13 dekabr 2021 16:48
893

Çempionlar Liqasında püşkatma təkrarlana bilər

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü təkrarlana bilər.

“İki sahil” xəbər verir ki,  bunu tanınmış jurnalist Tankredi Palmeri yayıb.

Onun sözlərinə görə, bugünkü tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu üzdən püşkatma ərzində xətalar bir-birini sıralayıb. “Vilyarreal”ın mümkün rəqibləri sırasına qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Əvəzində İspaniya klubunun potensial rəqibləri arasında İngiltərənin digər təmsilçisi “Liverpul” olmayıb.

Həmçinin “Atletiko”nun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulubsa, “Mançester Yunayted”ın adı yer almayıb.

Jurnalist UEFA-nın bu kobud səhvə görə 1/8 final mərhələsinin püşkünü yenidən ata biləcəyini yazıb.

Qeyd edək ki, 1/8 finalda “Vilyarreal” “Mançester Siti”yə, “Mançester Yunayted” isə PSJ-yə rəqib olub.