Mövsümün ikinci yarısına hazırlığı Türkiyədə keçəcək “Qarabağ” qardaş ölkədə 5 yoxlama görüşündə qüvvəsini sınayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, yanvarın 14-də Rumıniya klubu “Qaz Metan”la üz-üzə gələcək komanda ayın 21-də və 25-də Polşa yüksək liqa təmsilçiləri ilə qarşılaşacaq. Premyer Liqanın lideri əvvəlcə Vrotslav “Şlensk”i, daha sonra isə Krakov “Visla”sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Baş məşqçi Qurban Qurbanov bu üç qarşılaşmada əsas heyət üzvlərinin hazırlığını yoxlayacaq.
Ümumiyyətlə, “Qarabağ” yanvarın 21 və 25-də səhər və axşam olmaqla iki yoxlama görüşü keçirməyi planlaşdırır. Həmin günlər Qurban Qurbanov müvafiq olaraq “Baçka Topola” (Serbiya) və “Tatran”la (Slovakiya) matçda əsasən gəncləri sınaqdan keçirəcək.