Dövlətimizin başçısı İlham Əliyev böyük əminliklə bildirir ki, multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır
Dövlətimizin başçısı İlham Əliyev qarşıdakı illər üçün hədəfləri açıqlayarkən daim bildirir ki, milli- mənəvi, dini dəyərlər, ənənələr bundan sonra da inkişafımızın əsas istiqaməti olacaq. Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda ilk növbədə Azərbaycanın göz önünə gəlməsi də təsadüfi deyil.
Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, xalqımız vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bu məqamı da təəssüf hissi ilə qeyd edirik ki, islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir.
Çoxkonfessiyalı ölkə olaraq ölkəmizin xarici siyasətində Qərb və Avropa dövlətləri ilə yanaşı, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər əsas yer tutur. Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu təsdiqləyir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının yüksələn xətt üzrə inkişafında da onun tutduğu mövqe əhəmiyyətli rol oynayır. Qurumun sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycan müasir dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə ciddi əhəmiyyət verir. İslam Əməkdaşlıq Təşkilatının sammitlərində, Zirvə görüşlərində Azərbaycanın islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir. “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev 2017-ci ildə ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirdi. Eləcə də İslam aləmində narahatlıq doğuran hadisələr - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranının hər biri taleyüklü məsələ olmaqla həmrəyliyin, birliyin vacibliyini aktuallaşdırır. Müsəlman ölkələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirən cənab İlham Əliyev qeyd edir ki, Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olmuşdur: “Bizim üçün islam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük... Biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək.”
Əvvəldə də qeyd etdiyimiz kimi, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif mədəniyyətləri, sivilizasiyaları, dinləri bir araya gətirməklə bu rolunu daha da möhkəmləndirir. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi və ortaq nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Bu nöqteyi-nəzərdən yanaşaraq dövlətimizin başçısı İlham Əliyevin Avropa ölkələrinə, eyni zamanda, bu və ya digər ölkələrin və beynəlxalq təşkilatların rəsmilərinin Azərbaycana səfərləri çərçivəsində keçirilən görüşlərdə, imzalanan sənədlərdə də bu kimi məqamlar öz əksini tapır. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bir müddət öncə ölkəmizə səfəri zamanı aparılan müzakirələr, mətbuata bəyanatlarında əksini tapan fikirlər də Azərbaycanın beynəlxalq nüfuzuna, demokratik ölkə kimi qazandığı imicə bir daha işıq saldı. Nəzərə alaq ki, ötən il dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına rəsmi səfəri zamanı imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr, Avropa İttifaqının Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlı olduğu xüsusi qeyd edilmişdir. “Tərəfdaşlıq prioritetləri” sənədinin birinci bəndində vurğulanır ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Həmçinin sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə Belçikaya səfəri zamanı Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bəyanat vermişdir. Aİ-nin tərəfdaş ölkələrdə bütün münaqişələrin həllinə vahid yanaşması Şərq Tərəfdaşlığının Brüssel sammitində bir daha təsdiqlənmişdi. Avropa İttifaqının Şərq Tərəfdaşlığının bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Avropa İttifaqının öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edilmişdi. Bununla da qurum Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirdi. Ötən il imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndirən tərəflər sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağına əminliklərini ifadə etdilər.
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də bu fikir xüsusi qeyd olunmuşdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və investorlarından biridir.
Ölkəmizin bu uğurlarında təbii ki, siyasi islahatların rolu xüsusi qeyd edilməlidir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bəyanatlarında bu fikir öz əksini tapmışdır ki, insan haqları və azadlıqlara, o cümlədən ifadə azadlığına xüsusi diqqət yetirilir. Avropa İttifaqı hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Bu məsələlərdə tərəfdaş kimi işləməyi davam etdirməyi səmimiyyətlə arzulayırıq. D.Tusk budəfəki səfərində də Azərbaycanın demokratik inkişafına xüsusi diqqət yönəldərək bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların mövcudluğunu bildirmişdir.
Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın hər sahədə, o cümlədən demokratik islahatlar sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini belə ifadə edir: “Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik.” Dövlətimizin başçısı demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqəti yönəldərək bildirir ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir, dünyada inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun. Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan. İqtisadi tərəqqinin demokratikləşmə prosesinin sürətlənməsində nə kimi rol oynadığını Azərbaycanın bugünkü uğurlarının fonunda aydın görmək olur. 1994-cü ildən ölkədə sabitliyin, əlverişli biznes mühitinin formalaşması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi, ən əsası “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdı. “Əsrin müqaviləsi”nin imzalanmasının 23 illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması, ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi və sair kimi həm iştirakçı, həm də digər dövlətlərin iqtisadi imkanlarının artmasına yol açan uğurlarımız Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən irəli gəlir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun səfərində enerji sektorunda əldə olunan uğurların əməkdaşlığın genişlənməsində oynadığı rol xüsusi önə çəkilmişdir: “Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız... Əlbəttə ki, biz bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmamalıyıq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir.”
Azərbaycanın bu il UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də qədimliyi və müasirliyi özündə birləşdirən ölkəmizin milli-mənəvi dəyərlərimizin, tariximizin, ədəbiyyatımızın qorunması istiqamətində atdığı addımlardan, eyni zamanda, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstəkdən qaynaqlanır. Bu mühüm tədbir Azərbaycanın uğur tarixinə yeni bir səhifəni əlavə etdi. Belə ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Dövlətimizin başçısı İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına təbrikində də bildirmişdir ki, təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ilin martında diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşündə də bu məqamı xüsusi qeyd etmişdir ki, paytaxtımızın simasında Qərb və Şərq, qədimlik və müasirlik vəhdət təşkil edir: “Azərbaycan qədim tarixə, mədəniyyətə, ənənələrə malik olan ölkədir. Eyni zamanda, biz müasir, dünyaya açıq, sülhsevər, daim əməkdaşlıq və inkişaf naminə çıxış edən ölkəyik. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Əsrlər boyu Azərbaycan torpağında müxtəlif dinlərin və millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu tolerantlıq və multikulturalizm ənənələri bu gün də Azərbaycan dövlətinin siyasətində öz əksini tapır və hər bir azərbaycanlının qəlbində yaşayır.” Mehriban xanım Əliyeva, eyni zamanda, bildirmişdir ki, ölkələr və xalqlar arasında səmimi münasibətlərin formalaşmasında humanizm, xeyirxahlıq, insanlıq diplomatiyasını heç bir şey əvəz edə bilməz.
Təhlillər əsasında bu ümumiləşdirməni apara bilərik ki, tolerantlıq, multikultural dəyərlərin inkişafına davamlı töhfə vermək dövlət siyasətimizin əsasını təşkil edir. Azərbaycandan dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajlarının səsləndirilməsinə geniş imkanlar açan beynəlxalq səviyyəli tədbirlər, eyni zamanda, bu reallığa da işıq salır ki, artıq ölkələr, xalqlar, müxtəlif beynəlxalq qurumlar qarşıdurmaların, iğtişaşların dərinləşdiyi müasir dünyamızda yeganə yol əməkdaşlıqdır, mədəniyyətlərarası dialoqdur. Bu amillərin də əsası multikulturalizmə nail olmaq, onu yaşam tərzinə çevirmək ilə qoyulur. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyev böyük əminliklə qeyd edir ki, multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır.
Yeganə Əliyeva,
“İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir