Dövlətimizin başçısı İlham Əliyevin yeni iqtisadi və sosial inkişaf strategiyası bu hədəflərin gerçəkləşməsinə geniş yol açır
“İnfrastrukturun inkişafına, həmçinin çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Qeyd etdiyim kimi, 260 milyard dollar həcmində investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.”
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın islahatçı, yenilikçi ölkə olduğunu, sosial-iqtisadi islahatları zamanın tələbinə uyğun olaraq təkmilləşdirdiyini beynəlxalq maliyyə qurumlarının hesabatları da təsdiqləyir. Cari ilin əvvəlində ənənəvi Davos İqtisadi Forumunun “Qloballaşma 4.0: 4-cü sənaye inqilabı dövründə yeni arxitekturanın yaradılması” devizi altında keçirilən sayca 49-cu toplantısı 2019-cu ilin prioritetlərinə işıq saldı. Qeyd olundu ki, dördüncü sənaye inqilabının özü ilə gətirdiyi çağırışlar ekologiyanın qorunması üçün tələblər, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərliklə birgə addımlayır. Bütün bu inkişaf istiqamətləri qloballaşmanın yeni erasının təməlini təşkil edir. Buna görə də yerli, milli və beynəlxalq idarəçilikdə vaxtında yeni şəraitə uyğun adekvat addımların atılması tələb olunur. Eyni zamanda, dünyada gedən sürətli dəyişikliklərlə bağlı beynəlxalq ictimaiyyət səylərini gücləndirməlidir. Bütün bu məsələlər ətrafında dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət rəhbərlərinin, həmçinin 1000-dən artıq qlobal şirkətin rəhbər şəxslərinin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdikləri toplantıda Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi nəticəsində qeyri-neft sektorunun inkişafı istiqamətində əldə etdiyi uğurlar təqdir edilmişdir. Yeni metodologiya əsasında təqdim edilən Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı inkişafın Azərbaycan modelinin təkmilləşməyə, yenilişməyə nə kimi yol açdığını əsaslı şəkildə nümayiş etdirdi. Qeyd edilən hesabatda Azərbaycan institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı sütun indikatorları üzrə yüksək nəticələr əldə edib. Ən əsası ölkəmiz dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilib.
Əvvəldə də qeyd etdiyimiz kimi, inkişafı şərtləndirən əsas amillərdən biri sosial-iqtisadi islahatların zamanın tələbinə uyğun təkmilləşməsidir. Xatırlasaq, dövlətimizin başçısı İlham Əliyev həmin Forum çərçivəsində “Ölkənizdəki neft və qaz sektorunun inkişafı iqtisadiyyatınızın yüksək səviyyəyə qaldırılmasına imkan verib və bu, Sizin baxışınız nəticəsində mümkün olub. Bu, dayanıqlı olacaqmı” sualını cavablandırarkən bildirmişdir ki, biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq. Lakin indi bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirmək və neft-qazdan asılılığımızı azaltmaqdır. Son illərdə əsasən infrastruktura sərmayə yatırmışıq. Dünya Bankının “Doing Business” reytinqində 25-ci yerdəyik.
Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında Azərbaycanın bugünkü inkişafına yol açan əsas məqamlar öz əksini tapır. Öncə sabitlik, xalq-iqtidar birliyi önə çəkilir. Digər mühüm məqam isə təbii ki, hədəflərdir. Qarşıya qoyulan məqsəd ona çatmağın yollarını da özündə əks etdirir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bir neçə il bundan öncə əsas hədəflərimizdən biri yoxsulluq və işsizliyin azaldılması idi. Buna uğurla nail olduq. Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası nəticəsində hazırda yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Son 15 ildə əhali 1,5 milyon nəfər artıb. Əhalinin artımı yeni iş yerlərinin yaradılmasının daimi proses olmasını şərtləndirir.
Azərbaycanda mövcud sabitlik, normal iqtisadi mühit ölkəyə investisiya axınını da sürətləndirir. Təkcə ötən il iqtisadiyyata 15,3 milyard dollar investisiya yatırılıb. Bunun 8,2 milyard dolları xarici investisiyardır. Cari ilin 6 ayında isə ölkə iqtisadiyyatına 6 milyard dollar investisiya qoyulub. Ümumilikdə müstəqillik illərində, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması nəticəsində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 263 milyard dollardır. Bunun da 50 faizdən çoxu xarici investisiyalardır. Ölkənin valyuta ehtiyatları 49 milyard dollara yüksəlib. Ötən il bu rəqəm 45 milyard dollar, 2019-cu ilin 6 ayında isə 4 milyard dollardır.
Dövlətimizin başçısı İlham Əliyev apreldə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumundakı çıxışı zamanı dünyanın aparıcı şirkətlərini əməkdaşlığa dəvət edərkən bildirmişdir ki, Azərbancanda bisnes mühiti dünyada ən qabaqcıl biznes mühitlərindən biridir. Bu gün Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.
Ölkəmizdə idarəetmə sistemində təkmilləşmə də uğurların əldə olunmasında açar rolunu oynayır. Əvvəldə də qeyd etdiyimiz kimi, Davos Dünya İqtisadi Forumunda səsləndirilən çağırışlardan biri hər bir ölkədə, ümumilikdə dünyada idarəetmədə yeniliklərin əldə olunmasıdır. Hər bir çağırışı yüksək səviyyədə dəyərləndirilən və bunu uğurlu addımları ilə təsdiqləyən Azərbaycanda elə ilin ilk aylarından həyata keçirilən idarəetmə sistemində təkmilləşmələr bugünkü və gələcək hədəfləri stimullaşdırdı. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin 14 yanvar 2019-cu il tarixdə ölkədə dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən bir çox qurumların birləşdirilməsi, yaxud fəaliyyət istiqamətlərinin genişləndirilməsi və sair kimi addımlar hədəflərə vaxtında və yüksək səviyyədə nail olmağı şərtləndirir.
Qeyd etdiyimiz kimi, atılan bütün addımlarda məqsəd neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirmək, ölkədə biznes mühitini daha da yaxşılaşdırmaqla yeni dostlar, əməkdaşlar qazanmaqdır. Xatırlasaq, Avropa İttifaqının ötən il keçirdiyi sorğuda iştirak etmiş şirkətlərin 66 faizdən çoxu “Azərbaycana yenidən investisiya qoyardınızmı” sualına müsbət cavab verərək, ölkəmizdəki təhlükəsizliyi, sabitliyi yüksək qiymətləndirmişdilər. O da məlumdur ki, ötən il Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə də ölkəmizin şaxələndirmə siyasəti yüksək dəyərləndirilərək, Azərbaycanla qurum, həmçinin üzv ölkələr arasında qeyri-neft sektoru sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün imkanların mövcudluğu qeyd edilmişdir.
Ölkəmizdə münbit biznes mühitinin mövcudluğu daxili sərmayələrin artan həcmindən, yeni iş yerlərinin sayının artmasından da aydın görünür. Qeyd etdiyimiz kimi, Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Ümumilikdə “Doing Buisness” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda baza rolunu oynayır. Dünya Bankının açıqladığı “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında da bildirilirdi ki, Azərbaycanda inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində dönüş yaradır. Şəffaflığın qorunması, idarəetmə sistemində təkmilləşmə beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın uğuru kimi dəyərləndirilir.
İnkişafı şərtləndirən əsas amillərdən biri dövlətimizin başçısı İlham Əliyevin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq” çağırışına uyğun olaraq səylərin artırılması və yeni hədəflərin müəyyənləşdirilməsidir. Dövlətimizin başçısı İlham Əliyev “Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur” söyləməklə yanaşı, onu da bildirir ki, ancaq mən həmişə narazı oluram: “Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır.”
Ötən illərə diqqət yetirsək, zamanın tələbinə uyğun olaraq həyata keçirilən struktur islahatların bugünkü inkişafı şərtləndirdiyini daha aydın görmək mümkündür. Yeni texnologiyaların yol açdığı müasir dövrümüzdə idarəetməni daha təkmil formada həyata keçirmək, qarşıya qoyulan hədəfə daha qısa zamanda nail olmaq inkaredilməzdir. Cənab İlham Əliyevin bu cağırışını da xatırlatmaq istərdik- Kadr hazırlığı iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırılmalıdır. 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan bir sıra məsələlər də idarəetmədə təkmilləşməyə yönələn addımlar sırasından oldu. Vitse-prezidentlik institutunun yaradılması, gənclərin idarəçilikdə təmsil olunmalarına dəstək olaraq yaş məhdudiyyətinin aradan götürülməsi və s. kimi məsələlər ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlətimizin başçısı İlham Əliyevin təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılması tələbi də kadr hazırlığının yüksək səviyyədə təşkilinə xidmət edən addımlardandır. Məlumdur ki, bu çağırışa uyğün olaraq, dövlətimizin başçısı İlham Əliyevin 29 noyabr 2011-ci tarixli Fərmanı ilə Bakı Ali Neft Məktəbi yaradıldı. Mütəxəssis hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris proqramları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir. Son 8 ildə Bakı Ali Neft Məktəbinin göstəricilərinə diqqət yetirsək, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olunduğunu görərik. SOCAR fəaliyyətində kadr hazırlığına xüsusi diqqət yetirir. Təqaüd Proqramı, həmçinin “Yay təcrübəsi”, “Yay məktəbi” kimi layihələr bu məqsədə xidmət edir. Nəzərə alaq ki, təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınan Azərbaycan bir layihənin uğurlu sonluqla başa çatması ilə yeni bir layihənin gündəmə gətirilməsinə səy göstərir. Bu layihələrin uğurlu icrası isə öz növbəsində kadr hazırlığının aktuallığını nümayiş etdirir. Ötən il TANAP-ın, “Star” neft emalı zavodunun, bu il isə “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi bir daha günümüzün bu çağırışının önəmini açıqlayır.
Neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafı hər zaman prioritetliyini saxlayır. Əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sitemində təkmilləşmə aparmaq, kadr hazırlığını sürətləndirmək mütləqdir. Əsas hədəf iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Antiinhisar tədbirlərinin gücləndirilməsi, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası, “ASAN” xidmətin fəaliyyətinin coğrafiyasının genişləndirilməsi, həmçinin “ABAD”, “DOST” mərkəzlərinin yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş yol açan mühüm addımlardandır. Ailə biznesinə asan dəstəyin göstərilməsi, hər bir ailənin istehsal etdiyi məhsullarla tanınması üçün onlara zəruri olan köməkliyin edilməsi, eyni zamanda, sosial müdafiənin gücləndirilməsinə xidmət edir. Məqsəd təbii ki, iqtisadi imkanların genişlənməsi fonunda hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına nail olmaqdır. “Doing Business 2019” hesabatında kiçik və orta sahibkarlara dəstəyə görə Azərbaycan ikinci yerdə qərarlaşıb.
Dövlətimizin başçısı İlham Əliyevin xarici səfərlərinin birində ona ünvanlanan “Bu balansı tapmaq üçün Sizdən nə tələb olunur? Biz artıq bunun müsbət və mənfi tərəflərini on illərdir ki, görmüşük. Lakin Sizə və ölkənizə ən yaxşı balansı tapmaq üçün nə lazımdır? Yeri gəlmişkən, bunu tapmaq o qədər də asan deyil. Siz bu balansa necə nail olursunuz” sualına “Daxili və iqtisadi siyasət baxımından, əlbəttə, düşünürəm ki, bizim nailiyyətlərimizdən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır. Neft bizim iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastruktura, sosial problemlərin həllinə böyük dəstək olub. Bu kimi işlərin aparılması çox düzgün idi. Biznes dairələri, investorlarla qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən biz çox yaxşı investisiya mühiti yaratdıq” cavabı iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının, ən əsası idarəetmədə təkmilləşmənin yol açdığı uğurların aydın mənzərəsini yaradır.
Yeganə Əliyeva,
“İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir