28 may 1992-ci ildə, Respublika Günündə istifadəyə verilən “Ümid” körpüsü Ermənistan tərəfindən blokadada saxlanılan, çətin şəraitdə yaşayan Naxçıvan Muxtar Respbulikasının əhalisi üçün gözlənilməz, eyni zamanda, əlçatmaz arzuların gerçəkləşməsi günü idi. Həmin tarixi hadisə enerji, təbii qaz, ərzaq sarıdan çətinlik çəkən naxçıvanlılara ikiqat sevinc bəxş etməklə, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının daha bir nümunəsi kimi salnaməmizə yazılmaqla sonrakı layihələr üçün təməl oldu.
Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində blokadada qalan muxtar respublika əhalisi çətin şəraitdə yaşayırdı. O vaxt Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev insanları düşdükləri ağır vəziyyətdən çıxarmaq üçün yollar arayır, insanlara mənəvi dayaq olur, bütün çətinliklərin ağırlığını həmyerliləri ilə birlikdə hiss edirdi. Həmin vaxt Naxçıvanı “kor bağırsaq” adlandıran Bakıdakı “iqtidarların”, Qars müqaviləsinin ləğvini istəyən AXC-Müsavat cütlüyünün səriştəsiz siyasətbazları Naxçıvana ögey münasibət göstərməklə vəziyyəti daha da ağırlaşdırırdılar. Bu ögeylik Ulu Öndərə olan xalq ehtiramından yaranan qısqanclıq idi. Müdrik siyasətçi, dövlətçilik təcrübəsi ilə AXC Müsavat iqtidarını kölgədə qoyan Heydər Əliyevin böyüklüyündən, dühasından xoflananlar Naxçıvanın Bakı ilə yeganə əlaqə vasitəsi olan hava nəqliyyatının müntəzəm fəaliyyətini də əngəlləyir, muxtar respublikada vəziyyəti daha da gərginləşdirməyə çalışırdılar. Lakin ulu öndər Heydər Əliyevin dühası elə bir zirvədə qərarlaşmışdı ki, o ucalığın ziyası belə siyasətbazların gözlərini kor edib, qəlblərini qara rəngə boyayırdı.
Həmişə olduğu kimi, ən çətin məqamlarda delə ağlının, zəkasının qüdrətinə güvənərək liderlik missiyasını layiqincə yerinə yetirən Ulu Öndər bu dəfə də xilaskar kimi vəzifəsini yerinə yetirdi.
O ağır zamanlarda “Türkün türkdən başqa dostu yoxdur” sözləri bir daha dəyərini təsdiqlədi. Ankarada keçirilən danışqlarda qərara alındı ki, ümumi qüvvələrlə Araz çayı üzərindən Azərbaycanı Türkiyə ilə birləşdirən körpü tikilsin. Körpüyə ad da verildi: “Ümid” Tarixi, adət-ənənələri eyni kökdən qaynaqlanan Türkiyənin o dövrdə baş naziri, rəhmətlik Süleyman Dəmirəllə danışaraq vəziyyəti müzakirə edən uzaqgörən siyasətçi Heydər Əliyevin səyi nəticəsində qısa müddətdə Azərbaycanın ayrılmaz parçası, Naxçıvanın alınmaz qalası, mənəvi dayağı olan Sədərəkdə- Araz çayı üzərindən körpü salınması qərara alındı.
Türkiyənin məşhur “Matsandış” şirkətinin qısa müddətdə inşa etdiyi Sədərək- Dilucu körpüsünün tikintisi gözlənildiyindən də tez müddətdə başa çatdırıldı. Dəyəri 5 milyon manatdan çox (o dövrün məzənnəsi ilə) uzunluğu 288, eni 12 metr olan körpünün açılışı günü Naxçıvanda əsl bayram, təntənə idi. Körpü ilə Naxçıvana gətirilən humanitar yardımlar naxçıvanlıların ərzağa olan tələbatını ödədi. O vaxt “Ümid”i Böyük Vətən müharibəsi illərində Leninqradda Ladoqa gölü üzərindəki buz yolu ilə müqayisə edir, “Ümid” adına uyğun həyat yolu adlandırırdılar.
... Muxtar respublika əhalisi ikiqat sevinc içərisində idi. İllərin həsrətinə son qoyan Türkiyədən Naxçıvana gələn qonaqlar, muxtar respublikadan Türkiyəyə gedən insanlar ilk dəfə olaraq belə sərbəst görüşür, illərin ayrılığına son qoyurdular. Naxçıvanlıların əziz qonağı olan türklər xüsusi ehtiramla qarşılandı. Azərbaycanın cənubu ilə şimalını bölən, qardaşları illərlə ayrı salan nisgilli Arazın üstündən salınan “Ümid” körpüsü ilə addımlayan hər kəs inanırdı ki, bu yol təkcə Naxçıvan üçün deyil, bütünlükdə Azərbaycan üçün nicat yolu olacaq. İlk dəfə görüşsələr də əziz dostlar, tanışlar kimi görüşən, hal-əhval tutan qardaşlar əl-ələ tutaraq hər iki dövlətin bayraqları ilə bəzənmiş həyat yolundan qoşa addımlayırdılar.
Süleyman Dəmirəlin başçılıq etdiyi nümayəndə heyətinin də ( 60 millət vəkili, 40-dan artıq xarici ölkələrin KİV nümayəndəsi) iştirakı ilə təşkil olunan açılış mərasimini izləyən yerli sakinlər kimi qonaqların da gözlərində sevinc yaşları görünürdü. Bu göz yaşları qardaşın qardaşa minnətdarlıq duyğularının ifadəsi, illərdən bəri biri-birinə həsrət qalan doğmaların vüsal sevinci idi. Həmin günün yaşatdığı xoşbəxtliyi gələcək əməkdaşlıq üçün təməl hesab edərək xeyir dua verən, Sədərəklə Dilucunu birləşdirən körpünü “Ümid” yolu adlandıran xilaskar Heydər Əliyev bildirdi ki, bu yol həqiqətən bizim üçün arzularımızın körpüsüdür və türk dünyasına, dünyaya pəncərə olacaq.
S.Dəmirəl “Bu körpü təkcə Azərbaycanı və Türkiyəni birləşdirmir, bu Avropa ilə Asiya arasında körpüdür. Avropa və Asiya ölkələrinin qarşılıqlı, faydalı əlaqələrinə xidmət edə bilər” söyləməklə birgə əməkdaşlığın töhfəsi olan belə layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirdi.
Doğrudan da sonrakı illərdə yaşananlara nəzər saldıqda bu körpünün ümidləri doğrultduğunun şahidi oluruq. Həmin körpü ilə blokadada qalan Naxçıvana xeyli ərzaq gətirildi. Naxçıvan Türkiyənin enerji şəbəkəsinə qoşuldu. Bu yardım qardaşın qardaşa dayağı, dəstəyi idi.
Həmin körpü ilə o tay, bu taya keçənlər türk qardaşlığının qüdrətindən güc alaraq Ulu Öndərin söylədiyi kimi iki dövlətin bir milləti olduqlarını birlikləri ilə möhkəmləndirirdilər.
Tale elə gətirdi ki, sonrakı illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən, dostluq, qardaşlıq nümunəsi olan “Ümid”in xələfləri daha böyük coğrafiyanı əhatə edərək dünya əhəmiyyətli faydası ilə fərqləndi.
Bu körpü 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin xalqı qarşısında göstərdiyi önəmli layihə olmaqla Azərbaycan-Türkiyə dostluğunu möhkəmləndirən neft-qaz kəmərlərinin reallaşmasını asanlaşdırdı. “Əsrin müqaviləsi”ni imzalamaqla, neft strategiyasını hazırlamaqla bütün dünyanın ən iri neft şirkətlərinin diqqətini Azərbaycana cəlb edən, lider zəkasının bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft -qaz kəmərlərinin reallığına inandıran Ulu Öndər bir daha əvəzolunmaz siyasətci, geniş dünyagörüşünə malik dahi şəxsiyyət olduğunu sübut etdi. O illər sonradan belə xatırlandı: Əgər “Ümid” çətin şəraitdə yaşayan naxçıvanlılara yaşam, həyat bəxş etdisə, enerji layihələri Türkiyə ilə birlikdə Avropanın bir çox ölkələrinə işıq, nur gətirdi.
Cəmi 288 metr uzunluğunda olan “Ümid”in varisi olan, tarixi “İpək yolu”nun bərpası təşəbbüsünü qaldırmaqla “Dəmir İpək Yolu”nun - Bakı-Tbilisi-Qars beynəlxalq əhəmiyyətini uzaqgörən siyasəti ilə diqqətə çatdıran Ulu Öndər bir daha türk xalqının öndəri olduğunu göstərdi.
İnşası ilə naxçıvanlılara sevinc bəxş edən, çətinliklərin aradan qaldırılması üçün böyük əhəmiyyət daşıyan bu yolla 72 məzun Türkiyənin ali məktəblərində təhsil almağa göndərildi. Ermənilərin muxtar respublika sərhədlərində törətdikləri hücumlar nəticəsində sərhəd bölgələrində yaralanan əsgərlər müalicə üçün dost ölkəyə “Ümid” vasitəsi ilə aparıldı. Türkiyə ilə Naxçıvanı birləşdirən, muxtar respublikada yaranan çətinliklərin aradan qaldırılması üçün yeganə vasitə, həyat, nicat yolu adlandırılan “Ümid”in davamçılarının daha möhtəşəm olacağını əminliklə bildirən Ulu Öndər inanırdı ki, istifadəyə verildiyi zaman kiçik problemlərin həllinə yardım edən körpünün ardıcılları bütünlükdə Azərbaycanın dünyada mövqeyini möhkəmləndirəcək. Ulu Öndərin arzuları BTQ-nin inşası ilə yerinə yetirildi.
“Ümid”in varisi olan, ötən il istifadəyə verilən “Dəmir İpək Yolu”nun açılışında Ulu Öndərin xidmətlərini xatırladan Prezident İlham Əliyev “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq” sözləri ilə tarixi İpək Yolunun təkcə Azərbaycan üçün deyil, qitələri birləşdirən əhəmiyyətini diqqətə çatdırdı. Sabitliyə və təhlükəsizliyə xidmət göstərən bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşir, dostluq yoluna çevrilir.
Regional əməkdaşlığa ən böyük töhfə verən Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı qardaşlığın məntiqi nəticəsi olan nəhəng enerji və nəqliyyat layihələri birlik, dostluq rəmzidir. BTQ-nin sonrakı illərdə Naxçıvana qədər uzadılacağı “Ümid”in əhəmiyyətini daha geniş mənada artıracaq.
Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Sivilizasiya inkişaf etdikcə insanları birləşdirən, hər birini bəxtinə bir missiya düşən yolların sayı da artır. Prezident İlham Əliyevin sözləri ilə deyilsə Böyük İpək Yolu layihəsi ilk növbədə Şərqlə Qərb arasında etibarlı nəqliyyat dəhlizinin formalaşmasına yönəldilmiş olsa da , dünya birliyi ilə əlaqələrin genişlənməsində keyfiyyətcə tamamilə yeni proseslərin başlanğıcıdır.
Xuraman İsmaylqızı, “İki sahil”
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır
Diplomatik səfərə münasibət: yeni reallıqların qəbul edilməsi sülhün əsas şərtidir