18 yanvar 2021 17:46
462

20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir

Torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan İlham Əliyev, Milli Ordumuz  Azərbaycanın Zəfər salnamənin yeni səhifələrini yazdı

«Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır» sözləri tarixin sınağından çıxan hikmətdir. Varlığını təsdiq edən bütün xalqlar ilk növbədə azadlıqlarına qovuşurlar. Ulu öndər Heydər Əliyev də inanırdı ki, vaxt gələcək canından artıq sevdiyi Vətəni azad, müstəqil respublika kimi dünyada söz sahibi olacaq. Lakin 70 ildən artıq imperiyanın tərkibində olan digər müttəfiq respublikalar kimi Azərbaycan da «qardaşlıq ailəsinin» bir üzvü kimi, saxta beynəlmiləlçilik qanunlarına tabe idi. Amma zaman öz hökmünü bildirir. Sovetlərin oraq, çəkicli bayrağı altında yaşamağa məcbur olan insanlar başa düşürdülər ki, çürüməkdə olan sovet üsul- idarəsinin zərərli ideologiyası respublikaların müstəqilliyini, insanların azadlıq istəyini boğur. Guya müstəqil olub, əslində mərkəzdən idarə olunan «müttəfiqlər» ötən əsrin sonlarına yaxın qollarına vurulan ittifaq zəncirindən qurtarmaq istəyirdilər. İqtisadiyyatı zəifləyən SSRİ adlı «qüdrətli» son nəfəsini verməkdə idi. Ölkəni idarə etmək bacarığında olmayan Qorbaçov hakimiyyəti kökündən sarsılırdı. Bütün ölkələrin proletarlarını birləşdirməyə çağıran Leninin mavzoleydəki nəşi kimi kommunizm ideologiyası da çürüyürdü.

Xalqların istəyini ifadə edən şəxsiyyətlər isə müxtəlif üsullarla zərərsizləşdirilirdilər. Təbii sərvətləri ilə sovetlərin ümumi «süfrəsini» zənginləşdirən Azərbaycanda da artıq milli oyanış hiss olunurdu. Tarixin gedişi bir həqiqəti qaçılmaz edirdi: İnkişafın, özünü dərkin, buxovlardan qurtuluşun yolu azadlıqdan başlanır. «Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir» çağırışlarını, xalqların milli oyanış istəyini susdurmaq üçün Alma-Atıda, Vilnüsdə, Tbilisidə qırğın törədən imperiya eyni dəst- xəttini Azərbaycanda da sınaqdan keçirdi.

 1990-cı ilin yanvar ayında imperiya iti caynaqlarını cənuba da uzatdı. Sovetlər dövründə belə azad fikirli şəxsiyyətləri , xalqına, torpağına bağlı mütəfəkkirləri ilə tanınan Azərbaycanın demokratik fikirli ziyalıları müstəqillik istəklərini ifadə etməkdən çəkinmirdilər. Yaranmış vəziyyətdən istifadə edən, Kremldəki havadarlarının xeyir-duasını alan ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı mitinqlər təşkil edir, Azərbaycan torpaqlarını zəbt etməyə çalışırdılar. Bir vaxtlar qonaq kimi gəldikləri yurdu özlərinin tarixi torpaqları adlandıran ermənilərə qarşı ümumxalq hərəkatı başladı. Azərbaycan xalqı bir nəfər kimi səfərbər oldu. Ancaq bu «səfərbərlik» ermənilərə «yaşıl işıq» yandıran Qorbaçova və onun kimi erməniləri dəstəkləyənlərə xoş gəlmədi. Beləcə 20 yanvar 1990-cı ildə imperiyanın «xilaskar qızıl ordusu» ağır texnika və çoxsaylı qoşunları ilə Bakıya yeridildi.

 «Böyük qardaş»larından bu cür xəyanəti gözləməyən, əliyalın tank qarşısına çıxan günahsız insanlar gülləbaran edildilər. Çar dövründə, 1905-ci ildə törədilən və tarixə «qanlı bazar günü» kimi yazılan hadisələri təkrarlayan imperiya mənfur niyyətini şənbə gününə təsadüf edən 20 yanvar 1990-cı ildə Bakıda təkrarladı. Qaniçən ermənilərdən, peşəkar döyüşçülərdən təşkil olunmuş « xilaskar qızıl ordu»nun zirehli hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən insanlara qarşı vəhşiliklər törədən «paqonlular» Bakıda qanlı qırğınlar törətdilər.
 Müstəqil dövlətə qarşı siyasi təcavüz olan bu hadisəyə ilk etirazını Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirdiyi mətbuat  konfransındakı çıxışı, Bakıya göndərdiyi başsağlığı teleqramı ilə bildirən fərdi pensiyaçı Heydər Əliyev Kremlin bu hərəkətini ölkəmizin suverenliyinə qarşı zorakılıq aktı adlandırdı.

Azərbaycan xalqına teleqram göndərərək insanları belə ağır məqamlarda birliyə , həmrəyliyə çağırdı: « Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə. Azərbaycan xalqına.

 Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən- dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

 Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa , həmrəyliyə və birliyə çağırıram.

 Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.

 Heydər Əliyev

 Moskva, 21 yanvar 1990-cı il.

 Kremlin göstərişlərini sözsüz yerinə yetirən Azərbaycandakı ələbaxan satqınlar xalqın səsinə səs vermədikləri kimi, el ağsaqqalı Heydər Əliyevin teleqramının ictimaiyyətə çatdırılmasına da mane oldular. Hadisələrin dünya ictimaiyyətindən, xalqdan gizlədilməsi üçün SSRİ DTK-nın ALFA qrupu silahlılarının qeyri-qanuni hərəkətlərinin qarşısı alınmadı. 1989-cu ildə Naxçıvanda başlanan sərhəd hərəkatının iştirakçılarını narkoman, ekstremist adlandıran imperiya qanlı əməllərini ört-basdır etmək üçün həmin ssenarini 20 yanvarda da təkrar etdilər. Məqsəd isə ermənilərin istədiyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Topxana meşəsinin dağıdılması, soydaşlarımızın tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan kütləvi çıxarılması, azərbaycanlı olduqları üçün soydaşlarımızın erməni quldurları tərəfindən hər cür işgəncəyə məruz qalması xalqımızı daha da hiddətləndirdi. Respublikamızın bütün bölgələrində başlanan ümumxalq etirazlarının qarşısının alınması üçün hadisədən əvvəl SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın böyük hərbi kontingenti Azərbaycana gətirildi və Qala, Nasosnı aerodromlarında, Salyan kazarmasında yerləşdirildi. 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirildi. Beləliklə Dağlıq Qarabağın Azərbaycandan qoparılması planının ilk mərhələsi başlanıldı.

Azərbaycanın Moskvadakı nümayəndəliyindəki çıxışında SSRİ müdafiə naziri D.Yazovun, daxili işlər naziri B.Bakatinin, Sov.İKP MK katibi A. Girenkonun və digər dövlət və hökumət rəsmilərinin hadisələrə birbaşa nəzarətini tənqid edən müdrik şəxsiyyət Heydər Əliyev bildirirdi ki, baş verənlərə güc strukturlarının bu heyətdə nəzarəti heç zaman müşahidə olunmayıb . Xalqın etirazlarının qarşısının alınması üçün Bakıda, Gəncədə, Naxçıvanda fövqəladə vəziyyət elan olundu, qadağan saatı tətbiq edildi. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Vəzifə düşkünü olan respublika rəhbərliyi xalqla bir olmağa deyil, Kremlin əmrlərini  yerinə yetirməyə üstünlük verdi. Hadisəyə siyasi qiymət verilməsi isə gündəmə gətirilmədi. 20 Yanvar faciəsini araşdırmaq üçün yaradılmış komissiyanın işi yarımçıq dayandırıldı. Vəziyyətin mürəkkəbliyini uzaqgörənliyi ilə dərk edən və bunun ağır nəticələr verəcəyini bildirən Ulu Öndər milli təəssübdən, vətənpərvərlikdən kənar olan yaltaqlara da iradlarını bildirirdi: «Respublikanın Ali Sovetində etdiyim çıxışlarımda bir neçə dəfə təklif etdim ki, gəlin bir daha ictimai-siyasi durumu təhlil edək. Mənə isə cavab verirdilər ki, Dağlıq Qarabağ heç vaxt indiki qədər bizim olmayıbdır. Həqiqət isə ondan ibarət idi ki, vaxtı ilə Sovet İttifaqının rəhbərlərindən biri olduğuma görə , öz siyasi təcrübəmə əsaslanaraq yaxşı anlayırdım ki, mənim xalqımı uçuruma, fəlakətə aparırlar» söyləyən müdrik şəxsiyyət Heydər Əliyevin sözlərini sonrakı hadisələr təsdiqlədi.

20 Yanvar hadisəsinə ilk qiymət də «Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basırlarsa, bax, bu, xalqın ən böyük faciəsidir» söyləyən ümummilli lider Heydər Əliyev tərəfindən verildi.

1990-cı il, 22 iyulda Naxçıvana gələn fərdi pensiyaçı, Naxçıvan MR Ali Məclisinin sıravi deputatı Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan «1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» qərar layihəsi müzakirəyə çıxarıldı.Ulu öndər Heydər Əliyevin nüfuzu sayəsində 21 noyabr 1992-ci il tarixdə qəbul olunmuş qərar 20 Yanvar hadisələrinə verilən ilk siyasi, hüquqi qiymət oldu. Beş bənddən ibarət həmin tarixi əhəmiyyətli sənəddə qeyd olunurdu ki, 1990-cı ilin yanvar ayında Bakıda törədilən qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Dinc əhalinin qətlə yetirilməsi, göstərilən zorakılıq Azərbaycan xalqına açıq təcavüz kimi ittiham edilsin. Respublikanın ali hakimiyyət orqanları tərəfindən Bakı faciələrinə siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, günahkarların aşkara çıxarılıb məsuliyyətə cəlb olunmaması etirazla qarşılansın.

1993-cü ildə Azərbaycanda yaranmış siyasi vəziyyətlə əlaqədar Bakıya qayıdan ulu öndər Heydər Əliyev ölkədə siyasi sabitlik, 20 Yanvar hadisələrinin əsaslı təhlilinə da şərait yaratdı. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas edən Ulu Öndər Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini, sovetlərin zərərli ideologiyasını rəsmi səfərləri zamanı beynəlxalq ictimaiyyətə çatdırdı.

Dağlıq Qarabağ münaqişəsinin həllini xarici siyasətimizin əsas istiqamətləri kimi diqqətdə saxlayan Prezident İlham Əliyev Ulu Öndərin nəzərdə tutduğu, lakin başa çatdıra bilmədiyi vəzifələrdən olan Dağlıq Qarabağı işğaldan azad etməklə atasının vəsiyyətini də yerinə yetirdi. «Qarabağ bizimdir, Qarabağ Azərbaycandır» söyləyən Prezident, Ali Baş Komandan milli yaltaqların vaxtılə boğazdan yuxarı söylədikləri kimi deyil, həqiqi mənada Qarabağı öz sahiblərinə qaytardı. Torpaqlarımızı düşmən işğalından azad edən Milli Ordumuz müstəqilliyimiz, azadlığımız, torpaqlarımız uğrunda həlak olan bütün şəhidlərimizin intiqamını aldı. Ermənistan üzərində qələbəmizdən sevinən, qürur duyan hər bir azərbaycanlı qazanılan zəfər üçün şəhidlərimizə minnətdardır. Ruhunuz şad olsun, şəhidlər!

Xuraman İsmayılqızı, «İki sahil»