Xocalı qətliamını törədənlərin bir çoxu Azərbaycan Ordusu tərəfindən məhv edildi
Bir neçə gün sonra XX əsrin son on illiyinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü qeyd olunacaq. Ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdikləri faktdır. Yüzlərlə günahsız insanın, xüsusilə qadınların, qocaların, uşaqların bir gecədə qətlə yetirilməsi dünya tarixində az rast gəlinən faciələrdəndir.
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri ilə Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə törədilib. Hücumdan əvvəl, fevralın 25-də şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutulub, nəticədə böyük dağıntılar və yanğınlar baş verib. Fevralın 26-sına keçən gecə şəhər tamamilə alova bürünüb. Şəhəri yerlə-yeksan etmiş erməni quldur dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində həlak olan 613 nəfərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70 nəfəri qocalar olub. 8 ailə tamamilə məhv edilib. Ermənilər sağ qalmış insanlara işgəncələr verib, başlarının dərisini soyub, uşaqların gözlərini çıxarıblar. Bu, insanlığa sığmayan vandalizm aktı, vəhşilik, cinayətdir. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətlamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımıları ilə bir sırada dayanır.
Azərbaycanda Əkbər Rüstəmov adlı belə bir müəllim var - şəhid tələbələrinin şəklini ailə albomunda saxlayır, şəhid oğlunun şəkli ilə birlikdə.Səngərdə belə gündəlik yazıb, tarixin qayğısına qalıb - əsl müəllim kimi. Əsl vətəndaş, müəllim, döyüşçü, əsgər atası, şəhid atası, publisist əslində saymaqla qutaran deyil. 3 oğlu ilə bir səngərdə düşmənə qarşı döyüşmüş, bir oğlu şəhid olmuş Əkbər ata...
Həmsöhbətimiz Qarabağ Azadlıq Təşkilatı Ağsaqqallar Şurasının üzvü, Şəhid atası, Qazi Əkbər Rüstəmov 29 il öncə Xocalı sakinlərini mühasirədən çıxartmaq üçün atıldığı döyüşdən, Ağdama gətirdiyi yaralılardan danışır.
“İki sahil” həmin dəhşətli faciənin şahidlərindən birinin xatirələrini təqdim edir.
Həmsöhbətimizin sözlərinə görə, həmin gecəni təsəvvür etmək çox dəhşətdir: “O günləri yadımdan çıxara bilmərəm. Çünki mən həmin faciəni yaşamışam. O gecə çox çətin oldu. Hava çox soyuq idi. Qar yağmışdı. Gediş-gəliş çətinləşmişdi. Bir adam qalmamışdı. Hamısı səpələnmişdi dağlara. Hər kəs gücü çatdığı qədər çalışırdı ki, kömək eləsin. Kimin evində gücü çatan nə var idisə, gətirirdi. Axşam saat 10 olardı, mənə zəng gəldi ki, qərargaha gəlməliyəm. Bizim elə silahımız yox idi. Ov tüfəngi, qoşa lülə var idi.”
Əkbər Rüstəmov qeyd edir ki, 1987-ci ildən bu hadisələr başlayıb. O zaman mən peşə məktəbləri üzrə “Ehtiyat Əmək Qüvvələri” cəmiyyətinin həm plenum üzvü idim, həm də rəyasət heyətinin üzvü idim. Ağdamda 50 nömrəli texniki-peşə məktəbində idman rəhbəri işləyirdim. Dağlıq Qarabağda bütün peşə məktəblərinin yoxlamalarına gedərdim. Həmin dövrlərdə Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Əsgəran, Ağdamda yerləşən məktəbləri yoxlayıb, Bakıya məlumat verirdim. Baxdım ki, ermənilər çox canfəşanlıqla hərəkət edirlər. Yəni, mənə baxıb müəyyən söhbətlər edirdilər. Ermənicə bilmədiyim üçün nə dediklərini anlaya bilmirdim. Sonradan fikir verdim ki, Ağdərə, Martuni, Ağdam tərəfinə hətta ağ bayraqlar taxıblar. O vaxt "KQB" məni çağırıb "avanqardlıqla" məşğul olmaqda günahlandırdı. Mən isə etiraz etdim. Bildirdim ki, bunlar başqa bir niyyətdədirlər. O cümlədən, “Ehtiyat Əmək Qüvvələri” cəmiyyətinin iclasları olurdu və ermənilər də üzv olduğu üçün bəzən iştirak üçün gəlirdilər. Bir müddət sonra gediş-gəlişləri kəsildi. 1988-ci ildə onlar ərizə verərək bu cəmiyyətə üzv olmaqdan imtina etdilər. Hansı ki, Azərbaycan ərazisində yaşayırdılar. Mən artıq dərk etdim ki, bunların fikri bambaşqadır və artıq bizdə bir çoxu bunu başa düşməyə başladı.
Həmsöhbətimiz daha sonra bunları bildirdi: "Xocalı faciəsini sanki hər gün yaşayıram. O insan çığırtıları, ana hayqırtısı, bala səsi, qız-gəlinlərin fəryadı hamısı gözümün qabağındadır. Bir epizodu olduğu kimi sizinlə bölüşmək istərdim. Ceyhun adında bir oğlan tapmışdım. Ayağından yaralanmışdı. Fikirləşdim ki, bunu kürəyimə alım aparım. Yanında da qara iti var idi. İt elə dil bilirdi . Oğlan itə dedi ki, “çorni” bizimkilərdi. O it elə bil mənə yalvarırdı ki, sahibimi çıxart buradan. Ayağımda da qəlpə yarası var idi. Bir az sonra qoydum yerə və gördüm ki, qarın üstündə fırlanır. Ceyhun dedi ki, sənə əziyyət verirəm. Dedim yox, nə danışırsan? Heç bir narahatçılıq yoxdur. Elə belə soruşdum ki, oğlum, kimlərdənsən? Dedi ki, Xankəndindən Ağbaş Rəşidin oğluyam. Biz 80-90 nəfəri qabaqcadan çıxartmışdıq. Onların arasında uşağın atası da var idi. Dedim ki , atangili çıxartdıq. Qucaqladı məni, dedi ki, ay dayı, çox saqol. Dedim ki, qalanların hansı tərəfdə olduqlarını de, gedib çıxaraq. Bir qadın var idi. Təxminən, 70 yaşı olardı. Baxdım ki, güllə dəyməyib, faciənin dəhşətindən necə qorxmuşdusa ürəyi partlamışdı. Onu da oradan çıxartdım. Qoymadım orda qalsın, yəni, gücüm nəyə çatır onu da etdim.”
Ə.Rüstəmov xatırladığı epizodlardan birindən də bəhs etdi: “Bir qadın var idi mən onu oradan çıxardanda ayaqlarından vurulmuşdu. Kürəyimə götürüb çıxarırdım. Qadından soruşdum ki, orada nə gördün. Çünki Xocalının içinə girmək mümkün deyildi. Biz Şelli tərəfdə onların qabağına çıxmışdıq. Dedi ki, bir qonşumuz var idi. Onu vurdular, uşağı isə qışqırırdı. Ermənilər uşağı götürüb pəncərəyə xaç kimi bağladılar. Onlar uşağın səsini kəsmək üçün ananın sinəsini kəsib "soska" kimi uşağın ağzına verdilər. Bundan böyük dəhşət, rəzalət olarmı? Bu, həmin gün baş verən hadisələrdən sadəcə biridir. Mən həmin an papağımı tulladım.”
Ə.Rüstəmov 29 il sonra həmin papağı yenidən başına taxdı: “Bu gün sevinirəm, çünki, o dövrdən bu günə qalan erməni ilanları, goreşənləri deyimmi, ad tapa bilmirəm onlara. Onlardan salamat qalanlar gördülər ki, qüdrətli Azərbaycan Ordusu var və onların cavabını verdi. Xocalı qətliamını törədənlər Azərbaycan Ordusunun gücünü gördülər. Vətən müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçıları da oldu. Ona görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, qalib Ordumuza, əsgərlərimizə çox təşəkkür edirəm və can sağlığı arzu edirəm".
Yaqut Ağaşahqızı, "İki sahil"
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib