17 fevral 2020 21:11
1402

Masallıda “Xocalı qətliamı” filminin nümayişi olub

Fevralın 17-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı qətliamı” filminin nümayişi olub.

Filmin nümayişindən əvvəl keçirilən tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir: “Faciəni əks etdirən kadrlar bu dəhşətli mənzərəni seyr edənləri sarsıdır, sızladır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaqdır. Körpələrin meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağılara dönən fəryadı heç vaxt yaddaşlardan silinməyəcək.”

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Bəybala Xəlilov çıxışlarında bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalını bir gecədə darmadağın edib, şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qətliama məruz qoyub və ermənilər tərəfindən insanlara qarşı inanılmaz vəhşiliklər törədilib.

Sonra “Xocalı qətliamı” filmi nümaiş etdirilib. //AZƏRTAC