31 dekabr 2021 00:57
2331

Əli Kərimli ölü canların simvoludur

Heç vaxt dəyişilməyən adətlərdən biri də ilin sonunda dönüb arxaya baxmaq, tarixə çevrilmiş 365 gündə baş verənləri xatırlamaq, olub-keçənlərin hesabatını verməkdir. Bu qanunauyğunluqlar təşkilatlar kimi, hər bir fərdin də adət etdiyi vərdişlərdir. Biz də etmə tənbəllik müxalifət düşərgəsində bu qaydalara necə əməl olunduğunu öyrənmək üçün kiçik bir təhlil apardıq. Nəticəsi və açması az sonra.

… Belə bir mənzərəni təsəvvürümüzdə canlandıraq. Müxalifət düşərgəsinə xəbər yayılır ki, illərdən bəri ölkəmizdəki «beşinci kolon»u yaradan və maliyyələşdirən, «rəngli inqilab»ların müəllifi, mister Soros pul verib ətrafına topladığı milli satqınlardan ibarət «komandasının» illik hesabatını yoxlamaq üçün düşərgəyə «beyinləri yuyan» cihaz göndərib. Qrantlar bölünəndə canfəşanlıq edib başqalarına aman verməyən, deməyə sözləri, özlərinə haqq qazandırmağa bəhanələri olmayanlar düşürlər qarın ağrısına. Beləliklə, cihaza yaxınlaşaraq sınaqdan keçənlər, gələn ildə alacaqları qrantlardan məhrum olmaq istəməyənlər «Sem dayı»larının əl-ayağını öpmək üçün sıraya düzülürlər. Növbə AXCP sədri Əli Kərimliyə çatır. Stula əyləşən Əli Kərimlinin «fəaliyyətini» göstərən tabloda yazılan sualların cavablarını elektron qaydada göstərən qiymətlər «islahatçı sədr»i təşvişə salır. Məsələn, « Azərbaycanda siyasi sabitliyin pozulması üçün nə etmisən» sualının qarşısındakı rəqəm «0»dır. «Aksiyalara nəzərdə tutulan sayda iştirakçı toplamısanmı» sualına verilən qiymət eynidir. «Ölkə vətəndaşları arasında iqtidara qarşı etiraz aksiyaları yaratmağa nail olmusanmı», «Qrantların bölgüsündə ədalətli olmusanmı» suallarına da miqrant bazarında xeyli vəsait qazanan Əli Kərimlinin cavabı «qeyri-kafi» qiymətləndirilir. Başqa cür ola da bilməzdi. İllərdən bəri insanları tora salaraq iqtidar əleyhinə aksiyalara cəlb edən Əli Kərimlinin mənfur niyyətlərini anlayan beş-üç nəfər də artıq Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Yəni, Sorosun etimadını qazanmaq üçün verilən tapşırıqları yerinə yetirməyən Əli Kərimlinin gələn il üçün qrant büdcəsi elə aldığı cavablar kimi sıfır olacaq. «Yurd şefi»nin aldığı yeganə «5» qiyməti «Ermənistanı müdafiə etmək, Azərbaycan, ölkənin Milli Ordusu haqqında mənfi rəy yaratmaq üçün hansı təxribatlar aparılıb» sualına verilib. Yəni, 44 gün davam edən İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı Zəfərlə bağlı təxribat xarakterli müsahibələri ilə milli xəyanətlərinin nəticələrindən məmnun qalan Əli Kərimlinin «illik hesabatı»nın məzmunu, məramı dəyişməzdir. Bununla da Ermənistanda belə hadisələri formalaşdıran Sorosun Azərbaycandakı nümayəndəsi Əli Kərimli bir daha ermənilərlə əməkdaşlığını təsdiq etmiş olur. Bənzətmə olsa da deyilənlər həqiqəti əks etdirir.

 Bu «qeyri –kafilər» onu göstərir ki, Azərbaycanda bazarı bağlanan Soros kimi, Əli Kərimliyə də cəmiyyətdə, düşərgədə yer yoxdur. Siyasəti ilə Azərbaycan xalqına sevincli anlar yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyən, ətrafında birləşən insanlar üçün əlikərimlilər ölü canlardırlar. Əvvəllər xarici ağalarından aldığı sifarişləri yerinə yetirmək, mənfur niyyətlərini həyata keçirmək üçün qaçqın və məcburi köçkünlərdən istifadə edən, evləri sökülənlərin kölgəsində gizlənən, hələ həyat təcrübəsi formalaşmamış gəncləri təxribata cəlb edərək trollar şəbəkəsi yaradan Əli Kərimli bu imkanlarından da məhrum olub. Torpaqların işğaldan azad olunması ilə qaçqın, köçkün ifadələri arxivə göndərilib. Əli Kərimlinin qoltuğuna sığındığı Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarımızı azad edən, şəhid olanlar da elə vətənpərvər Azərbaycan gəncləridir. İnsanları pul naminə meydanlara toplamaq üçün «islahatçı sədr»ə qrant ayıranlar indi həsəd apardıqları Prezident İlham Əliyevi dəstəkləyir, cəsarətinə heyran qalırlar. Azərbaycan xalqının birlik və həmrəyliyini etiraf edənlər üçün Əli Kərimli dövrü qapanıb. Hazırda bütün dövlətlər, beynəlxalq təşkilatlar işğaldan azad olunan Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştirak etmək üçün Prezident İlham Əliyevə müraciət edirlər. Dövlət başçımız İlham Əliyevdən müsahibə almaq üçün növbəyə duran xarici jurnalistlərin sayı onlarladır. Əli Kərimlinin xəyanət meydanı isə özü kimi dönüklərin- Sevincin «Osmanqızı TV»si, Qənimət Zahidin «Azərbaycan saatı»dır. Əli Kərimlidən fərqli olaraq xarici qonaqlar Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən dəhşətə gəlir, müharibədən sonrakı bir ildə azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini möcüzə adlandırırlar. 8 ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi dünya təcrübəsində görünməyən hadisədir. Bu cür nümunələrdən istənilən qədər gətirmək olar. Belə möhtəşəmlik qarşısında milli xəyanətləri bağışlamayan Azərbaycan xalqının əlikərimlilərə nifrəti təbiidir.

Xuraman İsmayılqızı, «İki sahil»