Qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi zəfər qazanaraq bütün şəhidlərimizin, Xocalı soyqırımının günahsız qurbanlarının qisasını aldı
Bəşəriyyətin üzqarası, insanlıq sifətini itirən, sağalmaz irqçilik, nasizm və faşizm xəstəliyinə mübtəla olan qaniçən erməni cəlladları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə ən ağır cinayətlərdən biri kimi daxil olub. Ermənilərin törətdikləri bu soyqırımı Xatın, Xirosima, Naqasaki, Lidiçe Babi Yar, Ruanda və Serebrenitsa cinayətləri ilə bir sırada durur. Bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir. Bu faciə ermənilərin öz havadarlarının köməyi ilə son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi.
Bəşəriyyət əleyhinə törədilmiş bu cinayətin dəhşətləri heç zaman yaddaşlardan silinməyəcək. “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdur. Bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Faciə zamanı 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkinin taleyi hələ də məlum deyildir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Artıq dünya ictimaiyyəti Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu soyqırımından xəbərdardır, onun tanınması istiqamətində görülən işlər də öz bəhrəsini verməkdədir. İnsanlıq əleyhinə törədilmiş bu faciənin tanıdılması istiqamətində dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənməkdədir. Prezident İlham Əliyev Xocalı faciəsini xalqımızın tarixində ən dəhşətli qətliam kimi qiymətləndirərək bildirib ki, bu dəhşətli cinayətin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının ən ümdə vəzifələrindən biri olmalıdır: “Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, soydaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir. Bu işdə Azərbaycan və türk diaspor təşkilatlarının yeni yaradılan birliyi, fəaliyyətinin əlaqələndirilməsi böyük əhəmiyyətə malik ola bilər. Biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq”.
Ölkəmizin başçısının proqram xarakterli tövsiyələri əslində bu istiqamətdə daha ciddi nəticələr əldə etməyə bir çağırışdır. Çünki dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.
Bu günə qədər Xocalı faciəsini, bütövlükdə Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm işlər görülmüşdür. Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində keçiriləcək aksiyalara dəstək məqsədi ilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər göndərilmişdir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanmışdır. Fondun əvəzsiz xidmətlərinin sayəsində dünya ctimaiyyəti Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Xocalı qırğınından söz açan “Sonsuz dəhliz” sənədli filmi də Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb.
Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun gördükləri bu unikal işlərin sayəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir. Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Hər il nüfuzlu xarici nəşrlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Bu dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumıniya parlamentləri, eləcə də ABŞ-ın xeyli ştatı Xocalı soyqırımını tanıyıb.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020- ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 28 illik əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından Rüstəm Qasparyan, onun oğlu və neçə-neçə belə cinayətkar qaniçən məhv edildi, bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Zahid Rza, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib