26 noyabr 2021 16:59
1022

“River Pleyt“ klubu 36-cı dəfə Argentina çempionu olub

Futbol üzrə Argentina çempionatının başa çatmasına üç tur qalmış çempion müəyyənləşib.

“İki sahil” xəbər verir ki, 26 komandanın mübarizə apardığı çempionatın 22-ci turunda “Rasinq”i 4:0 hesabı ilə məğlub edən “River Pleyt” komandası vaxtından əvvəl çempionluğu təmin edib. Bu, klubun sayca 36-cı çempionluğudur.

Buenos-Ayres təmsilçisi 22 turdan sonra 52 xal toplayaraq ən yaxın izləyiciləri – hər birinin aktivində 40 xal olan “Defensa Xustisiya” və “Talyeres” klublarını geridə qoyub. Bu cütlük qalan üç turun hamısını qələbə ilə başa vursa belə, yenə də “River Pleyt“ə çata bilməyəcək. Ötənilki çempion “Kolon” klubu isə hazırda 35 xalla yarış cədvəlində 8-ci yeri tutur.

Qeyd edək ki, “River Pleyt” klubu Argentina çempionu adına ən çox sahib olan komandadır. “Boka Xuniors” komandası isə 34 dəfə ölkə çempionatının qalibi olub.