24 dekabr 2021 02:37
2150

Müdrik lider, qalib sərkərdə, mahir diplomat

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı tarixi Qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan nəhayət ki, ölkəmiz qarşısında diz çökdü, kapitulyasiya aktına imza atdı. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi Qələbə Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya sübut etdi. 

2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzünə cavab olaraq Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları ayağa qaldırdı. Bu ağır və şərəfli günlərdə dünya azərbaycanlıları Prezident, Ali Baş Komandan, böyük strateq İlham Əliyevin ətrafında daha sıx birləşdi. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan möhtəşəm Qələbə qazanaraq tarixi ədaləti bərpa etdi.

 Bütün dünya yaxşı bilir ki, məhz dövlətimizin başçısının qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə apardı. Təcavüzkar Ermənistanın başıpozuq, çaşqınlıq və vahimə içində qalan, ümidsiz silahlı qüvvələri artıq arxalarına baxmadan belə qaçırdılar. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq məhv edildi. Təkcə PUA-larla işğalçı ölkənin silahlı qüvvələrinə 1 milyarddan çox zərər vuruldu. Bütövlükdə döyüşlərin başladığı vaxtdan bu günə qədər düşmən Ermənistan tərəfinə təxminən 2 milyarda yaxın ziyan dəyib. İqtisadçıların hesablamalarına görə, Azərbaycan Ordusunun əks-həmləsi təcavüzkar üçün ağır başa gəlib. Belə ki, ilk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təqribən 2 milyard dollardan çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib.  Bu, işğalçı ölkənin strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdəbirinə bərabərdir.

Vətən müharibəsi dövründə rəşadətli Azərbaycan Ordusuna xalqımız, bütün sülhsevər insanlar, dünya azərbaycanlıları hərtərəfli dəstək verdi. Şanlı Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılandı. O ağır və şərəfli günlərdə bütün dünya azərbaycanlıları xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır, daim var qüvvəsi ilə başda Ali Baş Komandanımız olmaqla Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bildirir, qürur hissi ilə “Hamımız Qarabağlıyıq!” deyirdi. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan, qətiyyətli, dəmir iradəli lider İlham Əliyevə ünvanladıqları məktublarda bildirirdilər. Məktublardan birində deyilirdi: “Hörmətli cənab Prezident, Sizin uğurlu və uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan Ordusu sürətlə irəliləyir. Azərbaycan torpaqlarının azadlığa qovuşduğu bu günlər tarixə qızıl hərflərlə yazılır. Biz Sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan. Dünyanın hər yerində Azərbaycanla bağlılığı olan hər bir kəs Sizinlə fəxr edir. Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz, Qarabağ Azərbaycandır!”.

Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri Prezident İlham Əliyevin yalnız müdrik dövlət xadimi deyil, həm də mahir diplomat, düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən qalib sərkərdə olduğunu təsdiq etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan II Qarabağ müharibəsindən sonra bu Qələbəmizin ilhamvericisi, təşkilatçısı olan Prezidentimizin rəhbərliyi ilə tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla reallaşdırılması sayəsində Qarabağ ən qısa zamanda çiçəklənən diyara çevriləcək, əvvəlki şöhrətinə qovuşacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaq. O zaman Vətən qarşısında öz vəzifəsini layiqincə yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhu da şad olacaq, üçrəngli bayrağımız bu cənnətməkan diyarımızda, Azərbaycanın ruhunu yaşadan Qarabağda əbədi dalğalanacaq.  

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində  bir daha vurğuladı ki, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik: “O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Zahid Rza, “İki sahil”