Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında xeyriyyə aksiyası keçirib.
“İki sahil” xəbər verir ki, tədbir Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 35-ci dünya çempionatına həsr olunub.
Xeyriyyə aksiyası çərçivəsində AGF-in əməkdaşları ilə birlikdə dünya çempionatının ulduz səfirləri - kanadalı Karen Kokbern və fransalı Devid Martin sığınacağı ziyarət ediblər.
Onlar uşaq sığınacağında yaradılan şəraitlə tanış olub, onun rəhbəri və müəssisənin əməkdaşları ilə söhbət ediblər.
Dünya çempionatının ulduz səfirləri “Ümid yeri” uşaq sığınacağının balaca sakinləri ilə görüşüb, onlarla söhbətləşiblər. Uşaqlar qonaqlar üçün tamaşa hazırlayıb, musiqi ifa ediblər.
Ulduz səfirlər və federasiyanın əməkdaşları balacalara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı noyabrın 21-dək davam edəcək. Yarışa 33 ölkədən 300-dək gimnast qatılıb. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB