18 yanvar 2021 19:40
740

Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Rotterdamda anılıb

Niderlandın Rotterdam şəhərində 20 yanvar şəhidlərinin xatirəsi yad edilib.

"İki sahil" xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdamdakı ofisində 1990-cı ildə sovet ordusu tərəfindən Bakıda törədilmiş 20 Yanvar hadisələrinə həsr edilmiş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra çıxış edənlər 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb və fikir mübadiləsi aparıblar.

Qanlı Yanvar günlərinin şahidləri həmin gecə baş vermiş hadisələrdən danışıb, xalqımıza qarşı törədilən vəhşiliklərdən söz açıblar. BAK-ın 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi istiqamətində gördüyü işlərdən danışılıb.

Tədbirdə BAK-ın sədri Elsevər Məmmədov, İdarə Heyətinin üzvləri, eləcə də Türkmən Cəmiyyətinin sədri Cüneyid Avcı iştirak ediblər. Anım tədbirində Kərkük türkləri şəhidlərinin də xatirəsi anılıb.

Sonda şəhidlərin ruhuna dualar oxunub və ehsan verilib.