10 sentyabr 2020 17:31
1627

Ölkəmizin müasirləşən yol infrastrukturu- FOTO

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu sahədə infrastruktur imkanlar getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.

Ümumiyyətlə, 17 ildir ki, ölkəmizdə yol-nəqliyyat komplek­sinin yenidən qurulması işi uğurla davam etdirilir. Əvvəlki illərdə paytaxtdan cənub, şimal, qərb və şimal-qərb istiqamətlərinə iri magist­ralların çəkilişi uğurla reallaşıb. Ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magist­ral yolların salınmasından sonra diqqət yerli əhəmiyyətli yolların inşasına yönəldilib. Dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq, ölkəmizin bütün yaşayış məntəqələrindəki yollar əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir.

"Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil" - deyən Azərbaycan Prezidenti buna nail olmaq məqsədilə yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilməsinə diqqət ayırır. Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir.

Xəbər verildiyi kimi, sentyabrın 9-da Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda  yeni yerüstü piyada keçidinin açılışında iştirak edib. Bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Qeyd edək ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb. Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.

Prezident İlham Əliyevin açılışında iştirak etdiyi yeni keçid vətəndaşların təhlükəsizliyinə hesablanıb. Yerüstü keçid adıçəkilən yolda avtomobillərin də təhlükəsiz hərəkətinə şərait yaradıb.Sürət həddi 110 km.saat nəzərdə tutulan yoldan əvvəllər piyadalar keçid üçün istifadə edirdilər. Bu da həm avtomobillər, həm də sakinlərin hərəkəti üçün əsl təhlükə mənbəyi idi. İstifadəyə verilən yeni keçid artıq bu təhlükəni aradan qaldırıb. Yeni istifadəyə verilən yerüstü keçiddə piyadalarla yanaşı, velosipedçilər üçün də yol nəzərdə tutulub.Keçidin bu keyfiyyətləri ərazidə yaşayan sakinlər tərəfindən məmnunluqla qarşılanıb. Vətəndaşlar bildirir ki, keçidin istifadəsindən sonra ərazidə olan problem tam həll olunub, artıq təhlükəsiz şəkildə yolu qarşıya keçmək mümkündür.

Son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun yaradılması ilə  bağlı görülən tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir.

Bu baxımdan Bakı şəhərində və Abşeron yarımadasında olan küçə və prospektlərdə, avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə intensiv hərəkətin olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına da xüsusi diqqət yetirilir.  Paytaxt Bakıda və Bakı ətrafı yollarda  avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində piyada keçidlərinin ardıcıl inşası həyata keçirilir. Statistik məlumatlara əsasən, Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı  və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Rayon və şəhərlərin daxilində - 3 ədəd (Quba, Zaqatala, Qəbələ) piyada keçidi tikilərək istifadəyə verilib. Bu günədək ölkədə180 ədəd piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir.

Müasir texnologiyalar əsasında yüksək zövqlə inşa olunan keçidlər piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəraitdə keçməyini təmin etməklə yanaşı, özünün memarlıq elementləri və müasir görkəmi ilə paytaxtın simasına da gözəllik  qatır. Modern görünüşü ilə gözoxşayan yerüstü  piyada keçidlərində  fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün müasir liftlər quraşdırılıb. Piyada keçidləri təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib. Yeraltı və yerüstü  piyada keçidinin inşası bir çox problemi həll edib.

Onu da qeyd edək ki, piyada keçidləri  əsasən, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin piyada axınının intensiv olduğu yerlərdə piyadaların hərəkətini tənzimləmək üçün qurulur. Yerüstü və yeraltı piyada keçidləri piyadaların yolu daha təhlükəsiz keçməsini təmin edir. Əgər piyada yolun hərəkət istiqamətinin və ya dəmiryol keçidinin müəyyən edilmiş yerindən keçməzsə, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 153.1-1maddəsinə əsasən həmin piyadaya iyirmi manat məbləğində cərimə yazılır.

Bunu da xatırlatmalıyıq ki, avtomobil yollarında hərəkətin intensivliyinin artması  piyada və sürücülərin məsuliyyətini ikiqat artırır. Hər birimiz istər-istəməz bu məsuliyyətin iştirakçısına çevrilirik. Bunu belə başa düşmək lazımdır ki, hər gün biz olduğumuz yerdən küçə və yollara çıxarkən hərəkət iştirakçısına çevrilirik: avtomobili idarə edərkən sürücü, avtomobildə hərəkət edərkən sərnişin, küçə və yollardan keçərkən isə piyada qismində oluruq. Yəni hər birimiz yol hərəkəti haqqında qanunları bilmək məcburiyyətindəyik. Sürücülər sürücü kimi, piyadalar isə ən azından piyada kimi necə hərəkət etmək lazım olduğunu bilməlidirlər. 

Yaqut Ağaşahqızı, “İki sahil”