11 mart 2022 14:49
1005

Bundan sonrakı karyeram yalnız “Qarabağ”la bağlıdır - Qara Qarayev

Qara Qarayev həm millimizdə, həm də “Qarabağ”ın heyətində son illərdə ən çox oyun keçirən futbolçulardandır. Demək olar ki, bütün beylənlaxq oyunlarda iştirak edir. 

Bəs azərbaycanlı futbolçuların ölkə xaricinə yollandığı bir dönəmdə avrokuboklarda sabit oyunu ilə seçilən Q.Qarayev təklif alıbmı? 

“İki sahil” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu sualı cavablandırıb: “Məncə, qısa və konkret cavab versəm, daha faydalı olar. Yox, belə bir təklif yoxdur. Avrokuboklardan sonra hələ ki, sakitlikdir. Əsas düşüncəm “Qarabağ”dır. Yaşım da ildən-ilə artır. Ona görə də ölkədə qaldığım təqdirdə və klubum məni istədiyi, məndən fayda götürdüyü müddətdə “Qarabağ”da qalmaq istəyirəm. Bundan əvvəlki illərimi “Qarabağ”a necə həsr etmişəmsə, bundan sonra da komandamla birgə olmaq fikrim var”.

Qara Qarayev ölkə xaricindən yaxşı təklif alarsa, onu dəyərləndirəcəyini də bildirib:  “Sabah nə olacaq bilmirəm. Həmişə demişəm ki, bayaq qeyd etdiyim formula mənim üçün ancaq ölkəmizdə keçərlidir. Yəqin ki, sabah xaricdən yaxşı bir təklif alsam, klubumuz da razı olar ki, “Qarabağ”dan çıxan bir futbolçu kimi ölkəmizi təmsil edim. Amma hələ ki, təklif yoxdur. Bundan sonrakı karyeram isə yalnız və yalnız “Qarabağ”la bağlıdır”.