25 fevral 2020 20:39
1882

BSU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTO

BSU-da 17 xarici ölkə səfirinin və diplomatik korpus nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Fevralın 25-də Bakı Slavyan Universitetində (BSU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - əsrin faciəsi”” mövzusunda tədbir keçirilib. Tədbirdən əvvəl Xocalı faciəsinə həsr edilən sərgiyə baxıblar. İştirakçılara universitetin faciəyə həsr olunan bukletləri paylanıb. Universitetin akt zalında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının təmsilçiləri, 17 xarici ölkə səfirinin və diplomatik korpusun nümayəndələri, müxtəlif dövlət qurumlarının məsul şəxsləri, universitet rektorları, millət vəkilləri, tanınmış ictimai-siyasi, elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, media strukturlarının rəhbərləri, qeyri-hökumət təşkilatçılarının təmsilçiləri, Qarabağ müharibəsi veteranları iştirak  ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin müvafiq Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Bugünkü tədbir də həmin Sərəncama müvafiq olaraq keçirilir.

Nurlana Əliyeva qeyd edib ki, xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 28 il keçir. 28 il bundan öncə ermənilər xalqımıza qarşı xüsusi qəddarlıqla və böyük amansızlıqla Xocalı qətliamını törətdilər. Xain, məkrli və namərd qonşularımız olan ermənilər iki əsrdən çoxdur ki, xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti aparır. Xocalı soyqırımı bu mənfur və məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən biridir. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirildi. Xocalı soyıqırımı xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir.

Nurlana Əliyeva çıxışında xüsusi vurğulayıb ki, xalqımızın digər milli faciələri kimi, Xocalı soqırımına da siyasi-hüquqi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə hakimiyyətə qayıtdıqdan sonra verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!”” beynəlxalq təbliğat-təşviqat kampaniyası dünyanın 80-dən çox ölkəsində uğurla həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanı öz yüksək elmi-siyasi səviyyəsi, dərin məntiqi və konkret tarixi faktlar əsasında ifşa etdi və Ermənistanın işğalçı və təcavüzkar siyasət yürütdüyünü bir daha dünyaya göstərdi. Bu, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik uğurudur.

Rektor Nurlana Əliyeva çıxışının sonunda bildirib ki, Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, xalqımıza qarşı törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.

Tədbirdə BSU-nun tələbə-gəncləri dünyanın müxtəlif dillərində “Xocalıya ədalət!”” şüarını səsləndiriblər.

 Sonra Heydər Əliyev Fondunun sifarişi ilə ingilis dilində çəkilmiş “Xocalı qətliamı”” filmi nümayiş etdirilib. BSU-nun Jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənovanın və Tələbə Elmi Cəmiyyətinin sədri Könül Zeynallının “Xocalı  soyqırımı” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra Xocalı faciəsinin şahidi,  Xocalı hava limanının əməkdaşı olmuş Nazim Hüseynov çıxış edərək şahidi olduğu qanlı hadisələr barədə ürəkağrısı ilə danışıb.

Sonda  BSU-nun tələbə-gənclərinin səhnələşdirdikləri Xocalı soyqırımı qurbanlarına həsr olunmuş “Ana harayı”” tamaşası nümayiş etdirilib.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”