“Made in Azerbaijan” brendi dünyaya yayılır
Dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində 15 ilin uğurları fonunda prioritetləri açıqlayarkən bildirmişdir: “Bu gün də Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər.” Bu rəqəm də açıqlanmışdır ki, bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Həmin kreditlərin, həmçinin sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılmış, qeyri-neft sektorunun inkişafı təmin edilib. Ölkə Prezidenti hədəflər sırasında bu mühüm məsələni da diqqətə çatdırmışdır: “Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq.”
Ölkəmizdə iş yerlərinin yaradılması daimi prosesdir. 2004-cü ildə regionların inkişafına dair ilk Dövlət Proqramının icrasına başlanandan bu günə kimi bir milyon 900 minə yaxın yeni iş yeri yaradılıb. Dövlətimizin başçısı bunu belə əsaslandırır: “Bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də iş yerlərinin yaradılması daimi proses olmalıdır... Biz bundan sonra da çalışacağıq ki, işsizliyi ən aşağı səviyyədə saxlayaq.” Məhz bu məqsədə çatmaq üçün atılan uğurlu addımların nəticəsidir ki, Azərbaycan dünyanı bürüyən maliyyə və iqtisadi böhranın nəticələrini az hiss edən ölkədir. Respublikamızın bu uğurunu beynəlxalq maliyyə qurumlarının hesabatlarında yeri və mövqeyi də təsdiqləyir. Dünya Bankının açıqladığı “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında bildirilir ki, Azərbaycanda inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində dönüş yaradır. Bunu ölkəmizin həmin hesabatda ötən il tutduğu 65-ci yerdən 57-ci yerə yüksəlməsi bir daha təsdiqləyir.
İqtisadiyyatın əsasını neft-qaz sektoru təşkil edir. Neft-qaz gəlirlərinin düzgün istiqamətləndirilməsi qeyri-neft sektorunun inkişafı yönümündə atılan davamlı addımlardan aydın görünür. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondu ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələri maliyyələşdirməklə neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini yüksək səviyyədə qoruyur. Məhz bu uğurlar Dövlət Neft Fondunun şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilməsini şərtləndirir. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın idarəçilik sistemi, zamanın tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf konsepsiyasının daha da təkmilləşdirilməsi təqdir olunur. İqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlara da geniş imkanlar açır.
“Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır və aparılacaq. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsi prioritetdir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. İşsizlik və yoxsulluq problemlərinin həlli dövlət siyasətində əsas yer tutur. Cari ilin ötən dövründə paytaxt və bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Belə ki, birinci rübdə 34 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Ölkə Prezidenti bildirir: “Qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. Bu, hələ işimizin birinci mərhələsidir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək. Mən həmişə deyəndə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikrim var, bax, buna əsaslanıram.” Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri görülür və bu gün də davam etməkdədir. Təbii ki, sahibkarlığın inkişafında bu kimi addımlar əsasdır. Hazırda özünüməşğulluğun təminatının prioritetliyi, ailə təsərrüfatlarının inkişafına göstərilən dəstək də hədəf kimi irəli sürülən qeyri-neft sektorunun inkişafına xidmət edir. Bir sözlə, cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü “neft kapitalını insan kapitalına çevirək” tezisi artıq reallıqdır. Bu reallığa əsas verən mühüm amil isə zamanın tələbinə uyğun olaraq təkmilləşmədir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, müxtəlif istiqamətləri əhatə edən Strateji yol xəritələri hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Strateji Yol Xəritəsində hədəf kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılmasının əsasında da qeyri-neft sektorunun, qeyri-neft sənayesinin azı üç dəfədən çox artımı dayanır. Bunun əsas şərti isə ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun, aqrar sahənin inkişafına nail olmaqdır. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir.
Göründüyü kimi, sahibkarlara dəstək davamlıdır. O da məlumdur ki, 2015-ci ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmana əsasən, sahibkarlıq subyektlərində lazımsız yoxlamaların aparılması 2 illik müddətinə dayandırılmışdır. Bu müddət cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilədək uzadıldı.
Daim qeyd olunduğu kimi, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sitemində təkmilləşmə aparmaq mütləqdir. Dövlətin siyasətində antiinhisar tədbirlərinin gücləndirilməsi də əsas yer tutur. “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın uğurlu icrası, “ASAN xidmət”in fəaliyyəti, həmçinin “ABAD” mərkəzlərin yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafını təmin edir. Ailə biznesinə asan dəstək kimi dəyərləndirilən “ABAD” mərkəzlərin yaradılması və fəaliyyətlərini genişləndirmələri hər bir ailənin öz məhsulu ilə tanınmasına geniş imkanlar açır ki, bu da öz növbəsində sosial müdafiənin təminatıdır. Məhz bu hədəflər iqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsinin formalaşdırılmasında da özünü göstərir. Dövlətimizin başçısı bildirir ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından daha üstün olmalıdır.
2018-ci ilin dövlət büdcəsi də sosialyönümlülüyü ilə diqqət çəkir. Sosialyönümlü xərclərin xüsusi çəkisi 2017-ci illə müqayisədə 2,2 faiz çoxdur. Bu artımlar ölkəmizin iqtisadi imkanlarına əsaslanır ki, bunlar da öz növbəsində təkmil islahatları bir zərurətə çevirir. Birinci mərhələdə, yəni müstəqilliyimizin ilk illərində yaşanan iqtisadi böhranın aradan qaldırılmasında ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə vacib amilə çevrildi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafını neft amili ilə bağlaması düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsi idi. Artıq son 15 ildə atılan addımlar neft kapitalının insan kapitalına çevrilməsinin zərurət olduğunu ortaya qoydu. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar enerji sektorundan asılılığı minimuma endirir. Artıq ÜDM-də özəl bölmənin payı 75 faiz təşkil edir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir.
Davamlı inkişaf öz növbəsində yeni texnologiyaların tətbiqini zərurətə çevirir. Andiçmə mərasimində cənab İlham Əliyev bu məqamı da qeyd etmişdir: “Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur. Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir.” Görülən işlərin nəticəsidir ki, yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin sayı artır, yerli tələbat ödənilməklə ixrac potensialı gücləndirilir. Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Ölkə Prezidenti İlham Əliyev əminliklə bildirir ki, dünya bazarında mövqeyimiz möhkəmləndikcə, Azərbaycan məhsullarına tələbat çoxaldıqca nailiyyətlərimiz də artacaq.
Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, aqroparkların, heyvandarlıq komplekslərinin, bitkiçilik təsərrüfatlarının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq. Sahibkarlar aparıcı beynəlxalq sərgilərdə iştirak edir. İxrac məsələləri mütəşəkkil qaydada, kompleks şəkildə həll edilir. Bu sahədə yeni əlaqə vasitəsi olan “Azexport” portalının yaradılması, Azərbaycanda istehsal olunan məhsullar barədə ətraflı məlumatların xarici investorlara çatdırılması yeni metod kimi sərfəlidir. Nəticə olaraq “Made in Azerbaijan” brendi dünyada tanınır və şöhrət qazanır. Bunun nəticəsidir ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına diqqət daha da artıb. Pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük inkişaf etdirilir. Fındıq, pambıq, barama, sitrus meyvələri, xam ipək istehsalının artırılması ilə ipək xalçaları üçün ipliyin istehsalına başlanması yeni ixrac sahəsinin yaranmasını təmin edir. Təkcə ötən il Azərbaycanda 10 xalça emalatxanası yaradılıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Naxçıvan Muxtar Respublikasında, Qobustan rayonunda xalça istehsalı emalatxanalarının tikintisi, təchizatı və infrastrukturunun yaradılması haqqında sərəncamlar bu qədim el sənətinə göstərilən diqqətdir. Beləliklə, Azərbaycan xalçalarının dünya bazarına çıxarılması üçün mühüm baza formalaşdırılır. Bu il daha 10 bölgəmizdə “Azərxalça”nın filiallarının yaradılması nəzərdə tutulub. Bundan başqa, bu il “Azərxalça”nın Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması da nəzərdə tutulub. Bütün bu addımlar ölkəmizin ixrac coğrafiyasının genişləndiyini təsdiqləyir.
Yeganə Əliyeva, “İki sahil”
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır
Diplomatik səfərə münasibət: yeni reallıqların qəbul edilməsi sülhün əsas şərtidir