08 aprel 2022 21:20
1076

Brüssel görüşünün nəticələri münasibətlərin normallaşması baxımından önəmlidir

“Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü və bu görüşün nəticələri diplomatiyamızın parlaq tarixi qələbələrindən biridir”.

Bunu "İki sahil"ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Brüssel görüşünün nəticələri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması baxımından da önəmli bir addımdır: “Brüssel görüşünü önəmli edən bir sıra amillər var ki, bunlardan biri bu Ermənistanın iddialarının sülh müqaviləsi müzakirələrinin gündəliyindən çıxarılmasıdır. Bildiyiniz kimi, Ermənistan 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına, kapitulyasiyaya bərabər saziş imzalamasına baxmayaraq, post-müharibə dönəmində bəzi iddialarla çıxış edirdi. Lakin Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində rəsmi İrəvanın bu iddiaları real diplomatik müzakirələrdən kənarda qaldı.

Brüssel görüşündə diqqəti cəlb edən digər bir məqam həmin görüşdə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının vacibliyinin ifadə edilməsi, bunun praktiki şəkildə həyata keçirilməsi üçün konkret mexanizmin yaradılması istiqamətində addımların atılmasıdır. Bu addımlardan biri kimi cari ilin aprel ayının sonuna qədər Birgə Sərhəd Komissiyasının təşkil edilməsi məsələsində əldə edilən razılığı göstərmək olar. Bu, iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının təşkili, bu prosesin sürətləndirilməsi baxımından olduqca önəmlidir.

Daha bir məqam iki dövlət arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən, dəmir yolları və avtomobil yollarının açılması təşəbbüsünün təqdir edilməsi, bu təşəbbüsün bütün iştirakçılar tərəfindən dəstəklənməsidir. Bildiyiniz kimi, Azərbaycan tərəfi ilk gündən nəqliyyat və kommunikasiyaların açılmasının önəmini qeyd edib, bu istiqamətdə Ermənistanı əməli addımlar atmağa, rəsmi Bakının mövqeyini dəstəkləməyə çağırıb.

Brüssel görüşünün daha bir önəmi 2020-ci ilin 10 noyabr bəyanatının müddəalarına tam riayət olunmasının vacibliyinin qeyd olunması faktıdır. Hansı ki, bu bəyanat Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyət sonrası Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə imzalanıb və bu bəyanatda dövlətimizin maraqları tam şəkildə öz əksini tapıb.

Bir sözlə, hesab edirəm ki, Brüssel görüşü dövlətimizin növbəti diplomatik qələbəsidir və bu qələbə özü ilə birlikdə yeni-yeni uğurlara yol açacaq”.