03 fevral 2021 16:54
1674

Dünyada eşidilməyən Xocalı fəryadı

Xocalı soyqırımı haqqında daha nələri bilirik? Soyqırımda İslam faktoru əsas amil olubmu? Niyə Xocalıda yüzlərlə azərbaycanlını qətlə yetirən ermənilər  azadlıqda gəzirlər? Niyə və kimin xatirinə Xocalı şəhərini ermənilər “İvanovka” kimi tanıtmaq istədilər. 30 ilə yaxındır ki, üst-üstə verilən bu cavablı- cavabsız sualların qarşısında  əzab çəkirik...

Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist Çingiz Mustafayevin göz yaşı içində, hıçqırtı ilə lentin yaddaşına köçürdüyü Xocalı faciəsini əks etdirən kadrlar dünyanın çox telekanallarında dönə-dönə nümayiş etdirilib. Erməni faşistlərinin  Xocalı camaatının başına gətirdikləri müsibətlər - orta əsr vəhşiliyi ilə qətlə yetirilmiş, dərisi soyulmuş, gözləri çıxarılmış, bədənləri dəlmə-deşik edilmiş meyitlər Azərbaycan xalqına qarşı kütləvi qırğının necə qəddarlıqla həyata keçirildiyindən soraq verən görüntülərdir. Uşaqların, qadınların, qocaların təhqir olunmuş cəsədləri cildi sökülmüş qalın bir kitabın cığırlara, yollara səpələnən qanlı səhifələrinə bənzəyirdi. Çingiz bu dəhşətli səhnələri lentə alanda da, həyatını təhlükə qarşısında qoymuşdu. Hər dəfə Xocalı soyqırımının ildönümü ərəfəsində o kadrlara baxanda adamın ürəyi ağrıyır. Bəs görəsən, dünya ictimaiyyəti bu dəhşətli ölüm səhnələrini seyr edə-edə, niyə Xocalı harayını 30 ilə yaxındır ki, eşitmir?

Xocalı qırğını Amerika Konqresi tərəfindən “1992-ci ilin faciəsi” elan olunsa da, niyə beynəlxalq məhkəmə cinayətkarları cəzalandırmadı?

Məgər bəşəriyyəti narahat edən terrorçuluq, neofaşizm, ekstremizm Azərbaycana qarşı aparılan ermənilik siyasətinin özəyini təşkil etmir? Dünyanın “eşitmədiyi” Xocalı harayının elə Bakıda da yüksək postlar tutan o vaxtkı səlahiyyət sahibləri də qulaqardına vururdu. Hələ faciəyə qədərki dövrdə Xocalıdan gələn həyəcanlı xəbərlərə məhəl qoymayan respublikanın hüquq-mühafizə orqanlarının, səlahiyyətli şəxslərin laqeydliyi adamı dəhşətə gətirir.

1991-ci il dekabrın 27-dən 1992-ci ilin fevralın 25-nə kimi Xocalı şəhər prokuroru Atakişi Atakişiyev respublikanın prezidenti Ayaz Mütəllibova, respublikanın baş prokuroru Murad Babayevə ünvanladığı təcili teleqramlarda bildirirdi ki, “Xocalı əldən gedir...” “Xocalı Azərbaycanın taleyini həll edir.”

Bəli, Xocalı çoxdan mühasirədə idi. Camaatın işığı da kəsilmişdi, çörəyi də yox idi. Xalq yiyəsiz, kimsəsiz, başsız halda böyük təhlükə qorxusu ilə yaşayırdı. Xocalı niyə verildi? Bu xəyanət kimə xeyir verə bilərdi? A.Mütəllibovun komandası xalqı MDB-yə boyun əyməyə vadar etmək istəyirdisə, iqtidara can atan bəzi qüvvələr üçün bu, Ayazın özünə sarsıdıcı zərbə kimi düşünülmüşdü. Beləliklə, hər iki tərəf tarixi xəyanətin iştirakçısına çevrilirdi. “Xocalı yurdun qeyrət qapısıdır, onu yadlar açmamalıdır” kimi vaxtında dərc olunmuş ətraflı, həyəcan dolu məqala və müsahibələr faciədən 4 il sonra — 1996-cı ildə “Qarabağ” qəzetinin sifarişi ilə nəşr edilmiş “Qarabağda talan var...” kitabında öz əksini tapmışdır.

 Strateji araşdırmaçılar çox düzgün qeyd edirlər ki, Xocalı soyqırımına sadəcə, 1992-ci ilin 25-26 fevralında baş vermiş faciə miqyasinda yanaşmaq düzgün deyil... “Nə üçün ermənilər dinc əhalini öldürüblər?" -sualını bölgə üzrə ekspert S. Kornell belə cavablandırır: “Erməni tərəfin iki mühüm hədəfi var idi: birincisi, dinc əhalinin öz torpaqlarını bir daha geri dönməyəcəyi şəkildə tərk etməsi, ikincisi, dinc əhalini qorxutmaq yolu ilə Xocalıdan sonrakı ərazilərin işğalını asanlaşdırmaq və erməni işğalına qarşı dinc əhalinin müqavimətini qırmaq...”

Əslində erməni faşizmi bu qeyri – insani hərəkətlə alman faşizmindən də qəddar olduğunu nümayiş etdirdi. Almanlar işğal etdiyi ərazilərdən dinc əhalini çıxarmadılar. Nəticədə partizan hərəkatı işğalın sonunu yaxınlaşdırdı. Erməni faşistləri görünür, almanların bu “səhvini” təkrar etməmək üçün Xocalıda qanlı cinayətə əl atdılar.

Bəs görəsən Xocalıda qanlı cinayətləri törədənlərə Ermənistanda yüksək vəzifə postları tutmağa hansı dövlətlər dəstək verdi? Məgər Rusiya, Fransa, Amerika Adolf Hitleri və faşist cəlladlarını yəhudiləri qırdığına görə dəstəkləyirdi?  Yox! Bir an təsəvvür edək ki, Ermənistan İslam dövlətidir. BMT və ATƏT Qarabağın işğalını 30 ilə yaxın düyünə salacaqdımı? Xocalı faciəsinə göz yumacaqdımı? Əsla!.. Demək, dünya siyasəti bu gün ən çox xristian amilinə söykənir.

1992-ci ildə isə Xocalının və ətraf məntəqələrin külünü göyə sovuran rus zabiti İvan Moiseyevin batalyonu idi. Bu batalyon ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi məşhurlaşmışdı. Şübhəsiz ki, Xocalıda ermənilər yerləşəndən sonra buranı “İvanın vəhşi batalyonunun” şərəfinə “İvanovka” adlandırdılar, necə ki, Sarkozinin zamanında Ermənistanda dünyaya gələn uşaqlara türklərin qatı düşməni olan Fransa prezidentinin adını qoyurdular.

 Hadisədən az müddət əvvəl Paris yaxınlığında gizli təlim düşərgəsi yaratmış, “ASALA” terrorçu təşkilatının 26 nəfərlik dəstəsi mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə gəlmişdir. Onlar 366-cı alayın içərisində öz dayaqlarını yaradıb, polkovnik Y.Zarviqarova yerinə yetirəcəyi tapşırıq üçün əvvəlcədən 36 min ABŞ dolları vermişdilər. Bu məsələdən xəbər tutan 23-cü diviziyanın komandiri Boris Budeykin Zarviqarovun zabit şərəfinə xəyanət etdiyinə görə qovulmasını tələb etmişdi. 366-cı alayın hərbi əməliyyatlarda ermənilər tərəfinə keçib, azərbaycanlıları qırması, hərbi texnika və sursatı ermənilərə verməsi, əslində siyasi əhəmiyyət daşıyırdı. 366-cı motoatıcı alayın (bu alay 2 mart 1992-ci il tarixdə axşam radələrində vertolyotlarla 523 nəfərlik şəxsi heyətlə Gürcüstanın Vaziani bölgəsinə aparılmış, 10 martda marşal Şapoşnikovun əmri ilə ləğv edilmişdir) hərbi sursatlarının ermənilərə verilməsində general-polkovnik Qromov, general-leytenant Qrekov, general-leytenant Hakopyan, polkovnik Y.Zarviqarov (ermənilərə kömək etdiyinə görə 24 fevral 1992-ci il tarixdə saat 21.15-də artıq o, general rütbəsi almışdı), polkovnik O.Kraule, deputat Andropov və başqaları iştirak etmişdilər. Nəticədə ermənilər 23 ədəd PDM, 3 ədəd ZSU-23-4, 8 ədəd D-30 və başqa döyüş texnikası əldə etdilər.

 Xocalıya hücum ərəfəsində 366-cı motoatıcı alayın komandiri Y. Zarviqarovun əsgərlər qarşısında odlu-alovlu çıxışı rus əsilli heyətin ermənilərə dəstək verməsini qətiləşdirdi. Xocalının alınma planı bir həftə öncə, fevralın 20-də tam hazırlanmışdı. Xocalı hadisəsi ilə bağlı ermənilərin ruslarla əlaqələrinə aid sənədlərin bir qismi 1 mart 1992-ci il tarixində Zaqafqaziya hərbi dairəsinin aviasiya komandanı, general-mayor S.Lukoşovun əmri ilə yandırılmışdı. Dağlıq Qarabağda 02270 saylı hərbi hissənin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi Vladimir Savelyevin “Zabit Puqaçov” imzası ilə BMT-yə, Avropa Şurasına və sair orqanlara ünvanladığı “məxfi arayış”ında belə xatırlamalar öz əksini tapıb: “Ermənilər ruslara məxsus olan “02-19 MM” nömrəli KAMAZ maşını ilə ərazidə olan azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular. Mən əsir alınmış azərbaycanlıları sıraya düzüb, ermənilərə qoşularaq tək-tək məhv edən və bundan böyük həzz alan rütbəli zabitlərin bəzilərinin adlarını tanıtmaq istəyirəm: polkovnik B.Baymukov - arxa cəbhə üzrə alay komandirinin müavini, mayor Seyran Ohanyan - 2-ci batalyonun komandiri, mayor Yevqeni Naboki—2-ci batalyonun komandiri, Çittiyən - 1-ci batalyonun qərargah rəisi, baş leytenant O.V.Mirxayzarov - rota komandiri, V.N.Qarmoş - tank rotasının komandiri, N.T.Hakopyan - rota komandiri, V.İ.Valilovski - rota komandiri, leytenant İ.S.Abraimov - tank əleyhinə batareya komandiri, S.İ.Patkovski - mühəndis istehkam rotasının komandiri, leytenant O.V.Balezni - 3-cü tank rotasının komandiri, leytenant Xrinxua - kəşfiyyat bölməsinin rəisi, A.V.Samkin - tank bölməsinin komandiri, V.İ.Bondarpriyev - kəşfiyyat rəisinin müavini, A.İ.Kulov - radio-kimyəvi bölməsinin rəisi və eləcə də daha 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslər...”.

Yox, milliyyətcə erməni olanlar təkcə kiçik rütbəli və ya adi şəxslər deyildi. Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmış Arno Abramyan, Əsgəran DİŞ rəisi Mavrik Quqasyan, onun müavini Şaqen Baqseqyan, erməni xalq cəbhəsinin sədri Vitali Balasanyan, Xankəndi həbsxanasının rəisi S. Köçəryan və başqa vəzifəli şəxslərin adları bu qanlı hadisələrin iştirakçısı kimi müəyyənləşdirilmişdir.

Bəli, Xocalı hadisəsi Azərbaycan tarixinə xalqımızla bərabər bütün dünyanı qorxudan siyasi aksiya kimi yazıldı. Amma Xocalı soyqırımının məlum müəllifləri hələ də naməlum şəkildə (?) öz layiqli cəzalarını almayıblar.Bəşəriyyətə qarşı yönəlmiş bu qanlı cinayət cəzasız qalmamalıdır. Ölməz Nizami Gəncəvi demişkən:“İnkarla haqq sözü danmaqmı olar?!”

...Biz – Azərbaycan xalqı isə hər il fevralın 26-da Xocalı faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Bu bəşəri faciəyə həsr olunmuş “Vətən harayı” abidə kompleksi Bakıda  Xocalı prospektində  qoyulmuşdur. Yaxşı olardı ki, yeni bir xatirə kompleksi  işğaldan azad edilmiş torpaqlarımızda ucaldılaydı və ölkəmizə gələn xarici qonaqlar, beynəlxalq təşkilatların nümayəndələri də qanlı Xocalı faciəsinin dəhşətlərindən soraq verən daha monimental və möhtəşəm abidə kompleksini görə biləydilər!..

Nurəddin Muğanlı, “İki sahil”