışlarda, turnirlərdə himnimizi səsləndirib, üçrəngli ay-ulduzlu bayrağımızı dalğalandırırlar.
Qalib ölkəni təmsil etmək özü idmançılarımızın üzərinə böyük məsuliyyət qoyur. Aprelin 8-də Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən bəyan edib ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir: “İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”. Məlum görüşdə Ali Baş Komandan, Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır: “Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz”.
Güləş ölkəmizdə ən populyar, ən məşhur idman növüdür. Prezident İlham Əliyev xüsusi olaraq qeyd edir ki, həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə, əlbəttə ki, xüsusi diqqət yetirməlidirlər. Ölkə başçısı, həmçinin gələcək yarışlarda Azərbaycanın birinci sıralarda olacağına əminliyini ifadə edib: “Gələcək yarışlara gəldikdə isə iki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik”.
Dövlət başçısı tərəfindən idman sahəsinə göstərilən diqqət, qayğı idmançılara göstərilən etimad, Prezident İlhaam Əliyev tərəfindən edilən təltiflərin hər biri idman ictimaiyyəti tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. Tam məsuliyyətlə demək olar ki, bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsində dövlət qayğısını əks etdirən bu kimi görüşlərin böyük rolu var.
Günel Eyyubova, “İki sahil”