Təxminən iki yüz ildən artıqdır ki, Azərbaycan və Rusiya xalqlarının taleyi tarixi şəraitin diqtəsi ilə bir-biri ilə əlaqəlidir. Bu müddət ərzində ortaq dəyərlərin formalaşması fonunda müasir dövrdə Azərbaycan-Rusiya münasibətləri hər iki dövlətin birgə səyləri nəticəsində öz inkişafının xüsusi mərhələsinə qədəm qoyub. Azərbaycan -Rusiya münasibətlərinin getdikcə daha da yaxınlaşması təkcə ortaq tarixi dəyərlər aspektindən deyil, həm də geosiyasi müstəvidə strateji tərəfdaşlığın zəruriliyi baxımından vacibdir.
Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında, xalqların bir-birini qarşılıqlı şəkildə tanıyıb yaxınlaşmasında, mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın daha da genişləndirilməsində şəxsiyyət amili də təbii ki, ön planda yer alır. Bu baxımdan respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan -Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində müstəsna xidmətləri olan ictimai- siyasi xadimdir. Məhz buna görə də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu günlərdə imzaladığı Fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif edilib.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi öz ictimai-siyasi fəaliyyətində Rusiya ilə çoxtərəfli əlaqələrin genişlənməsinə həmişə xüsusi önəm verir.
Heydər Əliyev Fondu Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun yerli cəmiyyətə inteqrasiya etməsi istiqamətində mühüm layihələr həyata keçirib və keçirməkdədir.
Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında da Fondun mühüm xidmətləri var. Belə ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, 20 Yanvar və Xocalı faciəsi ilə bağlı hər il Rusiyada çoxsaylı tədbirlər təşkil olunur. Həmin tədbirlərdə Rusiyanın ictimai, siyasi, mədəniyyət və dövlət xadimləri iştirak edərək öz fikirlərini bölüşürlər. Hazırda Rusiya ictimaiyyətində Azərbaycan həqiqətləri ilə bağlı düzgün rəyin formalaşması Heydər Əliyev Fondunun, birbaşa sözügedən qurumun rəhbəri Mehriban Əliyevanın fəaliyyətinin mühüm bəhrəsidir. Azərbaycan mədəniyyətini Rusiyada uğurla təmsil edən Fond bununla da hər iki dövlətin və xalqın daha da yaxınlaşmasına təkan verməkdədir.
Bu məqamda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Rusiyada təhsilin dəstəklənməsi istiqamətində mühüm layihənin gerçəkləşməsini -Moskvada, Ulyanovskda və Dərbənddə məktəblərin təmirini və inşasını xatırlatmaq da yerinə düşər. Fondun fəaliyyəti bununla yekunlaşmır. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Həştərxanda knyaz Vladimirin abidəsinin ucaldılmasını, “Arzu” uşaq -əyləncə kompleksinin, eləcə də “Dostluq” adlandırılan uşaq bağçasının inşasını da misal göstərmək olar.
Fondun yardımı və təşəbbüsü ilə Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və ictimai xadimi Mirzə Fətəli Axundzadənin abidəsi ucaldılıb.
Mehriban xanım Əliyeva Birinci vitse-prezident, dövlət xadimi olaraq da Rusiya ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Vaxtaşırı Rusiyanın görkəmli ictimai-siyasi xadimləri ilə görüşlər keçirir. Son dövrlərdə Mehriban xanım Əliyeva bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri ilə görüşüb.
Onun bu ilin aprel ayında Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü də bu qəbildən olan önəmli görüşlərdən biridir. Mehriban xanım Əliyeva bu görüş zamanı Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulamış, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu qeyd etmişdi.
Xatırladaq ki, Mehriban xanım Əliyeva bundan əvvəlki dövrlərdə də Rusiya Federasiyasının nüfuzlu mükafatları ilə təltif edilib. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru olan Mehriban Əliyeva əvvəlki illərdə Rusiya Federasiyasının Həştərxan vilayətinin “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” və Müqəddəs Mələksima Knyaginya Olqa ordenlərinə layiq görülüb.
Mehriban xanım Əliyeva bu gün də həm Heydər Əliyev Fondunun rəhbəri, həm də Birinci vitse-prezident kimi səmərəli fəaliyyəti ilə sözün əsl mənasında Azərbaycanla Rusiya arasında sarsılmaz dostluq körpüsünün qurulması istiqamətində müstəsna xidmətlərini davam etdirir.
Sevinc Abdullayeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...