13 dekabr 2021 19:13
945

"Legiya" azarkeşlərin futbolçulara hücum etdiyini təsdiqləyib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin klubun avtobusuna hücum çəkməsi ilə bağlı bəyanat yayıb.

“İki sahil” xəbər verir ki, Varşava təmsilçisinin açıqlamasında aqressiv fanatların hərəkətləri pislənilib, bu cür halların yolverilməz olduğu vurğulanıb.

Bildirilib ki, insident oyunçuları daşıyan nəqliyyat vasitəsi klubun bazasına qayıdarkən baş verib: "Təhlükəsizlik tədbirlərinə baxmayaraq, avtobus müvəqqəti saxlanılıb, daha sonra bir qrup azarkeş içəri daxil olaraq futbolçulara qarşı aqressivlik nümayiş etdirib. Polisin müdaxiləsi nəticəsində qrup dərhal dağıdılıb. Polis hadisənin təfərrüatlarını aydınlaşdırır. Klub məsələyə ciddi yanaşır və onu tam şəkildə araşdırmağa çalışır. Hadisənin səbəblərini aydınlaşdırmaq və lazımi əlavə tədbirlər görmək üçün polislə birgə işləyirik".

Klub bundan sonra komanda ilə bağlı təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini açıqlayıb: "Hazırda futbolçularla danışıqlar aparırıq, bundan sonra gələcək rəsmi addımlar barədə birgə qərar verəcəyik. Prioritetimiz məsələnin mahiyyətinə tam aydınlıq gətirmək, həmçinin klubun bütün oyunçuları və əməkdaşlarının təhlükəsizliyini təmin etməkdir".