18 yanvar 2021 12:28
618

Misir portalında 20 Yanvar faciəsi haqqında məqalə

Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin 20 Yanvar faciəsindən bəhs edən məqaləsi yayılıb.

"İki sahil" xəbər verir ki, məqalədə 1990-cı ilin 20 yanvar hadisələri barədə ətraflı məlumat verilib, həmin tarixin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu qeyd olunub. Vurğulanıb ki, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etməsi nəticəsində həmin il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda 140-dan çox insan qətlə yetirilib, 700-dən artıq dinc sakin yaralanıb.

Səfir diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış edib. O, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.

Məqalədə həmin ağır illərdə işğalçı Ermənistanın da Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyü, sonradan torpaqların 20 faizini işğal etdiyi, ötən il isə 44 günlük müharibədən sonra böyük iradə nümayiş etdirən Azərbaycanın siyasi rəhbərliyi və Ordumuzun ərazilərimizi azad etdiyi diqqətə çatdırılıb.