09 fevral 2022 17:10
1036

Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir

Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirərək, bu sahədə misilsiz quruculuq işləri həyata keçirmişdir.

Ümummilli liderin layiqli davamçısı olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 18 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub. Dahi siyasət korifeyinin böyük uzaqgörənliklə dediyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamı zamanın sınağından keçərək, reallığa çevrilıb və müasir Azərbaycan tarixinin hər anında tarixi təsdiqini tapır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

Bu gün ölkəmiz qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin, humanitar forumların, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun, mötəbər idman yarışlarının və mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, ölkəmizi davamlı tərəqqiyə aparan müstəqil siyasət nəticəsində iqtisadi sahədə də beynəlxalq ictimaiyyət və nüfuzlu reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilən uğurlar qazanılıb. Dövlət başçısının innovasiya yönümlü, yüksək rəqabət qabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb. Təsadüfi deyildir ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb, dünyada maraqla qarşılanan iqtisadi inkişafın Azərbaycan modeli formalaşıb.

Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması sürətli iqtisadi inkişaf dövrü yaşayan ölkəmizin daha bir uğura imza atmasıdır. Bu layihənin tamamlanmasında iştirakçıları olan ölkələr - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıb. Hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır.

Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı.

Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Təsadüfi deyildir ki, ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır.

2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün əlavə həcmdə qaza ehtiyac var. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Ona görə də, əlavə qaza ehtiyac var. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb.

Artıq işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram var. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşıolan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir.

Sevindirici haldır ki, ölkəmizdə enerji sahəsində həyata keçirilən uğurlu siyasət bizim rayonumuzda da öz müsbət nəticələrini verməkdədir. Rayonumuzun ərazisində tikilmiş Füzuli SES əhalinin fasiləsiz enerji təminatında müstəsna əhəmiyyətə malikdir. Ötən il ölkə başçısı cənab İlham Əliyev tərəfindən açılışı reallaşdırılmış Füzuli yarımstansiyası rayonumuzun işğaldan yeni azad edilmiş ərazilərinin enerji təminatında vacib amildir. Hazırda rayon əhalisinin mavi yanacaqla təminatında heç bir problem yoxdur. Rahatçılığımız və rifahımız naminə gördüyü bütün bu tədbirlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

Orxan Ağakişiyev,

Füzuli RİHB-nın Aparatının Sənədlərlə vəvətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi