08 aprel 2022 18:28
1196

Brüssel görüşü bölgədə sülhün intensivləşdirilməsi prosesinə böyük töhfədir

Aİ Azərbaycanın haqlı mövqeyinə siyasi və mənəvi dəstək nümayiş etdirir

Aprelin 6-də Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafına həsr olunub. Aİ Şurasının rəhbərinin Avropa İttifaqı üçün olduqca mühüm olan Brüssel görüşünün nəticələrinə dair bəyanatı danışıqların uğurlu keçdiyini söyləməyə əsas verir.

Dörd saatdan artıq davam edən Brüssel görüşü tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan ilk birgə görüşünün davamı olaraq keçirilib. Görüş zamanı postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatının müddəalarına tam riayət edilməsi, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiyası və demarkasiyası üçün konkret addımların atılması, həmçinin nəqliyyat və kommunikasiyaların açılması məsələləri nəzərdən keçirilib. Görüşdə humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.

Burada Azərbaycan üçün ən mühüm məqamlardan biri rəsmi Bakının danışıqların baza prinsipləri kimi irəli sürdüyü 5 maddədən ibarət təklifinin qəbul edilməsidir. Danışıqların bu prinsiplər əsasında davam etdirilməsi Azərbaycanın mövqeyinin güclü olduğunu bir daha təsdiq edir. Təbii ki, bu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın beynəlxalq münasibətlərini çox düzgün qurması nəticəsində mümkün olub.

Brüssel görüşünün digər bir önəmli nəticəsi bundan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm formalaşır. Bu, həmçinin ona görə əhəmiyyətlidir ki, artıq beynəlxalq ictimaiyyət də ATƏT-in Minsk qrupu formatının effektiv olmadığını təsdiqləyir. Sülh müqaviləsi üzrə danışıqların başlanması üçün xarici işlər nazirliklərinə təlimat verilməsi və sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılması barədə razılığın əldə olunması görüşün kifayət qədər məhsuldar keçdiyinə dəlalət edir.

Beləliklə, Azərbaycanın bölgənin gələcəyi ilə bağlı təşəbbüskar və obyektiv mövqeyi Avropa İttifaqının prosesə qərəzsiz yanaşmasını təmin edən əsas amillərdən biridir. Avropanın 27 ən inkişaf etmiş dövlətinin üzvü olduğu bu nüfuzlu beynəlxalq təşkilatın rəhbəri Şarl Mişelin təşəbbüsü ilə keçirilən 6 aprel Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olan, bölgənin sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti mühüm addımdır.

Meydanəli Yolçiyev, 
YAP Daşkəsən rayon təşkilatının sədri