09 mart 2022 14:35
699

Ölkədə aparılan islahatlar qanunverici hakimiyyətdən yan keçə bilməzdi

Ölkəmizdə son illərdə dövlət başçımızın rəhbərliyi və şəxsi nəzarəti ilə müxtəlif sahələri əhatə edən islahatlar həyata keçirilməkdədir. Bu islahatlar öz müsbət nəticəsini qısa müddət ərzində göstərməkdə və xalqın yekdil dəstəyini almaqdadır. İslahat dedikdə dövlətin mövcud siyasi və iqtisadi strukturunun təkmilləşməsi, yenidən qurulması üçün kompleks tədbirlər məcmusunun həyata keçirilməsi başa düşülür. Xatırladaq ki, Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində ölkəmizdə aparılacaq islahatların yeni dalğasını anons etmiş və bununla ölkəmizin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. Dövlətimizin başçısı islahatlar modelini qısaca bu şəkildə ifadə etmişdir: "Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik''.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların bir istiqaməti də siyasi sahəni əhatə etmişdir. Qanunverici hakimiyyətin islahatlar kursu ilə ayaqlaşması üçün Milli Məclis buraxılaraq növbədənkənar parlament seçkiləri keçirilmiş və islahatlara yeni sürət qazandırılmışdır. 2020-ci ilin fevral ayının 9-da keçirilmiş bu seçkilər ölkəmiz üçün bir çox yeniliklərə şərait yaratmışdır. İlk olaraq, onu qeyd edək ki, VI çağırış Milli Məclis çoxpartiyalılığı ilə seçilməkdədir, bu da demokratiyanın inkişafında olduqca önəmli addımdır. Bununla yanaşı, daha bir vacib nüans da ondan ibarətdir ki, mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərlə yanaşı mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olunmuşlar. Milli Məclisin, onun komitələrinin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması vətəndaş həmrəyliyi istiqamətində atılmış ən mühüm addımlardan biridir. Milli Məclisin sədr müavininin müxalifət təmsilçisi olması da Azərbaycan parlamenti tarixində ilk addımdır. Daha bir ilk isə Milli Məclisin sədri postu ilə əlaqədardır. Belə ki, müstəqil Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq Milli Məclisin sədri postuna qadın seçilmişdir. Beləliklə, bütün bunlar və daha bir çox nüans onu göstərir ki, VI çağırış Milli Məclis Azərbaycan tarixinə yeniliklərlə, fərqliliklərlə iz qoymuşdur.

10 mart 2020-ci il tarixli altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş nitqlə çıxış edən dövlət başçımız da bu istiqamətdə olan bəzi məsələlərə toxunmuş və Milli Məclisdə təmsil olunan millət vəkilləri qarşısında bir çox vacib öhdəliklər qoymuşdur. Ölkə başçımızın millət vəkillərindən əsas tələbi təmsil etdikləri dairələrdə fəal olmaları, seçildiyi dairələrin problemləri ilə daim maraqlanmaları, seçicilərlə sıx təmas saxlamaları olmuşdur. Prezident İlham Əliyev keçmişdə millət vəkillərinin fəaliyyətində olan bəzi qüsurları xatırladaraq qeyd etmişdir ki, yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır.

Ölkə başçımız nitqinin davamında millət vəkillərinin bir çox beynəlxalq təşkilatlarda təmsil olunduğunu xatırlatmış və qeyd etmişdir ki, indiki dövrdə millət vəkillərinin fəaliyyəti daha yüksək olmalıdır. Həmin dövr üçün hələ şanlı tariximizə qızıl

hərflərlə yazılmış Vətən müharibəsinin reallaşmaması ölkə başçımızın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin çatdırılmasında hücum diplomatiyası izləmək zərurətinin səslənməsinə əsas səbəb idi. Xoşbəxtlikdən bu gün artıq şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarını işğaldan azad edib. Ancaq bu da millət vəkillərinin və ümumilikdə heç birimizin məsuliyyətini azaltmır. İndiyə qədər torpaqları işğal altında olan bir dövlətin nümayəndəsi kimi haqq səsimizin ucalması, həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi üçün mübarizə aparırdıqsa indi qalib ölkənin qürurlu vətəndaşı kimi ölkəmizi dünyada təmsil etmək üçün çalışmalıyıq. Xüsusilə qeyd etmədən keçmək istəməzdim ki, Vətən müharibəsindəki qələbə ölkədəki birliyin, bərabərliyin, vahid amal naminə bütün ambisiyaların kənara qoyulmasının və ölkə rəhbərliyi ətarfında “dəmir yumruq” kimi birləşməyin nəticəsi idi. Müharibənin elə ilk günündə siyasi həmrəyliyin nümunəsi olaraq ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanat yayması və Ali Baş Komandanın yanında olduqlarını bəyan etməsi əlbəttə ki hər birimiz üçün qürur mənbəyi idi. Bu həm də ölkə rəhbərliyi tərəfindən aparılan siyasi dialoqun nəticəsi idi. Bəli, ölkədə aparılan siyasi islahatların mühüm nəticələrindən biri də məhz iqtidar partiyası ilə müxalif partiyalar arasında siyasi dialoqun formalaşmasıdır. Ölkədə siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulmuş, yeni siyasi konfiqurasiya yaradılmışdır. Bunun nəticəsi kimi, bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir.

Loğman Müslümov,

Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini