08 aprel 2022 13:29
1024

Tarixi Zəfərimiz Azərbaycan xalqının öz seçimində yanılmadığını bir daha sübut etdi - Kamran Bayramov

«Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Bu missiya «Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm» fikirləri ilə real məzmun kəsb etməyə başladı. Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini  ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Dövlətimizin başçısının yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin dörd ili tamam olur. Ötən dörd  il ərzində müxtəlif sahələrdə əldə olunan böyük nailiyyətlər, o cümlədən Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının öz seçimində yanılmadığını bir daha sübut etdi.»

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

Kamran Bayramov qeyd edib ki, Azərbaycan xalqı görülən işlərə inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş «exit-poll»lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Keçirilmiş seçkilər haqqında beynəlxalq rəylərdə hər zaman yüksək olmuşdur. Seçkiləri müşahidə edən Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: «Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub.» Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb. «Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər» – fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.

 Ötən dörd il ərzində Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də ciddi addımlar atıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan bu fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum aylıq əməkhaqqı, pensiyalar artırıldı. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu.

Deputat xüsusi olaraq bildirib ki, bu gün Azərbaycan müstəqil və tarazlaşdırılmış xarici siyasəti ilə beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir. Ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin artıq tarixə qovuşması ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu daha da gücləndirmiş oldu.

K.Bayramov əlavə edib ki, dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda məntiqə, əsaslı arqumentlərə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa, həmrəyliyə çağıraraq əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi. Azərbaycan Prezidenti sədri olduğu Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə Zirvə görüşlərini təşkil etdi və belə ağır məqamda sıx əməkdaşlığın zəruriliyini ifadə etdi. Dövlətimizin başçısının təşəbbüsü ilə, həmçinin BMT Baş Assambleyasının COVID-lə bağlı xüsusi sessiyası keçirildi. Bu gün artıq bütün dünya Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir edir və onu yüksək qiymətləndirir.