08 aprel 2022 20:24
1575

Sülh müqaviləsinin bağlanmasına ümidlər artıb

6 aprel 2022-ci il tarixində  Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti  Şari Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan  Baş naziri Nikol Paşinyan arasında  Brüsseldə keçirilmiş görüş və bu görüşdə əldə olunan razılaşma böyük əhəmiyyət daşıyır. 

Görüş zamanı post-münaqişə mərhələsində regionun inkişafı ilə bağlı Azərbaycanın hər zaman irəli sürdüyü prinsiplər, o cümlədən 2020-ci il 10 noyabr üçtərəfli bəyənatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın yaradılması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə olunub.

Görüş nəticəsində Aİ Şurasının Prezidenti Şari Mişel bəyənatla şıxış edib. Yekun  bəyənat  keçirilmiş görüşün ümumilikdə Azərbaycanın maraqlarına uyğun olduğunu göstərir. Tərəflər xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi üzərində razılaşıblar. Bu onu göstərir ki, sülh müqaviləsinin hazırlanması İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində deyil, ikitərəfli formatda keçiriləcək. İkitərəfli sərhədlərin delimitasiyası və demakrasiyası üçün aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi də razılaşdırılıb. Bəyənatda Qarabağın adı çəkilmir, ümumuyyyətlə “münaqişə” haqqında heç bir qeyd yoxdur.

ATƏT-in Minsk qrupundan bəhs edilmir, Rusiya və  Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir: bu, Minsk qrupu formatının faktiki olaraq kənarda qaldığını və yerini Aİ-yə verməsi deməkdir.  Bütün bular deməyə əsas verir ki, Aİ Vətən müharibəsi zamanı Azərbaycanın qələbəsi nəticəsində yaranmış yeni reallıqları qəbul edir və  iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına ümidlər bir qədər də artmışdır.

Rauf Əliyev,
Milli Məclisin deputatı