İllər keçdikcə 1990-cı il yanvarın 20-də Bakıda törədilən qırğının mənzərəsi daha aydın görünür, arxivlərdə məxfi saxlanmış bir çox həqiqətlərin üzərinə işıq düşür. Məlumdur ki, bu qırğınların ssenarisi Moskvada - Kremldə hazırlanmışdı. Ancaq bir çox gizli məlumatlar var ki, bəzilərinin üstü hələ indi açılır.
1990-cı il, 20 Yanvar qırğınından bir gün əvvəl Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri Kleyborn Pell ilə SSRİ xarici işlər naziri Eduard Şevardnadze arasında görüş keçirilib. Pell bildirib ki, Sovet rəhbərliyi “Azərbaycana Qarabağ üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir.
“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də ermənilərə zor tətbiq edilməsindən dəhşətə gəlmişəm. Sovet rəhbərliyi erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir”, - Pell ABŞ-dakı erməni diasporunun verdiyi pulla aldığı bahalı kostyumunu düzəldə-düzəldə otuz il əvvəl Şevardnadzeyə belə demişdi. Bizcə, Pellin bu sərsəmləməsinin əlavə şərhlərə ehtiyacı yoxdur.
Həmin görüşdən bir gün sonra SSRİ rəhbəri Mixail Qorbaçov “azərbaycanlılar ermənilərə divan tutur” iddiası ilə Bakıya ordu yeridib. Qorbaçov SSRİ rəhbərliyinə gətirilmiş ABŞ-ın hazırlanmış adamı idi və Vaşinqtonun “erməni sevgisi” onun timsalında təzahürünü tapırdı. Bu səbəbdən başı və əməlləri ləkəli olan bu adam Azərbaycan xalqına qənim kəsilmişdi. O, bütün məqamlarda özünü ermənilərin arzularının sədaqətli ifadəçisi kimi aparırdı.
O zaman SSRİ müdafiə naziri olmuş, Bakıdakı qırğınların birbaşa icraçısı, marşal Dmitri Yazov həmin dövrü belə xatırlayırdı: “Mən erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: “Siz Artsax haqqında danışırsınız?” Ermənilər Qarabağı “Artsax” adlandırırdılar. Ona görə də Qorbaçovun bu ifadəsi, yəni kəlməni ermənilər kimi işlətməsi onların xoşuna gəldi. Ermənilər gülümsəməyə başladılar və Qorbaçova dedilər: “Siz tarixi bilirsiniz”. Əslində, Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər. İclasda Mərkəzi Komitə Siyasi Bürosunun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdilər. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 180 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi.”
Məlum olub ki, Bakıda 20 Yanvar qırğınından üç ay sonra - martın 18-də ABŞ Konqresinin bir qrup deputatı Mixail Qorbaçova müraciət ünvanlayıb.
Konqresmenlər azərbaycanlıların 6 gün ərzində Bakıda qətllər və zorakılıqlar həyata keçirdiyini, ermənilərin əmlakını məhv etdiyini iddia edir və bundan narahat olduqlarını bildirirdilər.
Məktubda yazılırdı ki, Azərbaycana göndərilən sovet zabitləri baş verənləri vətəndaş müharibəsi kimi dəyərləndiriblər: “Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, Sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, “Qarabağ xalqına” özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”.
Göründüyü kimi, bu məktubun ermənilər tərəfindən yazıldığına heç bir şübhə ola bilməz. Erməni dəst-xətti və şarlatanlığı özünü aydın büruzə verir. SSRİ-nin müdafiə naziri Dağlıq Qarabağda azərbaycanlı əhalinin 60 faiz təşkil etdiyini göstərdiyi halda okeanın o tayındakı “amerikalılar”ın erməniləri 60 faiz kimi qeyd etmələri təəccüb doğurmur, çünki bu rəqəmləri məktubun əsl müəllifləri onlar deyil, ABŞ-dakı erməni diasporunun üzvləri idi.
Təəssüf ki, bu müraciət ABŞ-ın 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində hansı dərəcədə rol oynadığını göstərir. Azərbaycan əleyhinə işləyən ədalətsiz “907-ci düzəliş” də buradan qaynaqlanmışdı. Maraqlıdır ki, Mixail Qorbaçova ünvanlanan müraciətə imza atanlar arasında Dağlıq Qarabağın ermənilərə verilməsini Eduard Şevarnadzedən tələb edən Kleyborn Pell da var. Həmçinin senatorlar Pit Uilson, Pol Seymak, Lerri Breksler də müraciətə imza atıblar. Müraciətin altındakı imzalar arasında ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin də adı var idi. Biz bu adları yaddaşımızda saxlamalıyıq və gələcək nəsillərimizə də tanıtmalıyıq, qoy onlar xalqımızın düşmənlərimizi gec də olsa yaxşı tanısınlar.
Vəli İlyasov, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib