Biz də hamı kimi çempionat üçün darıxmışdıq. Bu gün “Keşlə” ilə oyunda çox vacib qələbə qazandıq.
“İki sahil” xəbər verir ki, bunu “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində səfərdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Bu oyunda qazanılan qələbənin komanda üçün çox mühüm olduğunu vurğulayan mütəxəssis deyib: “Qarşılaşmanın əvvəlində gərginlik var idi. İlk dəqiqələrdən topa nəzarət etmək istəyirdik. Qol epizodlarımız da oldu. Futbolçular son zərbələrdə inamsız idilər. İkinci hissəyə ehtiyatlı başladıq. Rəqib standart vəziyyətlərdə bacarıqlıdır və istedadlı oyunçuları var. “Keşlə”ni gücdən salaraq hesabı artırmaq istəyirdik. İkinci qolu vurub matçın sonunu daha rahat keçirə bilərdik”.
R.Sadıqov əks-hücumda yaxalanmaqdan ehtiyat etdiklərini söyləyib: “Mövsümün əvvəlidir və fiziki cəhətdən tam hazır deyilik. Əsas odur ki, nəticə qazandıq. Futbolçulardan razıyam. Hamidu Keyta bizə bir qədər gec qoşulub. Hücum xəttimizə güc qatacağına inanıram. Oyunçularımızın hər biri bizim üçün dəyərlidir”.
Baş məşqçi bir neçə futbolçu transfer etmək istədiklərini qeyd edərək deyib: “Axtarışlarımız davam edir. Danışıq apardığımız futbolçular var. Heyətə iki futbolçu cəlb etmək istəyirik. Bu, üç oyunçu da ola bilər. Yayda heyəti tam formalaşdıra bilməmişdik. Heyətin geniş olması yaxşıdır”.