24 fevral 2022 15:03
690

Moskva Bəyannaməsi Azərbaycan-Rusiya münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxarır

22 fevral 2022-ci il tarixdə Mockvada  “Azərbaycan  Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması  iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafında, əməkdaşlığın yeni mərhələsinin başlanmasında böyük əhəmiyyətə malikdir. Azərbaycanın digər ölkələrlə qarşılıqlı əlaqələri, münasibətləri cənab Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən, Azərbaycanın  milli və dövlət maraqlarına uyğun balanslaşdırılmış xarici siyasətlə formalaşır.

Azərbaycan – Rusiya münasibətləri böyük tarixə malikdir. Qarşılıqlı səfərlər və bu səfərlər zamanı imzalanan müxtəlf sahələri əhatə edən sənədlər iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanmasında böyük əhəməyyətə malikdir.  Bəyannamə imzalandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxış ediblər. Cənab Prezident İlham Əliyev bəyanatla çıxışında qeyd edib: “ Rusiya ilə Azərbaycanı çoxəsirlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə  yeni səviyyəyə çatıb. Ölkələrimiz arasında çox geniş müqavilə - hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır”. Bu  Bəyannamə 43 bəndən ibarət olan , iki ölkənin  birgə fəaliyyətlərinin bütün əsas sahələrini əhatə edən  çox şeniş bir sənəddir. Bəyannamənin 1-ci bəndində qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qrşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dəvlət suverinliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda,  mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. İmzalanmış  Bəyannamə iki ölkə arasındakı  ikitərəfli münasibətləri Rusiya Federasiyasının və  Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağı nəzərdə tutur. Bəyannamə hər iki ölkənin gələcək münasibətlərinin daha yüksək səviyyədə, bir-birinin maraqlarına qarşılıqlı hörmət təməlləri üzərində qurulması, inkişaf etdirilməsi  üçün vacib bir sənəddir və bu sənəddə  eyni zamanda Azərbaycanın  44 gün davam edən  Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində regionda  yaratdığı  yeni geopolitik reallıqları da nəzərə alınıb.

15 iyun 2021-ci il tarixdə  qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanmış Moskva  Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Vətən müharibəsində tarixi  Zəfərdən sonra  bu regionda  formalaşan yeni siyasi mühitin əsas iştirakşıları Azərbaycan, Türkiyə və Rusiyadır.  Bu nöqteyi-nəzərdən hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin  imzalanması yaranmış yeni siyasi mühiti təsbit edir. Azərbaycan – Rusiya münasibətlərinin  yüksələn xətlə inkişaf etməsi, ölkələrimiz arasında müttəfiqlik Bəyannaməsinin imzalanması müharibədən sonra yaranmış yeni reallıqların  qəbul edilməsində də əhəmiyyətli rol oynayacaq, iki ölkənin birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda  və Avrasiya məkanında əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə bundan sonra da mühüm töhfələr verəcək.

Rauf  Əliyev,
Milli Məclisin deputatı