Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xalqımızın XX əsrdə üzləşdiyi bu dəhşətli faciə Xatın, Holokost, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı barədə demişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu."
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin jurnalist və publisistlərini dəhşətə gətirmişdir. Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vayner qeydlərində Xocalı soyqırımını qorxulu yuxuya bənzədir. O, jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazıb. Vayner “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan edib. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı məhz bu yolla “ram etməyə” çalışıb.
Soyqırımdan bir neçə il sonra, o zaman özünü “Dağlıq Qarabağ Respublikasının müdafiə naziri” adlandıran, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan britaniyalı jurnalist və yazıçı Tomas de Vaala müsahibəsində həyasızcasına Xocalıda soyqırımı törətdiklərini etiraf edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdü ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz həmin stereotipi dağıtdıq. Və nə baş verdiyini gördünüz”.
Jurnalistin“Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi” sualına cavab olaraq Serj Sarkisyan kinlə deyib: “Heç bir peşmanlığım yoxdur. Bu cür sarsıntılar minlərlə insanın həyatı bahasına başa gəlsə də, zəruridir”.
Artıq 30 ilə yaxındır ki, hər il Xocalı soyqırımının ildönümü ərəfəsində mərhum telejurnalist Çingiz Mustafayevin göz yaşı içində, hıçqırtı ilə lentin yaddaşına köçürdüyü Xocalı faciəsini əks etdirən kadrlara baxanda adamın ürəyi ağrıyır. Erməni faşistlərinin Xocalı camaatının başına gətirdikləri müsibətlər - orta əsr vəhşiliyi ilə qətlə yetirilmiş, dərisi soyulmuş, gözləri çıxarılmış, bədənləri dəlmə-deşik edilmiş meyitlər Azərbaycan xalqına qarşı kütləvi qırğının necə qəddarlıqla həyata keçirildiyindən soraq verən görüntülərdir. Uşaqların, qadınların, qocaların təhqir olunmuş cəsədləri cildi sökülmüş qalın bir kitabın cığırlara, yollara səpələnən qanlı səhifələrinə bənzəyirdi.
Strateji araşdırmaçılar çox düzgün qeyd edirlər ki, Xocalı soyqırımına sadəcə, 1992-ci ilin 25-26 fevralında baş vermiş faciə miqyasinda yanaşmaq düzgün deyil... “Nə üçün ermənilər dinc əhalini öldürüblər" -sualını bölgə üzrə ekspert S. Kornell belə cavablandırır: “Erməni tərəfin iki mühüm hədəfi var idi: birincisi, dinc əhalinin öz torpaqlarını bir daha geri dönməyəcəyi şəkildə tərk etməsi, ikincisi, dinc əhalini qorxutmaq yolu ilə Xocalıdan sonrakı ərazilərin işğalını asanlaşdırmaq və erməni işğalına qarşı dinc əhalinin müqavimətini qırmaq...”
Əslində erməni faşizmi bu qeyri – insani hərəkətlə alman faşizmindən də qəddar olduğunu nümayiş etdirdi.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətin erməni terrorizminə qarşı təsirli tədbirlər görməsi tələb olundu.
Çexiya parlamenti Avropa İttifaqında Ermənistanı Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə pisləyən ilk qanunverici orqan oldu. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də, ABŞ-ın 21 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər.
Xocalı faciəsi yalnız xalqımızı deyil, bütün dünyanı dəhşətə gətirən siyasi aksiya idi. Bu soyqırımın uzun müddət cəzasız qalan “müəllifləri” 44 günlük Vətən müharibəsində də döyüş əməliyyatları zonasından kənarda yerləşən Gəncə, Tərtər və Bərdə şəhərlərinin mülki əhalisinə qarşı Xocalı soyqırımının eyniadlı ssenarisi ilə terrora əl atdılar. Ermənistanın azğınlaşmış hərbi-siyasi rəhbərliyinin birbaşa göstərişi ilə həyata keçirilən bu qanlı cinayətləri törədənlərin çoxuna şanlı Azərbaycan Ordumuz döyüş meydanında layiq olduğu cəzanı verdi. Tarix yazan Azərbaycan əsgəri mülki vətəndaşlarımızı atəşə tutan düşmənə dövlətimizin və Milli Ordumuzun hansı imkanlara malik olduğunu göstərdi.
Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyevin göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə Fondun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq “Xocalıya ədalət!” kampaniyası isə ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir.
...Hər il fevralın 26-da müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.
Bu il ilk dəfə biz bu anım gününü qalib ölkənin vətəndaşları kimi qeyd edəcəyik. Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi bütün dünyada soyqırımı kimi tanınacaq!
Nurəddin Muğanlı, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib