09 mart 2022 19:05
657

Lənkəranlı idmançı Avropa çempionudur

Dövlətin idmana göstərdiyi qayğı Lənkəran rayonunda da özünü göstərir. Rayon idmançıların  respublika, dünya  ölkələrində təşkil olunan   yarışlarda qazandıqları qələbələr bir daha bunun canlı şahididir.  Bu günlər isə Bolqarıstanın Plovdiv  şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında  Lənkəranı  Xasay Həsənli yunan-roma güləşi üzrə  fəxri kürsünün  birinci pilləsinə qalxıb.

Yarışlarda 77 kiloqram çəki dərəcəsində  mübarizə aparan  Xasay Həsənli  ilk mərhələdə tatami üstündə bolqarıstanlı Martin Dimitrovla üz-üzə gəlir və tam  üstünlüklə onu məğlub edir - 9:0. 1/4 finalda isə  macarıstanlı Kriştofer Klany   üzərində  7:0  hesabı ilə  qələbə qazanaraq adını yarımfinala yazır. Yarımfinalda  Xasayın rəqibi serbiyalı Aleksa İliç olur. Bu idmançıya  da  5:1 hesabı ilə xalçada diz  çökdürüb  finala yüksəlir.

Lənkəranlı güləşçi martın 8-də qızıl medal uğrunda gürcüstanlı Davit Soloqaşvili ilə tatami üzərinə çıxır.  Mübarizə başlanan ilk dəqiqələrdən  təşəbbüsü ələ keçirən  Xasay  görüşün taleyini elə ilk hissədə həll edir.  Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gəlib  Avropa çempionu olur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü