Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsindən 30 il ötür. Bu münasibətlə bütün idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir, hadisənin əsl mahiyyəti geniş təhlil olunur.
Yanvarın 16-da SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan SOCAR-ın «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə təsdiqlənən «20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı»nda əksini tapan tədbirlərdən bəhs edərək bildirdi ki, faciələrimizi unutmamalı, onların əsl mahiyyətini gələcək nəsillərə çatdırmalıyıq. Şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin xüsusi diqqət göstərdiyi əsas məsələlərdəndir.
F.İsmayılov bildirdi ki, 20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi: “1990-cı ilin 19-20 yanvar tarixlərində əsasən ermənilərdən ibarət Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi, günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Lakin dünya bu qətliama göz yumdu.”
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, 20 Yanvar faciəsini nə qədər böyük ürək ağrısı ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarətində yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibi olmaq Azərbaycan xalqının ən böyük arzusu olub.
V.Rəhimzadə qeyd etdi ki, həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Moskvada təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etmişdi.
Vüqar Rəhimzadə vurğuladı ki, 20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi və siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar da günahkar idilər.
YAP Siyasi Şurasının üzvü ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərək vurğuladı ki, ölkəmiz 1993-cü ildən başlayaraq inkişaf yolunda inamla irəliləyir. Son on 16 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir. Uğurlarımız müstəqilliyimizi daimi, dönməz və əbədi edir.
V.Rəhimzadə diqqətə çatdırdı ki, Azərbaycanın uğurları yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına böyük inam yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Xankəndidə, Şuşada dalğalanacağı gün uzaqda deyil.
«Neftqazelmitədqiqatlayihə» İnstitutunun böyük elmi işçisi Ceyhun Abbasov, böyük mühəndis İlham Quliyev və şöbə rəisi Maya İbrahimova çıxış edərək bildirdilər ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur. 1990-cı ilin 19-20 yanvar tarixlərində baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoydu. O qanlı-qadalı günlərdə Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Anım mərasiminə yekun vuran İnstitutun direktoru F.İsmayılov bildirdi ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib