27 avqust 2019 11:06
1092

Əli Kərimlini avantüraya sürükləyən bir çox səbəblər

Axı AXCP-nin hansı resursu var ki, hakimiyyət ondan qorxsun?

Azərbaycanda müxalifətin dağıdıcılıq missiyası xalq tərəfindən birmənalı olaraq pislənilir. Məhz buna görədir ki, son 26 ildə AXCP-nin və Müsavatın sosial bazası sürətlə əriyib və bu gün həmin təşkilatların partiya rəhbərlərindən və bir neçə funksionerlərindən başqa elə ciddi qüvvəsi də yoxdur. Əslində bu partiyaların kağız üzərindəki mövcudluğu əli kərimlilərə və isa qəmbərlərə ona görə lazımdır ki, xarici qrantları asanlıqla alıb asanlıqla da xərcləyə bilsinlər. Bütün hallarda dağıdıcı müxalifətin siyasi davranışları hələ də feodal düşüncəsi təsiri bağışlayır. Dövlət, millət və Vətən məfhumlarını şəxsi mənafelərinə qurban verən bu düşərgə mənsubları nəinki bəşəriliklərini, hətta milliliklərini də itiriblər.

Dağıdıcı müxalifətin daha bir avantürist və populist fəaliyyəti son günlər mətbuatın və sosial şəbəkələrin gülüş obyektinə çevrilib. Belə ki, son günlər AXCP-nin 4 üzvünün həbs olunmasına dair hay-küy qaldıran müxalifət fəalları Don Juanlığın yeni nümunəsini göstərirlər. Xüsusən AXCP üzvlərinin sosial şəbəkələrdəki  paylaşımlarında bildirilir ki, guya  hakimiyyət Əli Kərimlidən qorxduğu üçün onun rəhbərlik etdiyi partiyaya qarşı belə mövqe sərgiləyir. Əvvəla sual olunur ki,  pərən-pərən düşərək siyasi iflasın astanasında olan AXCP-nin və onun rəhbəri Əli Kərimlinin hansı resursu var ki, hakimiyyət ondan qorxsun?

Digər acı həqiqət isə odur ki, AXCP üzvləri sanki son zamanlar cinayətə daha meyilli hala gəliblər. Qəribə olsa da belə bir sual yaranır: AXCP üzvü olmaq insanlara hansısa immunitet verir ki, onlar cinayət törətməyə  daha  çox aludə olurlar? Ona görə də məhz Əli Kərimlidən soruşulmalıdır ki, o, AXCP-çilərin tez-tez həbs olunduğunu bəyan edirsə, deməli, bu partiyanın siyasi tərkibi ilə bağlı problem var. Təbii ki, kriminal elementləri partiya sıralarına qəbul edəndə nəticə də belə olmalıdır.

Ancaq bu, bir qürurverici haldır ki, Azərbaycanda hüquqi dövlət formalaşdığı üçün siyasi kimliyindən asılı olmayaraq hər kəs törətdiyi cinayətə görə layiq olduğu  cəzasını alır.

Bu da danılmaz faktdır ki, Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir, onları qanunu pozmağa məcbur edir ki, dövlət də adekvat tədbirlər görəndə bundan siyasi məqsədlər üçün istifadə etsin.

Əslində Əli Kərimlinin bütün fəaliyyəti onu göstərir ki, bu adam sadəcə özünə ciddi, ictimai faydalı bir iş tapa bilmir, onun cəmiyyətə, ailəsinə, ətrafına səmərə verəcək bir işlə məşğul olmaq bacarığı yoxdur. Bu fərsiz “lider” hər statusunda iddia edir ki, hakimiyyət onun siyasi fəaliyyətindən narahatdır, cəmiyyət barıt çəlləyini xatırladır və yaxın zamanlarda inqilab baş verə bilər. Sonuncu statusunda da eyni fikirləri təkrar edib.

Bəs Əli Kərimlinin gülünc iddialarına görə hakimiyyət niyə narahatlıq keçirməlidir? Axı o nəyə görə üç-dörd xuliqan cəbhəçinin haqlı olaraq hüquq mühafizə orqanları tərəfindən saxlanılmasından və bir də Tofiq Yaqublunun prokurorluğa dəvət edilməsindən siyasi şou düzəldir? Görünür, bütün şüurlu həyatını kompyuter arxasında keçirən və səhərdən axşama kimi “Facebook”da ictimai qıcıq yaratmağa çalışan bu adam hesab edir ki, bir neçə yaxınının onunla həmfikir olması və formalaşdırdıqları trol dəstəsinin dəstəyi ictimai narazılıqdır, inqilabi situasiyanın ərəfəsidir, hakimiyyətin çöküşünün başlanğıcıdır.

Bu boşboğazlar dəstəsi hələ 1993-cü ildən bu iddiaları səsləndirməkdədirlər və utanmadan bu gün davam edirlər. İnternet informasiya vasitələrinin mövcud olmadığı dövrlərdə qəzetlərində, indi isə sosial şəbəkələrdə hakimiyyətə gələcəklərinə dair utopik fikirlərini cəmiyyətə sırımaq istəyirlər. Ancaq cəmiyyət onların bu uydurmalarına inanmır.  Çünki saxtakarlıq onların bütün siyasi və ictimai fəaliyyətlərinin əsas qayəsidir və xalq da bu məqamı daha aydın görür.

Fakt odur ki, bunların mübarizəsi həmişə qəzet səhifəsində və sosial şəbəkələrdə olub. Onlar artıq virtual aləmlə real həyat arasında sərhədi itiriblər. Elə düşünürlər ki, sosial şəbəkədə bir neçə səviyyəsizin ağzıköpüklü ritorikası inqilabdır və hakimiyyətin məğlubiyyətini reallaşdıracaq. Təbii ki, bunlar olsa-olsa yalnız virtual məkanda qəhrəmanlıq edə bilərlər, çünki real cəmiyyət, ölkə vətəndaşları nəinki Əli Kərimlinin iddialarından, heç onun mövcudluğundan belə xəbərləri yoxdur.

Son bir neçə ildə Əli Kərimli və onun ətrafı həyata keçirilən genişmiqyaslı sosial tədbirlərə kölgə salmaq üçün hər gün bir adamın sosial problemini qabardıb ictimailəşdirməklə, imkanlı şəxslərin əmlakını müzakirəyə çıxarmaqla hakimiyyətin nüfuzuna zərbə vurmağa  çalışdılar. Ancaq bacarmadılar.

Son bir neçə həftədə isə o əndəzəni aşaraq insanları qarşıdurmaya səsləyir. Xüsusilə Əli Kərimlinin “Rusiyada aksiyalar keçirildi, bizdə də başlayacaq” çağırışları onun antimilli xislətini bir daha üzə çıxardı. Bu bir reallıqdır ki, o, siyasi iflasdan qurtulmaq üçün dəryada batan adamın saman çöpündən yapışması həyatını yaşayır. Əli Kərimli artıq nə edəcəyini bilmir.

Əli Kərimli indi sosial şəbəkələrdəki fəallığını ona görə artırmağa başlayıb ki, mövcudluğunu təsdiq etsin, yanında qalan beş üç nəfər də ətrafından qaçmasın.

Əgər bir insan iyirmi il davamlı olaraq eyni şeyi təkrar edib durursa və nəticədə heç nəyə nail ola bilmirsə, hətta davamlı olaraq geriyə gedirsə və bundan nəticə çıxarmırsa artıq onunla psixoloqlar məşğul olmalıdır.

Bu gün dağıdıcı düşərgənin fəaliyyəti çox iyrənc bir vəziyyətə gəlib çatıb. Yəni bu partiyalar demokratiyadan dəm vursalar da, əslində burada azlığın çoxluq üzərində diktaturası hökm sürür. Ona görə ki, onların liderləri partiyadaxili demokratik islahatları qəbul etmirlər. Fikir verin, Əli Kərimli 19 ildir ki, AXCP sədridir. Bu 19 ildə  onun ideologiyasında, siyasi texnologiyalarında, cəmiyyətə sivil baxışlarında   heç proqressiv dəyişiklik yoxdur. Eyni zamanda, bu da biabırçı faktdır ki, heç bir sivil cəmiyyətdə siyasi partiyaya bu qədər uzunmüddətli rəhbərlik etmirlər. Xüsusilə də bir neçə seçkidə məğlub olan partiya sədri dərhal istefa verərək ya siyasətdən, ya da partiya rəhbərliyindən uzaqlaşır.

Digər tərəfdən, dağıdıcı müxalifət partiyalarının kadr potensialı o qədər zəifdir ki, hətta onların funksionerlərini cəmiyyətin böyük qismi tanımır. Çünki dağıdıcı düşərgənin rəhbərləri cəmiyyəti cəlb edəcək alternativ proqramlarla  çıxış etmək gücündə də deyillər. Sanki onların  vəzifələri sadəcə  hakimiyyətə böhtan atmaq, cəmiyyətdə gedən prosesləri tənqid və təhdid etməkdir. Təbii ki, belə siyasətbazların fəaliyyətinin bir gün dalana dirənməsi gözlənilən idi. İndi dağıdıcı düşərgə elə bir iflas mərhələsinə çatıb ki, onları, necə deyərlər,  heç fələk də qurtara bilməz. Hətta xaricdən aldıqları çirkli pullar da bu antimilliləri xilas etmək gücündə deyil.

Bütün hallarda Azərbaycan dövləti  və onun mövcud hakimiyyəti güclüdür və Əli Kərimlinin, onun anti-Azərbaycan dairəsinin çirkli maliyyəsi ancaq stəkanda fırtına effekti yarada bilər. Ona görə ki, ölkədə xalq-iqtidar birliyi  mövcuddur və bu amil dağıdıcılara ən ağır zərbədir.

Elçin Zaman,

“İki sahil”