44 günlük Vətən savaşında Gəncənin, Bərdənin, Tərtərin dinc sakinlərinə qarşı Ermənistanın həyata keçirdiyi terror cinayətləri Xocalıda törədilən soyqırımın, kütləvi qırğının davamı idi
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu, baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular. Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.
Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələrlə zəngin idi. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri bu şəhərdə məskunlaşmışdılar. Sonralar ermənilər etiraf edirdilər ki, Ermənistan silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.
Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Ermənilər Birinci Qarabağ müharibəsində Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri genosid, kütləvi qırğın hərəkətlərini 28 ildən sonra da davam etdirərək, 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisini yenidən atəşə tutdular. Qadağan olunmuş ağırçaplı silahlarla Gəncənin, Bərdənin, Tərtərin dinc əhalisini atəşə tutmaqla, insanlarımızı qətlə yetirməklə ermənilər öz terrorçuluğunu, caniliyini bir daha ortaya qoymuş oldu. Döyüş meydanında Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında aciz qalan və böyük itkilər verərək geri çəkilməyə məcbur olan mənfur düşmən beynəlxalq konvensiyalarda təsbit olunmuş bütün müharibə qaydalarını kobud şəkildə pozdu. Belə ki, mülki əhalimizin yaşadığı məntəqələri atəşə tutan xain düşmən cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Qəbələ, Kürdəmir və digər şəhərlərə də çoxsaylı raket zərbələri endirdi. Erməni vandallığını bir daha nümayiş etdirən Gəncə, Bərdə və Tərtərdəki terror aktları və qadağan olunmuş silahlardan istifadə ilə törədilən müharibə cinayətləri Xocalı qətliamının davamı olmaqla 91 mülki şəxsin, o cümlədən uşaqların və qadınların həyatına son qoydu. Lakin Azərbaycan xalqının qələbə əzmini qırmağa və ölkəmizdə sabitliyi pozmağa yönələn düşmənin bu cəhdləri uğursuzluğa uğradı. Moskva, Paris, Vaşinqton və Cenevrədə razılaşdırılmış humanitar atəşkəsi kobudcasına pozan xain düşmənin heç bir əxlaq normalarına uyğun gəlməyən qanlı əməlləri sayəsində dünyasını dəyişən vətəndaşlarımızın qisasının qəhrəman əsgərlərimiz tərəfindən döyüş meydanında layiqli şəkildə alınması xüsusi qeyd olunmalıdır. Azərbaycan əsgərinin sarsıdıcı əks-hücum həmləsindən təlaşa düşən düşmən tarixi torpaqlarımızdan qorxaqcasına və həmişəlik olaraq qaçdı.
Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazdı. Ədalətə söykənən və haqq mübarizəsinə əsaslanan xalq-dövlət-ordu birliyi mənfur düşmənə yerini bildirdi. Azərbaycan dövləti məğlubedilməz və şanlı Azərbaycan Ordusunun yüksək döyüş əzmi və ruhu ilə regionda sülhün və sabitliyin təmin edilməsinə nail oldu. Azərbaycan əzəli və əbədi torpaqlarından bir qarış belə güzəştə getmədi. Ali Baş Komandan İlham Əliyev ölkəmizin milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yüksəlməsi reallığını sadəcə sözdə deyil, əməldə də göstərdi. Beləliklə, ölkəmiz tarixi reallığı özünə qaytardı, tarixin haqlı axarına yeni başlanğıc verdi. Bizləri gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidinə çevirdi.
Sevinc Azadi, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib