Ölkə Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə bir daha bildirdi ki, iqtisadi inkişafın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi güclü elmi əsaslara söykənir
Son 15 ilin uğurlarından bəhs edərkən dövlətimizin başçısı İlham Əliyev zamanın, dövrün tələbinə uyğun olaraq yeni texnologiyaların inkişafını xüsusi vurğulayır: “Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur. Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir.”
Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan Azərbaycanın iqtisadi sahədə əməkdaşlığına geniş imkan yaradan amillərdən biri təbii ki, elmi, intellektual potensialıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bugünkü uğurlarımızda elmin rolunu xüsusi vurğulayaraq bildirmişdir ki, tarixi ənənələrlə müasirliyin ahəngdar vəhdətində davamlı yeniləşən ölkəmizdə elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olub, milli strateji maraqların konseptual şəkildə həllinə yönəlmişdir. Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Bir sözlə, mövcud şərait düşünən və araşdıran gəncliyin intellektual potensialının tam üzə çıxarılması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır. Bu, gəncliyin potensialından səmərəli istifadənin aktuallığının təsdiqidir.
Dövlətimizin başçısı İlham Əliyev ADA Universitetində keçirilən məzun görüşündə bir daha təhsilin hər bir dövlətin gələcəyi olduğunu önə çəkərək vurğulamışdır ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da yüksəlsin. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verməlidir: “Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir. Mən əminəm ki, bizim gənclərimiz məhz bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcəklər. Mən bilirəm ki, bizim gənclərimizin mütləq əksəriyyəti dediyim meyarlara tam uyğundur.”
Məzun günündə bu rəqəm də açıqlanmışdır ki, ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır. Ölkə Prezidenti bildirmişdir: “Eyni zamanda, təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir. Buna müəyyən vaxt, zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan ibarətdir və biz ADA-nın timsalında, digər aparıcı ali məktəblərimizin timsalında bunu görürük. Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır. Təhsilə göstərilən diqqət bizim büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və müdafiə xərcləri əlbəttə ki, prioritet məsələ olmalıdır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi də bu hədəfə yaxınlaşacaqdır.”
Gənclərə diqqət və qayğı, onların elmin sirlərinə dərindən yiyələnmələri üçün səylər müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə öndə olub. Azərbaycanın müstəqilliyini düşünən Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Gənclər Gününün təsis edilməsi, ənənəvi olaraq Gənclər forumlarının təşkili onların potensial imkanlarını ortaya qoymalarına geniş yol açdı. Son 15 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlər kimi, bu sahədə də özünü qabarıq şəkildə büruzə verir. Bu müddət ərzində imzalanan fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalandı. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilmişdir. 2007-ci ilin dövlətimizin başçısı İlham Əliyev tərəfindən “Gənclər ili” elan edilməsi də onlara diqqətdən qaynaqlanan addımlar sırasından idi. Gənclərin təhsili, elmin sirlərinə dərindən yiyələnmələri dövlətin siyasətində əsas yer tutan istiqamətlərdən olduğundan bu yönümdə bir sıra mühüm sənədlər qəbul olunmuşdur. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət etdi. Ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni zamanda 2 iyul 2013-cü il tarixli Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.
Dövlətimizin başçısı İlham Əliyevin 2011-ci ildə keçirilən Gənclərin VI forumunun iştirakçılarına təbrik məktubunda söylədiyi bu fikirləri xatırlatmaq yerinə düşər: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.” İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin qarşısında yeni-yeni imkanlar açacaq. Qeyd edək ki, ötən il bu proqrama əsasən Azərbaycanın gənc alimlərinin birinci qurultayı təşkil olunmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, gənc alimlərin yetişdirilməsi, onların elmi araşdarmalarının miqyasının genişləndirmələrinə, qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə dəstək verilməsi vacib məsələ kimi önə çəkilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyev Elmin İnkişaf Fondunun əhəmiyyətini də xüsusi qeyd edir. Bildirir ki, gənclər, gənc alimlər də bu fondun xətti ilə müxtəlif proqramların icrasında fəal iştirak edirlər.
Ölkə Prezidenti hər çıxışında bu məqamı xüsusi qeyd edir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır: “Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır.”
Ölkəmiz bu gün bütün sahələrdə mühüm uğurlara imza atıb. Bu uğurların davamlılığını təmin etmək üçün dövlətimizin başçısı İlham Əliyev kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmağı qarşıya ən mühüm vəzifə kimi qoyub. Cənab İlham Əliyev bildirmişdir ki, bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini vermişdir. İqtisadi inkişafın böyük sürət aldığı, müstəqilliyimizin daha da möhkəmləndiyi bir dövrdə elmi potensialın gücləndirilməsinə böyük ehtiyac vardır.
Prezident İlham Əliyev bu faktı da xüsusi qeyd edir ki, əgər vaxtilə alimlərimiz böyük neft-qaz yataqlarını kəşf etməsəydilər və Azərbaycanın bu təbii resursları olmasaydı, müstəqil həyatımız başqa istiqamətdə inkişaf edə bilərdi. Müstəqil siyasət aparmaq, iqtisadi, o cümlədən enerji sahəsində müstəqil təşəbbüsləri irəli sürmək maliyyə, iqtisadi və siyasi cəhətdən böyük imkanlar tələb edir. Bu gün Azərbaycanın iştirakı olmadan enerji, həmçinin nəqliyyat və iqtisadiyyat sahəsində heç bir təşəbbüs irəli sürülə bilməz. Azərbaycan enerji resurslarından əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, milli maraqlarımızın təmin edilməsi və ölkəmizin qüdrətlənməsi naminə istifadə edir. Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş mərasimdə dövlətimizin başçısı İlham Əliyev bu məsələyə xüsusi diqqət yönəltmişdir: “Əgər 1994-cü ildə imzalanmış kontraktın icrasında mütəxəssislərimiz iştirak etməsəydilər, biz kontraktın imzalanmasından cəmi 3 il keçəndən sonra ilk nefti hasil edə bilməzdik. Bu, dünya enerji-neft praktikasında nadir bir təcrübə idi. Mütəxəssislərimiz, Dövlət Neft Akademiyasında təhsil almış mütəxəssislər, mühəndislər, alimlərimiz bu neft strategiyasının uğurla icra edilməsində çox böyük rol oynamışlar. Neft-qaz strategiyamız uğurla icra edilir və bu, uzunmüddətli strategiyadır. Onilliklər bundan sonra Azərbaycan bu sahədə, bu bölgədə aparıcı rolunu qoruyub saxlayacaqdır.”
Avropaya inteqrasiya siyasətini həyata keçirən Azərbaycan dövləti dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə daim maraq göstərir. Dövlətimizin başçısı İlham Əliyev yüksək ixtisaslı, yeni texnologiyaların tətbiqini bacaran gənc mütəxəssislərin yetişdirilməsini qarşıya ən ümdə vəzifə kimi qoyur. Təbii ki, müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları dərk etmək qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.
Azərbaycana bu gün beynəlxalq baxışın hansı səviyyədə olduğu göz önündədir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Eyni zamanda bu məqamı da unutmayaq ki, hər bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğu prosesində Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirliklərinin öz yeri, rolu vardır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, istər ölkə daxilində, istərsə də xaricində təhsil alan gənclərimiz xarici siyasət sahəsində fəaliyyətləri ilə reallıqlarımızın təbliğinə, əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə öz töhfələrini verirlər.
Dövlətimizin başçısı İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə də bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir: “ADA universitetinin əsas məqsədi xarici siyasətlə bağlı kadrlar hazırlamaqdır, mən xarici siyasətimizlə bağlı bir neçə fikrimi bildirmək istəyirəm. Azərbaycanın xarici siyasəti prinsipial siyasətdir və müstəqil siyasətdir. Hesab edirəm ki, buna görə biz beynəlxalq aləmdə böyük nüfuza malikik və bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır. Bizimlə hesablaşırlar, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin saylı getdikcə artır və bütün beynəlxalq arenalarda Azərbaycan öz milli maraqlarını müdafiə edir. Xarici siyasətimiz daxili siyasətimizin davamıdır və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına və iqtisadi maraqlarımızın təmin edilməsi istiqamətinə hesablanan xarici siyasətdir.” Ölkə Prezidenti bu əminliyi ifadə etmişdir ki, bu gün ölkə qarşısında duran vəzifələr uğurla icra ediləcək. Çünki bizim güclü iqtisadi potensialımız, çox müsbət beynəlxalq nüfuzumuz var. Çox dinamik cəmiyyətimiz, fəal gənclərimiz, çox bilikli vətəndaşlarımız və güclü siyasi iradəmiz var: “Əsas vəzifə ondan ibarətdir ki, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin edilsin. Bu isə bax, bu gün burada əyləşən və bizim başqa ali məktəblərdə bu gün eyni tədbiri keçirən gənclərdən asılıdır. Bir daha demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir. Gələcəkdə ölkəmizin taleyi, müstəqilliyi, xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona görə gənclər daim Vətən sevgisi ilə yaşamalıdırlar, peşəkar, bilikli, Vətənə bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz bu yüksək meyarlara daim cavab verəcəklər.”
Ümumiləşdirilmiş şəkildə desək, davamlı inkişaf təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin qorunmasını bir tələb kimi ortaya qoyur. İqtisadiyyatın elmi əsaslara söykənməsi qarşıya çıxan problemlərin həllində açardır.
Yeganə Əliyeva, “İki sahil”
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır
Diplomatik səfərə münasibət: yeni reallıqların qəbul edilməsi sülhün əsas şərtidir