Dəhşətli Xocalı soyqırımından təsadüf nəticəsində sağ qurtaranlardan biri də həkim Məmməd Nağıyevdir. Ona ilk sualım da necə sağ qalması barədə oldu. Məmməd həkim xeyli düşüncələrdən sonra qəzəb doğuran, lakin qəmli bir həyat hekayəti nəql etdi.
- Xocalıda anadan olmuşam və orada həkim işləmişəm. Biz mühasirə vəziyyətində olarkən şəhər ətrafında gedən döyüşlərdə yaralı əsgər və zabitlərimizin yaralarını sarıyır, müalicə edir və bunu müqəddəs bir iş sayırdım.
O gecə sanki böyük Yaradan da nəzərini bizim üstümüzdən kəsmişdi. O müdhiş gecədə mən ağır yaralanmış bir döyüşçünün yanında idim. Evdə onun ixtiyar atası və anası vardı. Fevralın 26-da erməni silahlı dəstələri sovet odusunun Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayı ilə birgə şəhərə girəndə əhali evini tərk edərək xilas olmaq üçün müxtəlif istiqamətlərə üz tutdu. Tankların, PDM-lərin nəriltisindən, avtomat-pulemyot güllələrinin səsindən qulaq tutulurdu. Hərə öz canının hayında idi. Ancaq mən öz ailəmin yanına getməyib ağır yaralını tək qoymadım. Əhali pərən-pərən düşmüşdü, gecənin zülmət qaranlığında nicat yolu tapmağa çalışırdıq. Hamının bircə ümid yeri Ağdam idi. Ora getməyə yol axtarırdıq. Hayana gedirdiksə qarşıdan çıxan ermənilər bizi atəşə tuturdular, ölənlər yerində qalırdı, çünki onları götürməyə macal yox idi. Axırda istiqaməti itirib hara getdiyimizi bilmədik. Bir gün meşədə, təpəliklərdə gizlənərək yalnız təhlükə hiss etmədikdə irəliləyirdik. Fevralın 27-də səhər açılanda uzaqdan bir kənd göründü. Elə zənn etdik ki, Ağdamın kəndlərindən biridir. Dəstəmizdə 300 nəfərə yaxın adam vardı, on nəfərə qədər silahlı döyüşçülərimizdən beşi arxada, beşi isə irəlidə gedirdi. Onlar kəndə girəndə atışma səsi eşitdik və başa düşdük ki, erməni kəndinə gəlmişik. Daha geriyə yol yox idi, yaraqlı erməniər bizi mühasirəyə alıb kəndin ortasındakı meydançaya apardılar. Məlum oldu ki, bura Dəhraz kəndidir.
Sinəsində avtomat silah olan meşin pencəkli erməni komandir bizə əmr etdi ki, pul, qızıl və digər qiymətli nə varsa hamısını könüllü olaraq ortaya sərilmiş mələfənin üstünə yığaq. Əməl etməkdən başqa çarəmiz yox idi. Bundan sonra o erməni ucadan bildirdi ki, bayaqkı atışmada bir nəfər erməni yaraqlısı öldürülüb, onun əvəzinə on nəfər azərbaycanlı döyüşçü öldürülməlidir.
Belə də etdilər. Mən isə təsadüf nəticəsində sağ qaldım.
Qeyd etməliyik ki, Məmməd Nağıyevin Vətən qarşısındakı xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilib, öz peşə borcunu axıra qədər və şərəflə yerinə yetirən həkim “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Vəli İlyasov, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib