“Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Gələn il biz BMT-dən sonra ikinci böyük təşkilata - Qoşulmama Hərəkatına sədrlik etməyə başlayacağıq. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Bəzi təşkilatların üzvüyük, bəzi təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Dünya birliyi Azərbaycana böyük hörmətlə, böyük rəğbətlə yanaşır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir.”
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda qət edilən yola bir baxış keçirərək, bu gün Azərbaycanın müstəqil siyasəti ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunun artdığını, inkişaf modeli ilə dünyaya səs saldığını əsaslı şəkildə diqqətə çatdırdı. Bir əsas məqam da xüsusi qeyd edildi ki, beynəlxalq dəstək, Azərbaycanın artan nüfuzu yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də əsas amillərdəndir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirmişdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir. Həmçinin 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar var. Bu, münaqişənin həlli üçün hüquqi bazanın yaradılması deməkdir. Biz münaqişənin həlli üçün iqtisadi zəmin də yaratmışıq, güclü ordu formalaşdırmışıq. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb.”
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün “Biz daha güclü olmalıyıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bunun üçün güclü iqtisadiyyatın vacibliyini bildirir. Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı bir daha ölkəmizin bugünkü uğurlarına yol açan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təqdimatı oldu. Bu təqdimatın məhz 25 illik uğurun təhlili gününə- XXV Beynəlxalq Neft və Qaz Sərgisinin açılışına təsadüf etməsi də səbəbsiz deyil. Azərbaycan neft siyasətinin uğurlarına söykənərək, iqtisadiyyatın şaxələndirilməsi sahəsində davamlı uğurlara imza atır. Təkcə cari ilin ötən dövrünün statistikasına diqqət yetirdikdə Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artıb. Qeyri-neft sektorunda artım təxminən 3 faiz təşkil edir. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir. Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz, kənd təsərrüfatı 4,2 faiz artıb. Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb, hazırda 44,2 milyard dollara bərabərdir. 34 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi iş yeridir. İlk Dövlət Proqramının icrasından, yəni 2004-cü ildən bu günə 1 milyon 500 min yeni iş yeri yaradılıb. Əhalinin gəlirləri təxminən 10 faiz artıb. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində addımlar atırıq. Əgər iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçirə bilərdik?! İqtisadi güc və ondan əlavə bizim siyasətimiz bütün bu reallıqları yaradır... Bu məqsədlər üçün dövlət büdcəmizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.”
Hər zaman vurğulandığı kimi, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. İqtisadi imkanlarımızın genişlənməsi fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənir, əsl söz sahibinə çevrilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Azərbaycan uğurlu addımları ilə sözünün də imzası qədər qüvvəsi olduğunu təsdiqləyir. İki və çoxtərəfli çərçivədə əlaqələrin daha da möhkəmləndirilməsi və yeni prioritetlərin müəyyənləşdirilərək səylərin birləşdirilməsi, eyni zamanda ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan seçilməsi, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif beynəlxalq təşkilatların və dövlətlərin qəbul etdikləri qərar və qətnamələr fonunda möhkəm hüquqi bazanın yaradılması Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindəndir.
Lakin bu məqam hər zaman təəəssüf hissi ilə vurğulanır ki, dünyanın ikili siyasəti bu qərar və qətnamələrin kağız üzərində qalmasına səbəb olur. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan tədbirdə də bu məsələni xüsusi olaraq qeyd etmişdir: “Biz yaxşı bilirik ki, bu gün beynəlxalq hüququn normaları bir çox hallarda pozulur, işləmir. Güc amili ön plana çıxır və bu, reallıqdır. Ona görə dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləməsi böyük nailiyyətimizdir. Hesab edirəm ki, beynəlxalq hüququn normalarından başqa, burada güclü Azərbaycan amili dayanır. Biz güclü dövlət qura bilmişik. Bir daha demək istəyirəm ki, bizimlə əməkdaşlıq edən və etmək istəyən ölkələrin sayı artır. Bizə hörmət artır, bizim işimizə göstərilən rəğbət göz qabağındadır. Belə bir vəziyyətdə heç bir ölkə qanunsuz rejimlə heç bir əlaqə qura bilməz və biz buna heç vaxt imkan verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır.”
Cari ildə keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında da “Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu günə qədər işğalçı dövlətin törətdiyi təxribatlara, faciələrə göz yumulmasından təəssüfləndiyini bildirmişdir: “Təəssüflər olsun ki, beynəlxalq hüququn kobud şəkildə pozulması və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına baxmayaraq, bu ölkə sanksiyalara məruz qalmayıb. Münaqişənin əvvəlində Ermənistana qarşı sanksiyalar tətbiq edilsə idi, düşünürəm ki, münaqişə çoxdan öz həllini tapmış olardı.” Qoşulmama Hərəkatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə də problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək öz əksini tapıb. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində beynəlxalq mövqelərimiz daha da möhkəmlənir. Bu məsələ də önə çəkilir ki, fəaliyyətimiz nəticəsində və eyni zamanda, Avropada baş qaldıran separatizmə qarşı yaranan yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir.
Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfərini xatırlayaq. Bu səfərdə Avropa İttifaqınin (Aİ) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bir daha rəsmi bəyanat verildi. Bu mövqe, Aİ-nin tərəfdaş ölkələrdəki bütün münaqişələrin həllinə vahid yanaşması 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığının Brüssel sammitində bir daha təsdiqləndi. Avropa İttifaqının Şərq Tərəfdaşlığının bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Avropa İttifaqının öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edildi. Bununla da qurum Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirdi. Prezident İlham Əliyevin Brüsseldə dünya siyasətindəki hadisələri əks etdirən məntiqli çıxışı, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu və potensialının düzgün qiymətləndirməsi, eləcə də yaranan vəziyyətdən milli maraqlar naminə maksimal və səmərəli istifadə diplomatik qələbəmiz kimi dəyərləndirildi.
Siyasi yanaşmadan sonra hərbi amil də öz rolunu oynayır. Ulu öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisi dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev “Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq” söyləyərək bildirir ki, son illərdə güclü hərbi potensial yarada bilmişik. Bu potensial bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edib. Bunu beynəlxalq qurumlar və reytinqlər də təsdiqləyir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətinin bir daha nümayiş etdirdi. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu döyüşlər zamanı ordumuz işğal altında olan torpaqlarımızın bir hissəsini azad etmiş və o ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə qürur duyuruq. Qürurverici bu kimi uğurlarımız işğal altında olan bütün torpaqlarımızın azad olunacağına, Azərbaycanın daha möhtəşəm uğurlar ilə dünyanın diqqətində olacağına böyük əminlik yaradır. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır.
İşğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığı göz önündədir. Ermənistan bu gün heç bir maraq doğurmayan ölkədir, bunun nəticəsi olaraq investisiya yatırılmır. Baxmayaraq ki, işgalçı dövlətin keçmiş prezidenti S.Sarkisyan Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Ermənistanı innovasiyalar ölkəsi kimi təqdim etmişdi. S.Sarkisyandan sonra Fransada səfərdə olan dövlətimizin başçısı İlham Əliyev Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Ermənistan prezidentinin səsləndirdiyi uttopik fikirlərə münasibətini belə ifadə etmişdir: “ O innovasiyalar barədə danışdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan... Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin... Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.” Cənab İlham Əliyevin bu fikirlərinə istinadən müqayisə üçün deyək ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük əksəriyyəti qeyd etdiyimiz kimi, xarici sərmayədir. Ermənistan iqtisadiyyatına isə keçən il ümumilikdə 200 milyon dollardan bir qədər çox vəsait qoyulub, onun da böyük hissəsi xaricdə yaşayan diaspor təşkilatlarının payına düşür. Bu fakt inkaredilməzdir ki, işğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni diasporunun ayırdığı vəsaitlər hesabına formalaşır. Cənab İlham Əliyev bildirir: “ Əlbəttə ki, biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən kənarda qoyacağıq. Bu gün Ermənistan bir dalana çevrilibdir. Biz onları siyasi dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və bu siyasət davam etdiriləcək. Biz bunu gizlətmirik, açıq şəkildə bəyan edirik və biz haqlıyıq. Biz öz torpaqlarımızı istəyirik. Biz istəyirik ki, münaqişə tezliklə öz həllini tapsın, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Bu, bizim üçün prioritet məsələdir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələnin həllinə nail olaq.”
Keçilən yolun, əldə olunan uğurların fonunda bir daha bu əminlik qeyd edilir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yol yaxınlaşır. Diplomatik qələbəmiz, iqtisadi imkanlarımizın artması fonunda güclü, qüdrətli ordumuz bu əminliyə əsas verir. Ölkə Prezidenti rəsmi qəbulda bildirmişdir: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi.” Güclü ordu müstəqilliyimizin əsası, təhlükəsizliyimizin qarantıdır. Güclü iqtisadi əsaslar Azərbaycanın uğurlu gələcəyi barədə aydın təsəvvür yaradır.
Yeganə Əliyeva, “İki sahil”
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır
Diplomatik səfərə münasibət: yeni reallıqların qəbul edilməsi sülhün əsas şərtidir