Heydər Əliyev yolu Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması istəyimizi reallaşdırır
Zamanın sınaqlarından çıxmış bu reallıq inkaredilməzdir ki, həyata keçirilən siyasətin nəticələri dövlətin uğurlar tarixinə çevriləndə sanki möcüzə baş verir. Azərbaycanın 26 ildən artıq müstəqillik tarixini vərəqlədikdə bu möcüzənin şahidinə çevrilirik. Müstəqilliyinin ilk illərində xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, ən əsası müstəqilliyini itirmək və dünya xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxdı.
Azərbaycan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, etibarlı tərəfdaş, beynəlxalq tədbirlər üçün ideal məkan, dünya birliyinin fəal üzvü kimi tanınır və nüfuz qazanır.
Bir məqamı da nəzərə alsaq ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam oldu, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib, bu halda müstəqillik tariximizin hər bir səhifəsinin vərəqlənməsinin nə qədər önəmli olduğu daha aydın görünər. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının əsasında dayanan bu çağırışını xüsusi qeyd etməliyik ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində keçdiyi yol təhlil edilməli, onlar indiki və gələcək nəsillərə çatdırılmalıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda ölkə Prezidenti İlham Əliyev XX əsrdə ölkəmizin iki dəfə müstəqilliyə qovuşduğunu önə çəkərək bildirmişdir ki, bu da tarixi şans idi. Sovetlər birliyinin dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başlamışdır. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. O illərdə Azərbaycan rəhbərliyində olan qüvvələrin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Digər tərəfdən, Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Dövlətimizin başçısı İlham Əliyev o illəri belə xarakterizə edir: “Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət etmişdir, onu hakimiyyətə dəvət etmişdir və nə qədər müdrik xalq olduğunu bir daha sübut etmişdir. Heydər Əliyevin hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi.”
Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə ölkəsi üçün gördüyü işlərin miqyası olduqca genişdir. Məhz onun rəhbərliyi ilə 1970-ci illərdə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaya çevrildi. Ümummilli Liderin aforizmə çevrilən “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikri onun hakimiyyətinin hər iki dövründə ölkəsi, xalqı üçün gördüyü işlərin, Azərbaycanı necə görmək istəklərinin aydın mənzərəsini yaradır. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsi kimi dəyərləndirilir. “Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır” söyləyən ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Ona görə Azərbaycan xalqı haqlı olaraq Ümummilli Lideri Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğacağını böyük inam və qətiyyətlə bildirdi. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması istiqamətində ciddi səylər göstərildi. İnsan hüquq və azadlıqlarının qorunmasını, azad mətbuatın inkişafını, çoxpartiyalı sistemin yaradılmasını, seçkilərin demokratik, azad, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün biri-birindən önəmli addımlar atıldı. Ən əsası sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ümummilli Liderin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı və bununla bütün istiqamətlərdə uğurlu addımların atılmasına geniş yol açıldı. Azərbaycanın qısa zamanda sabitlik diyarına çevrilməsi ölkəyə investisiya axınını sürətləndirdi. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirmişdir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, səylərin birləşdirilməsi olmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, eyni zamanda müqavilədən öncə Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi malik olduğumuz iqtisadi imkanların təqdimatında, dünya iqtisadi sisteminə inteqrasiyanın daha da sürətlənməsində mühüm rol oynadı. Bu günlərdə rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarındandır. “Əsrin müqaviləsi”nin 20 illiyində təməli qoyulan Cənub Qaz Dəhlizinin 4 ildən sonra rəsmi açılışı bir daha bu reallığı ortaya qoydu ki, Azərbaycan irəli sürdüyü hər bir təşəbbüsü, gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırmaq imkanındadır.
Müstəqilliyinin ilk illərində informasiya blokadasında olan Azərbaycan erməni yalanları sayəsində dünyaya “işğalçı” dövlət kimi təqdim olunmuşdu. Şübhəsiz ki, 1992-ci ildə ölkəmizə qarşı ədalətsiz 907-ci düzəlişin qəbul olunmasında da Azərbaycan haqqında məlumatsızlıq xüsusi rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi istiqamətlərdən biri məhz ölkəmiz ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Liderin hər bir xarici ölkəyə səfəri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına bir töhfə kimi dəyərləndirilirdi. 1988-ci ildə Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti faktlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Dünya erməni yalanlarını öyrənməyə, Azərbaycan həqiqətlərini daha dərindən dərk etməyə maraq göstərməyə başladı. Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, eyni zamanda, 2001-ci ilin sentyabrında ABŞ-da baş verən terror aktı ABŞ hökumətinin xarici siyasətində mühüm dəyişikliklərin baş verməsini şərtləndirdi. Belə ki, o hadisədən sonra “907-ci düzəliş”in ədalətsizliyi etiraf olundu və fəaliyyətinin bir illik dondurulması ilə bağlı qərar qəbul olundu. Artıq o zamandan həmin qərar hər il yenidən təsdiqlənir.
Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutmaqla əsl söz sahibinə çevrildi. Əvvəldə də qeyd etdiyimiz kimi, bu uğurlarda dövlətimizin müstəqil siyasəti böyük rol oynayır. Müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqil dövlət təbii ki, siyasətində müstəqil olmalıdr. Bu fikir dünyanın iri dövlətlərinin rəsmiləri tərəfindən hər zaman qeyd olunur ki, yalnız müstəqil iqtisadi siyasət yeridən dövlət müstəqil ola bilər. Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi qeyd olunur. Azərbaycanın bütün istiqamətlərdə atdığı addımlar müstəqil siyasətin təsdiqində əhəmiyyətli rol oynayır. Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin müstəqil siyasəti göz qabağındadır. Mövqeyimizin dəyişməz olduğunu ən yüksək tribunalardan bəyan edən rəsmi Bakı dünya dövlətlərini, beynəlxalq təşkilatları hadisələrin mahiyyətini düzgün qiymətləndirməyə, ədalətli mövqe nümayiş etdirməyə çağırır. Bu gün dünya haqqın, ədalətin kimin tərəfində olduğunu görür, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduqlarını bildirirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Bu günə qədər seyrçi mövqeyi ilə diqqət çəkən NATO-nun sammitlərində artıq Dağlıq Qarabağ probleminin gündəmə gətirilməsi, qəbul edilən bəyannamələrdə Ermənistanın işğalçılıq siyasətinin pislənməsi, Azərbaycanın mövqeyinin dəstəklənməsi bu reallığı ortaya qoyur ki, dünya münaqişənin ədalətli həllində maraqlıdır. Lakin ikili siyasət də inkaredilməz deyil.
Təbii ki, bir yazıda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından, bir sözlə Qurtuluşdan başlanan yolun uğurlarını əhatə etmək mümkünsüzdür. Məhz möhkəm təmələ əsaslanan siyasət bugünkü reallıqlarımızı şərtləndirir. Son 15 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın zirvələri fəth etdiyini böyük inam və qətiyyətlə bildirir. Təbii ki, bu inama əsas yaradan Azərbaycanın davamlı uğurlarıdır. İqtisadi imkanlarını artırmaqla beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirən Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən ölkə olaraq xalqlar, dövlətlər arasında körpü roluna yeni çalarlar gətirir. Qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin bugünkü səviyyəsinə, eyni zamanda malik olduqları imkanlara işıq salır. Dövlətimizin başçısı İlham Əliyevin hesabat kimi dəyərləndirdiyi bayram tədbirlərində, həmçinin Nazirlər Kabinetinin iclaslarında, bu və ya digər sahələri əhatə edən Dövlət proqramlarının icrasına həsr olunan müşavirələrdə çıxışı Azərbaycanın hər sahədə qazandığı uğurların təqdimatı olur. Eyni zamanda, qarşılıqlı səfərlərdə də bu imkanlara söykənərək, əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə bir zərurət olduğu vurğulanır. Təkcə cari ilin ötən dövründə sosial-iqtisadi göstəricilərə, həmçinin beynəlxalq nüfuzunun artmasına xidmət edən addımlara diqqət yetrsək, bu gün Azərbaycanın iqtisadi inkişafını, dünya birliyində yerini və rolunu aydın görmək mümkündür. Bir əsas məqamı da vurğulayaq ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi də təsadüfi deyil. Qərblə Şərqin qovşağında yerləşən Azərbaycanın multikultural cəmiyyətlərin formalaşmasına töhfələri davamlıdır, tolerantlıq təcrübəsi nümunədir. Ölkəmizin 2016-cı ildə ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının IV Qlobal Forumu bir daha Azərbaycanın bu mövqeyinə işıq salmışdır. Keçirilən tədbirlər bu reallığı ortaya qoyur ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunədir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu ölkənin vətəndaşı olmaqdan böyük qürur duyur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş və məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın gələcəyinə inamı daha da artırır, ölkəmiz bütün sahələrdə inamla irəliləyərək, dünya birliyində yerini və rolunu, mövqelərini möhkəmləndirir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya birliyində yerinə və roluna, eyni zamanda ədalətli mövqeyinə işıq salır. Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi dostlarının sayının artmasında, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin icrasında özünü qabarıq şəkildə büruzə verir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilərək bugünkü uğurlarımızı şərtləndirir. Artıq tarixə “Yeni əsrin müqaviləsi” daxil olub. Bu müqavilənin Azərbaycana böyük iqtisadi və siyasi dividendlər gətirəcəyi şübhəsizdir. Uğurlarımız yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurətə çevirir. Bu günümüzün əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir.
Tariximizə dirçəliş, inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illərdə qoyulan möhkəm təməl 2003-cü ildən başlanan Böyük yolun davamını daha da zənginləşdirir, möhtəşəm uğurlara yol açır. Məhz bu uğurlara söykənərək xalqın inamını və etimadını qazanan cənab İlham Əliyev 2008, 2013 və 2018-ci il prezident seçkilərində qələbələrini təmin etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ölkəmiz bu gün təşəbbüsləri gerçəkliyə çevirən, iqtisadi möcüzələr ölkəsi kimi tanınır, adı dünyanın xoşbəxt, ən islahatçı ölkələri sırasında ön yerlərdə çəkilir, inkişaf modeli təqdir olunur və öyrənilməsinin vacibliyi bildirilir. Dövlətimizin başçısı İlham Əliyevin “Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir” fikirləri Azərbaycanımızın uğurlarına və qarşıdakı illər üçün hədəflərinə bir baxışdır. Cənab İlham Əliyev bu reallığı və əminliyi də ifadə edir: “Son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək.”
Yeganə Əliyeva, “İki sahil”
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır
Diplomatik səfərə münasibət: yeni reallıqların qəbul edilməsi sülhün əsas şərtidir