01 iyun 2018 15:09
1150

Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir

Dövlətimizin başçısı Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bir daha ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurlara söykənərək bildirmişdir ki,  Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur

“4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.”

Dövlətimizin başçısı İlham Əliyev Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bir daha ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlardan bəhs edərək bildirmişdir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Göründüyü kimi, Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdiyi kimi bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq tək region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün  əhəmiyyətlidir.

Ölkə Prezidenti İlham Əliyev bu fikri xüsusi qeyd edir ki, bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, maneəsiz həyata keçirdik. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bir sözlə, Azərbaycan enerji sektorunda da liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. “Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün “Cənub Qaz Dəhlizi” haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.” Cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirir ki, dörd layihədən - “Şahdəniz”, Cənub Qafqaz kəməri, TANAP və TAP-dan ibarət “Cənub Qaz Dəhlizi”  ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək. Rəsmi açılış mərasimində dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etmişdir: “Yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib.” “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” söyləyən ölkə Prezidenti Cənub Qaz Dəhlizinin  gələcək əlaqələr üçün çox vacib amil olduğunu diqqətə çatdırmışdı.

Xatırlasaq, 7 il bundan öncə 2011-ci ildə  Azərbaycanla Avropa İttifaqı arasında imzalanan  “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Qeyd edək ki, Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlətimizin başçısı eyni zamanda bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.

Cənub Qaz Dəhlizinin rəsmi açılışında dövlətimizin başçısı bu reallığı da qeyd etmişdir ki, birgə səylər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir: “Layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək. Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Mən o ölkələrin adlarını bu gün çəkmək istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik.”

Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir. Bunun üçün daxili və xarici sərmayələrdən düşünülmüş, planlı şəkildə istifadə olunur. Deyilənləri statistik rəqəmlər də təsdiqləyir. Son 15 ildə ölkə iqtisadiyyatına qoyulan sərmayələrin ümumi həcmi 230 milyard dollar təşkil edib. Azərbaycan, eyni zamanda investisiya ixrac edən ölkə kimi də böyük nüfuz qazanıb, əməkdaşlığın istiqamətləri genişlənib.

Dünya enerji bazarında mövqeləri möhkəmlənən SOCAR biri-birindən əhəmiyyətli investisiya layihələri həyata keçirməklə  imkanlarını daha da artırır. 2008-ci ildən Türkiyənin neft-kimya sənayesinin nəhəngi sayılan “Petkim”in idarə olunmasında söz sahibi olan və Türkiyəyə investisiya yatıran SOCAR bu günədək qardaş ölkənin neft-kimya sektorunun ən müasir texnologiyalar əsasında yenidən qurulmasına  milyonlarla dollar sərmayə ayırıb. Nəticədə şirkətin istehsal imkanları daha da artıb. SOCAR-ın sərmayə yatırdığı ən böyük layihələrdən biri də Azərbaycanla Türkiyənin birgə layihəsi olan Transanadolu-TANAP-dır. Dörd mərhələ üzrə həyata keçirilən layihənin ilk mərhələsi iyun ayında başa çatır. Qeyd edək ki, kəmərin nəqletmə imkanı 2020-ci ildə 17 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Beləliklə, ölkəmizin təşəbbüsü ilə başlanan TANAP layihəsi Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcək.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim diqqəti bu məsələyə də yönəldir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətlərimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, müstəqil dövlət qurumuşuq, 26 ildən artıqdır ki, müstəqil ölkə kimi yaşayırıq. Neft siyasətinin uğurlu nəticəsidir ki, bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurlar beynəlxalq səviyyədə də təqdir olunur. Ölkə Prezidenti rəsmi açılış mərasimində bu uğurumuzu da açıqlamışdır: “Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu, onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq. Neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəlib. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır.”

Qeyd etdiyimiz kimi, qlobal layihələrin genişlənməsi və şaxələndirilməsi ilə iqtisadiyyatın inkişafına nail olan Azərbaycan eyni zamanda investor kimi mövqelərini möhkəmləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, çoxşaxəli nəqliyyat strukturumuzu genişləndirmək Xəzər qazının Avropaya çatdırılması baxımından hər zaman aktualdır və maraqla qarşılanır. Dünyanın iri neft şirkətlərindən olan SOCAR-ın Gürcüstan, Türkiyə, Rumıniya, Ukrayna, Macarıstan, İsveçrə kimi digər Avropa ölkələrində də investisiya layihələrini həyata keçirməsi iqtisadi imkanlarımız sayəsində mümkün olmuşdur. “Dövlət Neft Şirkəti xarici ölkələrə böyük investisiyalar qoyur, artıq biz, necə deyərlər bu qapını da açdıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu istiqamətə yönəldilən sərmayələr Azərbaycan üçün siyasi və iqtisadi baxımdan zəruridir. Digər iri şirkətlərə də bu təcrübədən yararlanmaq tövsiyə olunur: “Biz həmişə maraqlı idik ki, xaricdən Azərbaycana investisiyalar gətirilsin. Bu gün də bunda maraqlıyıq. Ancaq artıq ölkəmizin inkişafı bizə diqtə edir ki, yeni bazarlara çıxaq.” Ötən ilin uğurları sırasında xüsusi qeyd olunan “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş imicinə yeni əlavələr etməklə yanaşı, çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsinə yol açdı. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə beynəlxalq aləmdə mövqeyini, dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.

Göründüyü kimi, ölkəmizin dünya enerji bazarında rolu, mövqeyi və əhəmiyyəti təsdiq olunmuş həqiqətdir. Səmərə verəcək alternativ layihələr üzrə birgə fəaliyyətə də daim hazır olan ölkəmiz öz enerji təhlükəsizliyini təmin etməklə başqa ölkələrin də enerji təhlükəsizliyində iştiraka sadiqdir. Qaşıdakı illərdə də enerji siyasətimizin əsas amili olan şaxələndirmə məsələlərinə tam məsuliyyətlə yanaşmaq imkanları artmaqdadır. Cənub Qaz Dəhlizinin rəsmi açılışında ölkə Prezidenti İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, bununla Azərbaycan daha bir tarixi nailiyyətə imza atdı. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP boru kəməri gələn ay istismara veriləcək. Qaz ixracı nəticəsində ölkəmizin gəlirləri artacaq, Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənəcək.”

Yeganə Əliyeva, “İki sahil”