04 iyun 2018 14:24
1192

İlham Əliyev: Biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək

Dövlətimizin başçısı  müsəlman ölkələrinin Azərbaycandakı  səfirləri və diplomatik  nümayəndəliklərinin rəhbərləri ilə görüşündə bu günümüzün əsas çağırışı olan İslam həmrəyliyinin  yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində önəmini diqqətə çatdırmışdır.

“İndiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində, əlbəttə ki, Azərbaycan nümunəsi özünü daha da gözəl şəkildə büruzə verir.  Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir.” Dövlətimizin başçısı İlham Əliyev  Azərbaycanın multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin davamlı olduğunu, tolerant ölkə kimi nüfuz qazandığını əsaslı şəkildə diqqətə çatdırır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini, həmçinin ölkəmizin  2015-ci ildə ilk Avropa Oyunlarına, ötən il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini önə çəkən ölkə Prezidenti bildirib ki, atılan hər bir addım Azərbaycanın müxtəlif dinlərin, mədəniyyətlərin qovuşuğunda yerləşən ölkə kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.   Məhz yerləşdiyi coğrafi məkən, malik olduğu təbii resurslar  daim ölkəmizin beynəlxalq aləmin diqqət və marağında olmasını şərtləndirib. Bu marağın illər keçdikdə daha da artdığı göz önündədir.  Ölkəmizin günbəgün mövqeyinin, ən əsası iqtisadi müstəqilliyinin möhkəmlənməsi fonunda siyasi müstəqilliyinin də artması  Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına öz müsbət təsirini göstərir. Ölkə Prezidentinin Sərəncamı ilə hər ilin konkret bir sahənin adı ilə bağlanması  hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Bu günümüzün əsas çağırışlarından biri də İslam həmrəyliyinin möhkəmləndirilməsi, İslam mədəniyyətinin  dünyaya təqdimatının yüksək səviyyədə həyata keçirilməsidir.

Dövlətimizin başçısı İlham Əliyev  müsəlman ölkələrinin Azərbaycandakı  səfirləri və diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə də bu kimi məqamlara diqqət yönəldərək bildirmişdir ki, Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində  mühüm rol oynayır: “Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ edir, İslam dəyərlərini təcəssüm etdirir. Biz bu siyasəti bundan sonra da  davam etdirəcəyik.”

Ölkə Prezidenti ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərin reallıqlarımızın təbliğində böyük əhəmiyyəti olduğunu önə çəkərək bildirir ki, bu gün Azərbaycan iqtisadi,  siyasi, humanitar mərkəzə çevrilib.  Həyata keçirilən islahatlar, aparılan siyasət ölkəmizə diqqəti daha da  artırır. “Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər irəli sürürük” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da qeyd edir ki, bu təşəbbüslərin gerçəkləşməsində Azərbaycan dövləti öz iradəsini və qətiyyətini nümayiş etdirir. Birgə səylərin fonunda bu günümüzün hər biri çağırışını lazımi  səviyyədə yerinə yetirmək mümkündür. Cənab İlham Əliyev bildirir: “Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində vətəndaş birliyidir. Vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Bizim pravoslav rus icmamız pravoslav rus aləmində Azərbaycanla bağlı həqiqətləri çatdırır, təbliğ edir, izah edir. Bizim yəhudi icmamız bütün dünyada, Avropada, Amerikada, bütün digər ölkələrdə Azərbaycanla bağlı həqiqətləri çatdırır. Bizi xaricdə ən çox dəstəkləyən yəhudi təşkilatlarıdır. Nəyə görə? Çünki birincisi, onların böyük əksəriyyəti Azərbaycandan köçüb gediblər. İkincisi, heç vaxt Azərbaycanla əlaqələri itirməyiblər. Üçüncüsü, onlar bilirlər ki, burada yəhudilər və bütün başqa xalqlar rahat yaşayırlar. Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq da. Bizim siyasətimiz bundan ibarətdir. Bu bizim birliyimizi daha da gücləndirir.” Cənab İlham Əliyev  qarşıdakı illər üçün  hədəfləri açıqlayarkən bir daha  bildirir  ki,  milli mənəvi, dini dəyərlər, ənənələr  bundan sonra da inkişafımızın  əsas istiqaməti olacaq. Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda  ilk növbədə  Azərbaycanın göz önünə gəlməsi təsadüfi deyil: “Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək” Əvvəldə də bu məqamı təəssüf hissi ilə qeyd etdik ki, islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir.

Çoxkonfessiyalı ölkə olaraq ölkəmizin  xarici siyasətində Qərb və Avropa dövlətləri ilə yanaşı, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər əsas yer tutur. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfələrin  miqyasının genişliyi keçirilən beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur. Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiqləyir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı  ilə  əməkdaşlığı  yüksək səviyyədədir.  Qurumun sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycan müasir dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə ciddi əhəmiyyət verir. İslam Əməkdaşlıq Təşkilatının sammitlərində, Zirvə görüşlərində Azərbaycanın    islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir.  “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev  ötən  il ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsininin iştirakını  islamofobiyaya qarşı ən  real mübarizə kimi dəyərləndirmişdir. Eləcə də İslam aləmində narahatlıq doğuran hadisələr - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,  Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranının hər biri  taleyüklü məsələ olmaqla  həmrəyliyin, birliyin vacibliyini  aktuallaşdırır.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə dövlətimizin başçısı  İlham Əliyev  müsəlman ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədikləri üçün minnətdarlığını ifadə edərək bildirmişdir ki, Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını  dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olmuşdur: “Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir.  Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük... Biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək.” Bu məqam da qeyd edilmişdir ki,  bu il  Azərbaycanın qədim şəhəri olan Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. İkinci dəfədir ki,  Azərbaycan şəhəri  bu şərəfli ada layiq görülür:  “Birinci dəfə Bakı şəhəri  bu ada layiq görülmüşdür.  Bu bizi çox sevindirir.  Bu onu göstərir ki,  bütün müsəlman dünyası  Naxçıvanı qədim  Azərbaycan diyarı,  müsəlman diyarı kimi  tanıyır.  Naxçıvanda yerləşən, bütün müsəlman ictimaiyyəti üçün önəmli olan abidələrimiz dünya əhəmiyyətli layihələrdir.”

Ölkə Prezidenti daim çıxışlarında dünyanın ikili siyasətindən  və onun yaratdığı problemlərdən bəhs edir,  diqqəti Xocalı  soyqırımına,  Dağlıq Qarabağ müharibəsi zamanı  həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi  terror hadisələrinə yönəltməklə  erməni faşizminin bu gün də davam etməsinə göz yuman  Qərb, Avropa dövlətlərinin, beynəlxalq təşkilatların    müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə  zidd olduğunu   bildirir. “Ermənistanda islamofobiya  pik həddinə çatıb. Ermənistan çox çalışır ki,  müxtəlif müsəlman ölkələri ilə  əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan  müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən cənab İlham Əliyev erməni faşistlərinin  Azərbaycanın dinc vətəndaşlarına qarşı  törətdikləri terrorları vəhşilik adlandırır.  O da vurğulanır ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən  qəbul olunmuş qərar və qətnamələrə məhəl qoymayan Ermənistan dünya dövlətlərinin ona göstərilən   maddi və mənəvi dəstəyindən ərköyünləşir, daha böyük iddialarla yaşayır. 

Rəsmi Bakı bəyanatlarında bu məqamı da diqqətə çatdırır  ki,  Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur.  Pakistan və Səudiyyə Ərəbistanının Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etməsi, Türkiyənin bu ölkə ilə sərhədlərinin açılmasından imtina etməsi,  beş müsəlman dövlətinin Xocalı soyqırımını rəsmən tanıması İslam həmrəyliyinin   nümunəsidir.

Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini  verir,  müsəlman dövlətlərində baş verən və maraqlı qüvvələrin təhriki ilə hələ də davam etdirilən problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüquqa əsaslanır,  prinsipial mövqeyini  əməli ilə təsdiqləyir. “Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır” söyləyən Prezident İlham Əliyev bildirir ki, bundan sonra da ölkəmizdə bütün xalqların,  dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu bizim böyük sərvətimizdir.

Görüşdə müsəlman ölkələrinin səfirləri və diplomatik nümayəndəliklərin  rəhbərləri də bu məqamı təqdir etmişlər ki, dövlətimizin başçısı İlham Əliyevin  təşəbbüsü ilə  müsəlman ölkələrini bir-birinə bağlayan  qardaşlıq əlaqələrinin inkişafına təkan verən  belə görüşlər  artıq ənənə halını alıb. O da vurğulanmışdır ki,  bu müqəddəs ayda müsəlmanlar  sülh, həmrəylik şəraitində  bir araya gəlməklə İslamın şərəfli dəyərləri olan  ruh və fikrin qidalanmasına  çağırış edir, bu ay bizi  birliyə, mənəvi rahatlığa, yüksəlişə və xeyirxahlığa doğru aparır.

Görüşdə bir daha   müsəlman ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində  həllinin vacibliyi önə çəkilərək,  bu müqəddəs ayda  işğal olunmuş bütün  müsəlman ərazilərinin və müqəddəs yerlərin öz  həqiqi sahiblərinə qayıtması və xalqımızın  terror və xaosu yayan, İslamın adına ləkə gətirən bədxah və  cahil qüvvələrə qalib gəlməsi arzu edilmişdir. Bu inam da ifadə olunmuşdur ki,  qardaş ölkələrimiz arasında  birliyi və harmoniyanı bərpa etmək üçün fikir ayrılıqları aradan qaldırılacaq.

Yeganə Əliyeva, “İki sahil”