18 mart 2022 21:56
712

Artan enerji potensialı və “yaşıl enerji” siyasəti

İnsanları planetdə baş verən və gələcəkdə də gözlənilən bir çox problemlərlə yanaşı, ənənəvi üsullarla elektrik enerjisi istehsalının törətdiyi ekoloji təhlükə də ciddi narahat edir. Lakin, bu gün insan həyatını, dünya sivilizasiyasını elektrik enerji olmadan təsəvvür etmək qeyri-mümkündür.Təbii enerji ehtiyatlarının azalması, onların əldə olunması prosesində ətraf mühitə dəyən zərər və s. kimi amillər alternativ enerji mənbələrinin axtarılması zərurətini meyda­na çıxarır. Alternativ enerji mənbələrindən istifadə ekoloji cəhətdən daha səmərəli olduğundan onların mənbələrinin araşdı­rılması, istifadə edilmə yolları, təbiətin qo­runmasına müsbət təsirlər və s. məsələlər hazırkı dövrdə olduqca aktuallaşmışdır.

Respublikamızın təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, Günəş, torpaq, külək, su, biokütlə təbii enerji yaratma potensi­alı baxımından zəngindir. Bütün bunlar ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən düz­gün və səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır. Alternativ enerji mənbələrinin Azərbaycanda inkişaf perspektivlərini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev hələ 1993-cü ildə bildirmişdir: “Azərbaycanda günəş, külək və su ener­getikasının ehtiyatları böyükdür, amma bunların əsl inkişafı 30-40 ildən sonra baş verəcək və həmin dövrdən sonra alternativ energetika Azərbaycanın yanacaq-enerji balansında mühüm rol oynayacaq”.

Bu siyasət ölkə başçısı cənab İlham Əliyevin apardı­ğı düzgün energetika siyasətinin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Cənab Prezident məsələnin önəmini belə dəyərləndirmişdir: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə – müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.

15 mart 2022-ci il tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması və bu sahəyə xarici investisiyanın cəlb olunması ölkəmizin elektroenergetikasının sürətli inkişafına vəsilə olacaqdır. Dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə çox maraqlıdırlar. Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri alternativ enerji mənbələrimizə sərmayə qoyan ilkin şirkətlərdir. Bu layihələrlə Azərbaycan enerji sektorunda külək və günəş enerjisindən istifadə edilərək ekoloji cəhətdən daha da təmiz enerji əldə edəcəkdir. Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritetdir.

Dünyada “yaşıl enerji” kimi tanınan təcrübə geniş yayılıb və təbii göstəricilərə əsasən, Bakı şəhəri və Abşeron yarı­madasında, o cümlədən, Azərbaycanın erməni işğalından azad olunmuş Qara­bağ ərazilərdə külək və günəş enerjisinin böyük potensialı vardır. Bu baxımdan Azərbaycanin dilbər guşəsi Qarabağda “yaşıl enerji” layihələrinin geniş miqyasda tətbiq edılməsı və ərazinin yaşıl zonaya çevrilməsi planlaşdırılır.Düşmən tapdağından azad olunmuş bölgələrə səfərləri zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yarandığını bildirmiş və Qarabağı “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan edərək dövlətimizin ekoenerge­tika siyasətində yeni mərhələnin başlanğı­cını qoymuşdur.

Ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlər, nəqliyyat, kommunikasiya, elektrik xətləri imkan verir ki, respublikamız nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısına və ixracatçısına çevrilsin. Bir-birinin ardınca möhtəşəm enerji layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadiyyatına çox böyük töhfələr verəcək.

Samir Hüseynov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri