“İlham Əliyev qloballaşmaqda olan dünyanın müasir liderinin etalonudur”. Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında “Moskva-Bakı” portalında dərc olunan sərlövhəli məqalədə əksini tapıb. Ölkə başçısı haqqında müxtəlif mənbələrdə bu səpkili başlıqlara və məqalələrə tez-tez rast gəlinir. Təbii ki, hazırda dünya mediası da Prezident İlham Əliyevin bütün məsələlərə novatorluq və islahatçı yanaşmalarının şahididir.
İlk dəfə 2003-cü il oktyabrın 15-də prezident seçkilərində seçicilərin etimadını qazanan ölkə başçısı 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də mütləq səs çoxluğu qazanaraq ulu öndər Heydər Əliyev siyasətinin alternativi olmadığını bir daha sübut etmiş oldu. Əminliklə qeyd edə bilərik ki, İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyin dəyərin nəticəsidir. Ümumiyyətlə, ictimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Prezidentin milli maraqlara söykənən daxili və xarici siyasəti ona xalq qarşısında böyük ictimai dəstək qazandırıb.
Dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Təsadüfi deyil ki, respublikamızın tərəqqisinin daha yüksək səviyyəyə çatdırılması, ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, digər dövlətlərlə hərtərəfli qarşılıqlı əməkdaşlığın inkişafı məhz İlham Əliyevin prezidentlik dönəminə təsadüf edir.
Bu gün Azərbaycanın sürətli inkişafının kökündə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasət dayanır. Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda tolerantlıq, multikulturalizm dövlət siyasətidir.
Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması yeni nailiyyətlərlə müşahidə olunur. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsindən ibarətdir. Ötən ilin yekunları bir daha təsdiqləyir ki, ölkə rəhbərliyi tərəfindən aparılan sosial-iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Bu müddətdə dövlət proqramlarının və regional layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir.
Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilib, yoxsulluğun səviyyəsi kəskin aşağı düşüb, dövlət büdcəsi gəlirləri artıb. Uğurla həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişib, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması naminə sistemli tədbirlər görülüb. Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi: “Ölkəmizin inkişafı üçün özəl sektorun möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə olaraq, sözlər, şüarlar deyildir. Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlğın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına güclü dəstək vardır. Bütün dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm yerli icra orqanları bu sahədə sahibkarlara kömək göstərməlidirlər. Sahibkarların normal biznes mühitində fəaliyyəti ölkəmizin gələcək inkişafını təmin edəcəkdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bu gün iqtisadiyyatımızın böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir”.
Dövlətimizin iqtisadi imkanları artdıqca digər sahələrə olduğu kimi orduya da daha çox vəsait ayrılmasına şərait yaranır. Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin müxtəlif bölgələrinə səfərləri zamanı hərbi hissələrdə olur, çətin şəraitdə Vətənə xidmət edən hərbi qulluqçuların əməyini yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu həm silahlanmaya, həm də yüksək peşəkarlığa görə güclü ordular sırasındadır. Ordumuzda olan silah-sursat, texnika, atəş sistemləri, artilleriya qurğuları ən müasir tələblərə cavab verir. Ordumuzun bütün qoşun növləri ən müasir silah və texnika ilə silahlanıb. 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan ordumuz bunu bir daha sübut etdi. Ölkəmizin tarixinə şanlı hərflərlə yazılan bu möhtəşəm qələbənin də memarı xalqa ləyaqətlə xidmət edən qüdrətli lider və qurucu rəhbər, tariximizdə zirvələri fəth edən qalib xalqın Müzəffər Ali Baş Komandanı cənab Prezident İlham Əliyevdir.
Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Yəni uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üşün hazırlıq işləri başlanılıb. Bununla bağlı Prezident İlham Əliyev belə deyib: “Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.
Səbinə Qafarova,
M.Nəcəfov adına 86 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi